İranın yeni dini lideri seçilməsindən iki aydan çox vaxt keçməsinə baxmayaraq, Müctəba Xamenei hələ də ictimaiyyət qarşısına çıxmayıb. Sui-qəsd təhdidlərinə görə gizləndiyi və yaralandığı iddia olunan Xameneinin ölkəni texnologiyadan istifadə etmədən, əl ilə çatdırılan yazılı qeydlərlə idarə etdiyi bildirilir.
İranın dini lideri seçildikdən sonra Müctəba Xamenei barədə həm səhhəti, həm də harada olduğu ilə bağlı iddialar artmağa başlayıb. İran rəsmiləri son həftələrdə onun vəziyyəti barədə hissə-hissə məlumat paylaşmağa başlayıblar. Bu açıqlamaların məqsədinin həm xalqa, həm də xarici ölkələrə yeni liderin sağ olduğunu və idarəçiliyi əlində saxladığını göstərmək olduğu bildirilir.
İran Prezidenti Mesud Pezeşkiyan bu ay ilk dəfə Xamenei ilə görüşdüyünü açıqlayıb. Bundan bir neçə gün sonra isə dini liderin hərbi komanda mərkəzi olan “Hatəmül-Ənbiya” qərargahının komandiri ilə də görüş keçirdiyi bildirilib. Lakin bu açıqlamalar beynəlxalq ictimaiyyəti tam inandıra bilməyib. ABŞ kəşfiyyatı Xameneinin sağ olduğunu təsdiqləsə də, ağır yaralandığını irəli sürüb.
Xameneinin vəziyyəti necədir?
ABŞ administrasiyası Müctəba Xameneinin sol ayağından, sol əlindən və üz nahiyəsindən ağır yaralandığını iddia edib. İran tərəfi isə onun yalnız “yüngül yaralandığını” bildirib. İranın bu açıqlamalarla ayağının amputasiya olunduğu və ya üzünün ciddi zədələndiyi barədə iddiaların qarşısını almağa çalışdığı qeyd olunur.
Dini liderlik aparatının protokol rəhbəri olan din xadimi Mezaher Hüseyni bildirib ki, Xamenei atasını və həyat yoldaşını öldürən bombardman zamanı təsadüfən binanın çölündə olduğu üçün xilas olub. Hüseyni hadisəni belə təsvir edib: “Raket dəydiyi anda pilləkənlərlə yuxarı çıxırdı. Partlayış dalğası onu yerə atdı.”
Onun sözlərinə görə, Xameneinin bel nahiyəsi sağalmağa başlayıb və dizindəki problem də yaxın zamanda tam düzələcək.
Siyasi qarışıqlıq artır
İran rəsmilərinin bu dövrdə daha açıq danışmağa başladığı bildirilir. Bunun səbəbi isə həm güzəştə qarşı çıxan ultra-mühafizəkar qrupların təzyiqlərini azaltmaq, həm də ölkənin İnqilab Keşikçiləri tərəfindən idarə olunduğu iddialarını təkzib etməkdir.
Bununla yanaşı, İnqilab Keşikçilərinin İran siyasətində daha aktiv rol almağa başladığı və bəzi strategiyaları məcburi şəkildə qəbul etdirdiyi qeyd olunur. ABŞ Prezidenti Donald Tramp isə qapalı danışıqların yavaş getməsindən narazı olduğunu bildirib və İran rəhbərliyində qarışıqlıq yaşandığını iddia edib.
Son qərarı Müctəba verir
Müctəba Xamenei lider seçildikdən sonra yalnız yazılı açıqlamalar yayımlayıb. Bu vəziyyət əvvəlcə onun həyatda olub-olmaması ilə bağlı şübhələr yaradıb. İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpur isə bu həftə bildirib ki, liderin üzündə ciddi zədə yoxdur və sağlamdır.
Diplomatların sözlərinə görə, İsrailin sui-qəsd təhdidlərinə görə Xameneinin bütün kommunikasiya sistemi dəyişdirilib. Hökumət və ordu arasındakı mesajlar elektron cihazlar əvəzinə əl ilə çatdırılan qeydlərlə ötürülür.
İsrail mediasına danışan mənbələr də elektron cihazlardan istifadə etməyən Xameneinin yerinin müəyyən edilə bilmədiyini etiraf ediblər. ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, Müctəba Xamenei müharibə strategiyasının formalaşdırılmasında hələ də əsas fiqurlardan biri olaraq qalır və son qərarları yazılı şəkildə özü verir.
Musavat.com


