Ərzaq məhsullarının qiyməti niyə bahalaşıb?- Ekspertdən AÇIQLAMAbackend

Ərzaq məhsullarının qiyməti niyə bahalaşıb?- Ekspertdən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin yanvar-iyul aylarına nisbətən 113 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 118,7 %, qeyri-ərzaq məhsulları üzrə 107 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 110,1 % təşkil edib.

Məlumata görə, təkcə iyulda ayında istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,5 %, ötən ilin iyul ayına nisbətən 113,7 % olub.

Ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 %, ötən ilin iyul ayına nisbətən 120,3 % təşkil edib. Ayrı-ayrı ərzaq məhsullarından daha çox artım düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, kolbasa məmulatlarının, mal, qoyun və toyuq ətinin, qatılaşdırılmış şəkərli südün, xamanın, yumurtanın, bitki yağlarının, limonun, pomidorun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, qəhvənin, mineral suların, kola içkisinin, limonadın, pivənin, azalma isə əsasən təzə balığın, bananın, gavalının, əriyin, şaftalının, qarpızın, yemişin, xiyarın, kələmin, bibərin, badımcanın, göy lobyanın, kartofun, çuğundurun, yerkökünün qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Azərbaycada illik infilyasiya 13%-ə çatıb. Bu artımın səbəbi nədir və bu qiymət bahalılığı əhalinin sosial vəziyyəti ilə uyğunlaşırmı? Hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən iqtisadçı ekspert Elşən Bağırzadə bildirib ki, statistika komitəsinin açıqlamasına görə qeyd edilən məhsul qrupunda ötən ilin müvafiq dövrləri ilə müqayisədə qiymətlər təxminən 18-20% artıb:

“Artımın səbəbi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə idxaldan əhəmiyyətli dərəcədə asılılığın olmasıdır. Bu asılılıq həm hazır məhsullar,həm də daxili istehsalın bir çox komponenti üzrə özünü göstərir. Biz bir çox məhsulu daxildə istehsal etsək də onu da nəzərə almalıyıq ki, bu məhsulların əhəmiyyətli dərəcədə idxal komponenti var. İdxal qiymətləri isə artmaqda davam edir. Ona görə çalışmaq lazımdır ki, kənd təsərrüfatı məhsullarının, ərzaq məhsullarının dəyər zənciri mümkün ölçüdə ölkə daxilində formalaşsın. Şübhəsiz ki, qiymət artımı əhalinin rifahına mənfi təsir göstərir. Daxili istehsalı gücləndirmək istiqamətində işlər intensivləşdirilməlidir, iqtisadiyyata investisiyalar artırılmalıdır, neftdən, qazdan daxil olan gəlirləri əsasən istehlaka yönəldəcəyiksə inflyasiya hər zaman aktual məsələ olaraq qalacaqdır. Bütün bunlar isə iqtisadiyyatın struktur problemləridir və qısa müddətdə həll edilə biləcək məsələlər deyil”.

Ekspertin sözlərinə görə, nəzərə almaq lazımdır ki, hökumət rəsmiləri zaman-zaman qiymət artımında sui-istifadə hallarının olmasını da önə çəkirlər: “ Mən bunu da istisna etmirəm, qiymət artımında bunun da müəyyən bir payı ola bilər. Xüsusilə, bazarda haqsız rəqabət halları varsa, bu qiymət mexanizminin də normal çalışmasının qarşısını alır və sui-istifadə hallarını artırır”.
 
//Safura Bənnayeva, Editor.az