Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva ilə Pekin arasında strateji tərəfdaşlıq Qərbin təzyiqlərinə baxmayaraq, tarixinin ən güclü mərhələsini yaşayır.
Editor.az xəbər verir ki, Lavrovun sözlərinə görə, Rusiya və Çin arasında münasibətlər qarşılıqlı etimada, iqtisadi əməkdaşlığa və beynəlxalq arenada koordinasiyalı fəaliyyətə əsaslanır. O qeyd edib ki, iki ölkə qlobal siyasi və iqtisadi proseslərdə daha sıx əməkdaşlıq etməyə davam edir.
Nazir vurğulayıb ki, Qərb dövlətlərinin sanksiya və siyasi təzyiq siyasəti Moskva ilə Pekinin yaxınlaşmasını daha da sürətləndirib. Onun fikrincə, tərəflər beynəlxalq təhlükəsizlik, enerji, ticarət və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirir.
Rusiya və Çin rəhbərlikləri arasında intensiv siyasi dialoqun davam etdiyi bildirilib. Lavrov əlavə edib ki, iki ölkə “çoxqütblü dünya nizamı”nın formalaşdırılması istiqamətində ortaq mövqedən çıxış edir.
Ekspertlər hesab edirlər ki, Moskva və Pekin arasında strateji tərəfdaşlığın güclənməsi beynəlxalq münasibətlər sistemində yeni geosiyasi balansın yaranmasına təsir göstərir.
//Gülnarə Abasova, Editor.az


