“28 May fəxr olunası, qürur duyulası tarixdir” – Deputatlar

04:30 | 28 May, 2019

28 May 1918-ci il tarixi müsəlman Şərqində ilk demokratik dövlətin –  Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə xarakterizə olunur. Azərbaycan Xalq Cümhuriyyətinin 101 yaşı tamam olur.

Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da, 23 ay ərzində çox böyük işlər görə bilmişdi.

Milli Məclisin deputatı, tarixçi alim Musa Qasımlı  Xalq Cümhuriyyətinin tarixdəki yeri və rolundan danışıb:

“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması  təkcə xalqımız deyil, bütövlükdə müsəlman dünyasında dünya demokratiyası üçün böyük tarixi hadisədir. Hər şeydən əvvəl 20-ci əsrdə bizim millətimiz ilk dəfə olaraq dövlət millətinə çevrildi. Müsəlman Şərqinə Cümhuriyyət, Respublika məfkurəsini və idarə üsulunu bizim millətimiz gətirdi. Cümhuriyyətin yaradılması müsəlman xalqalarının həyatında müstəsna rol oynayan bir hadisə idi. İlk növbədə ona görə ki, Azərbaycan xalqı müstəmləkə zülmü altında inləyən müsəlman xalqlarına müstəmləkəçilikdən azad olmağın yolunu göstərdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dünya demokratiyası tarixində müstəsna rol oynadı. Qadınlara seçki hüququnun verilməsi böyük tarixi əhəmiyyət daşıyırdı. Cümhuriyyət dövründə Azərbaycanda elm, təhsil, mədəniyyət sahəsində böyük işlər həyata keçirildi”.

Parlamentin digər üzvü Aydın Mirzəzadə Cümhuriyyət barədə öz fikirlərini belə ifadə edib:

“Cümhuriyyətin yaranması hesab edirəm ki, tariximizin ən parlaq səhifəsidir. Müstəqil dövlətimiz qonşu imperiyalar tərəfindən işğal edildikdən sonra xalqımız 100 il ərzində müstəqillik uğtunda mübarizə apardı. 20-ci əsrdə yaranmış tarixi şəraitdən istifadə edərək, vətənpərvər oğullar müstəqil dövləti – Azərbaycan Xalq Cümhuriyyətini yaratdılar. Cəmi 23 ay yaşamasına baxmayaraq, bu dövlət Azərbaycanı xalqının müstəqil dövlətçiliyə layiq olduğunu bir daha sübut etdi. Həmin dövrdə qəbul edilmiş bir sıra qərarlar hətta Avropa dövlətləri üçün radikal bir yenilik idi. Çox təəssüf ki, xalqımız bu müstəqilliyini uzun zaman ərzində qoruyub saxlaya bilmədi. Bu arzu uzun müddət cəmiyyətdə yaşadı və 1991-ci ildə müstəqilliyimizi bərpa edə bildik. 1993-cü ildə Ümumilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra  xalq əsl müstəqilliyini yaşamağa başladı. Bu gün cənab prezidentimizin rəhbərliyi ilə Azərbaycan özünün müstəqil dövlətçiliyini yaşadır, möhkəmləndirir, qoruyub saxlayır”.

Deputat Fazil Mustafa qeyd edib ki, Cümhuriyyətin elan olunması tariximizin ən böyük hadisəsidir. O, 28 Mayın fəxr olunası, qürur duyulası tarix olduğunu vurğulayıb:

“Bu gün bir millətin özünə şəxsiyyət qazandırması günüdür. Şəxsiyyəti olmayan millətlər çox əziyyət çəkirlər və qeyd edim ki, şəxsiyyətin tanınması təkcə mənəvi kateqoriya deyil. Şəxsiyyəti tanıtmaq üçün şəxsiyyət vəsiqəsi olmalıdır. Bu şəxsiyyəti də BMT verir. Məhəmməd Əmin Rəsulzadələr, Əlimərdan bəy Topçubaşovlar, Nəsib bəy Yusifbəylilər bizim üçün bu vəsiqəni bəxş edən nadir şəxsiyyətlərdir. Onun üçün bu dönəm bizim üçün çox vacibdir və biz bu günü çox yüksək qiymətləndirməliyik”.

Modern.az