Abituriyentlər universitet seçərkən nələrə diqqət etməlidirlər? –  VACİB tövsiyələrbackend

Abituriyentlər universitet seçərkən nələrə diqqət etməlidirlər? – VACİB tövsiyələr

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali məktəblərə qəbul imtahanlarının nəticələrinin açıqlanması ilə abituriyentlər və onların valideynləri üçün növbəti mühüm mərhələ – ixtisas seçimi prosesi başlayır. Gənclərin qarşısında duran əsas məsələlərdən biri yalnız ali məktəbə qəbul olmaq deyil, həm də gələcək karyera perspektivlərini, əmək bazarının tələblərini və seçəcəkləri ixtisasın perspektivlərini nəzərə alaraq düzgün qərar verməkdir. Xüsusilə əmək bazarında baş verən sürətli dəyişikliklər, texnologiyanın inkişafı və süni intellektin müxtəlif sahələrə təsiri ixtisas seçiminə yanaşmanı daha da aktuallaşdırır.

Maraqlıdır, bəs bu prosesdə abituriyentlər hansı meyarları əsas götürməli, Azərbaycan universitetləri arasında seçim edərkən nələrə diqqət yetirməlidirlər?

Təhsil eksperti Elçin Əfəndi Editor.az-a açıqlamasında bildirib ki, artıq qarşıda bizi ali təhsil müəssisələrinə qəbul marafonunun final mərhələsi gözləyir və hazırda tələbə adı qazanmaq üçün gənclər həyəcanla prosesin başlanmasını gözləyirlər:

“Təbii ki, bu mövzuda düzgün ixtisas və universitet seçimi vacibdir. Bunun üçün də yaxşı olar ki, vətəndaşlarımız sahə üzrə ən azı 15-20 illik təcrübəsi olan mütəxəssislərə müraciət etsinlər, əmək bazarını araşdırsınlar və əmək bazarında daha çox tələbat olan ixtisasların hansılar olduğunu müəyyənləşdirərək sırf həmin ixtisaslara üstünlük versinlər.

Təbii ki, bizim bəzi universitetlərimiz var ki, həmin universitetlərdə, xüsusilə dövlət və özəl universitetlərdə təhsil almaq mümkündür. Məsələn, dövlət universitetlərindən Bakı Ali Neft Məktəbi, ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, həmçinin Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, özəl universitetlər arasında isə Xəzər Universiteti və s kimi ali məktəblər var ki, həmin universitetlərdə təhsil almaq onların gələcək karyera imkanlarına, o cümlədən keyfiyyətli təhsil almalarına müsbət təsir göstərə bilər.

Qaldı ki ixtisaslara, bununla bağlı isə təbii ki, ixtisaslar əsasən IT yönümlü sahələrdir, iqtisadi sahələrdir, səhiyyə yönümlü ixtisaslardır, pedaqoji ixtisaslardır, bəzi tərcümə yönümlü ixtisaslardır ki, bu ixtisaslara əmək bazarında daha çox tələbat var. Gənclər bu sahələrdə təhsil alarlarsa, təbii ki, onların gələcək karyera imkanları daha yaxşı ola bilər.

Seçim edərkən də təbii ki, diqqətli olmalıdırlar. İlk növbədə çalışmalıdırlar ki, dövlət sifarişli ixtisaslara qəbul ola bilsinlər. İkinci növbədə, universitetin və ixtisasın ölkəmiz üçün nə dərəcədə əhəmiyyətli olduğuna, yaxud xaricdə təhsil almaq niyyətləri varsa, həmin universitetlərin xaricdə tanınması məsələsinə diqqət yetirməlidirlər. İllik təhsil haqqına, əgər ödənişli əsaslarla qəbul olurlarsa, bunu qarşılamaq imkanlarına diqqət yetirməlidirlər ki, həmin ödənişi ödəyə bilirlər, yoxsa yox. Yəni bütün bu amillər seçim zamanı diqqətə alınacaq əsas vacib elementlərdir”.

Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov Editor.az-a açıqlamasında tələbə adı qazanan bütün gəncləri təbrik etdiyini bildirib:

“Onların valideynlərini də təbrik edirəm. Çünki bu uğur yalnız gənclərimizin uğuru deyil, eyni zamanda onların valideynlərinin də uğurudur. Çünki bu adı qazanmaq üçün onlar birgə çalışaraq hədəfə doğru getdilər və bu adı qazandılar.

Bilirsiniz ki, ölkə başçısı tərəfindən təhsil sahəsinə böyük diqqət ayrılır. Bu gün Azərbaycanda beynəlxalq standartlara cavab verən ali təhsil ocaqları fəaliyyət göstərir və düşünürəm ki, gənclərimiz seçdikləri ixtisas üzrə gözəl elm əldə edəcəklər, keyfiyyətli təhsil alacaqlar və onların gələcək həyatında seçdikləri ixtisas üzrə fəaliyyətlərini daha da geniş şəkildə həyata keçirmələri üçün əldə etdikləri bu təhsil və elm onlara kömək edəcək.

Əsas odur ki, tövsiyəm budur: seçdikləri ixtisas ürəklərinə yatan ixtisas olsun, sənətlərini sevsinlər. Hər bir insan, hər bir vətəndaş öz işini sevməlidir. Əgər bunu sevəcəklərsə, həmin işi həyata keçirmək daha maraqlı olacaq və daha çox uğur əldə edə biləcəklər.

Və düşünürəm ki, gənclərimizin əldə etdikləri bu biliklər onların gələcək karyerasında da böyük önəm daşıyacaq”.

 “Azxeber.com” informasiya portalının direktoru Əfsələddin Ağalarov Editor.az -a bildirib ki, ali məktəblərə qəbul imtahanları başa çatdıqdan sonra əsas mövzulardan biri, təbii ki, ixtisas seçimidir:

 

“İxtisas seçimi, düşünürəm ki, Azərbaycan universitetlərində ənənəvi ixtisaslar üzərində qurulur. Yəni abituriyentlər daha çox bu günə qədər eşitdikləri, bildikləri ixtisaslar üzrə təhsil almağa çalışırlar.

Ancaq zaman və dövrün tələbləri, yeni iqtisadi reallıqlar onu göstərir ki, dünyada hazırda mövcud olan bir çox ixtisaslar rentabelli deyil və əmək bazarında onların heç bir qarşılığı yoxdur. Bu baxımdan gənclərə, xüsusilə burada düşünürəm ki, valideynlər tərəfindən, bəlkə də hər hansı bir özəl şirkət və ya özəl kurs tərəfindən ixtisas seçiminin düzgün aparılması ilə bağlı təlimlər keçirilməlidir ki, həmin gənc, həmin abituriyent gələcəkdə universiteti bitirdikdən sonra işsizliklə qarşılaşmasın.

Çünki bu gün bilirsiniz ki, süni intellektin inkişaf etməsi artıq ənənəvi bir çox ixtisasların tarixə qovuşması ilə nəticələnir. Xüsusən burada nəqliyyat sektoruna aid olan ixtisaslar var ki, onları artıq süni intellekt əvəz edir. Və yaxud da hansısa icraedici və ya məlumatlandırıcı ixtisaslar var ki, onları da süni intellekt əvəzləyir. Bu baxımdan ümumi götürdükdə, artıq həmin ixtisaslar üzrə təhsil alan gənclər daha sonra işsizliklə qarşılaşırlar.

Bunu nəzərə alaraq, son dövrlərdə, bilirsiniz ki, eyni zamanda informasiya texnologiyalarının inkişaf etməsi IT sahəsinə olan marağın da ciddi şəkildə artmasına səbəb olub. Təkcə süni intellekt deyil, süni intellektə paralel olaraq IT sahəsinin də inkişaf etdirilməsi, həmin sahədə yeni startap layihələrinin həyata keçirilməsi üçün kadr potensialının artırılmasına ehtiyac var”.

Onun sözlərinə görə, bu gün xüsusən regionda Azərbaycan startap layihələrinin həyata keçirilməsi istiqamətində yeni imkanların yarandığını görür və bu istiqamətdə addımlar atılmağa çalışılır:

“Xüsusən biznes startaplarının həyata keçirilməsi, kənd təsərrüfatı istiqamətində startapların reallaşdırılması çox önəmlidir. Eyni zamanda, süni intellekt sahəsində startap layihələrinin həyata keçirilməsi də birbaşa IT sahəsində təhsil alan tələbələr üçün əhəmiyyətlidir.

Mən düşünürəm ki, gənclər xüsusən bu sahəyə diqqət etməlidirlər, ənənəvi ixtisas seçimlərindən uzaqlaşmalı, dünyanın yeni çağırışlarına ayaq uydurmalı və məhz dünyanın inkişaf istiqamətini müəyyən edən ixtisaslara üstünlük verməlidirlər ki, gələcəkdə əmək bazarında onların fəaliyyətinin bir qarşılığı olsun”.

Mətbuat Şurasının İdarə heyətinin üzvü Hacıbəy Heydərli isə açıqlamasında qeyd edib ki, ixtisas seçimi gənclərin həyatında verilən ən vacib qərarlardan biridir:

 

“Mən hesab edirəm ki, seçim zamanı ilk növbədə dəbdə olan peşələrə deyil, insanın bacarığına, marağına və gələcək əmək bazarının tələblərinə diqqət yetirilməlidir.

Universitet seçərkən tədrisin keyfiyyəti, müəllim heyəti, beynəlxalq əlaqələr, tələbələrin təcrübə və iş imkanları, məzunların əmək bazarındakı uğurları əsas meyarlardan olmalıdır. Sadəcə diplom verən deyil, tələbəyə bilik, düşüncə tərzi və peşəkar bacarıq qazandıran ali təhsil müəssisəsini seçmək daha doğrudur.

İxtisas baxımından isə informasiya texnologiyaları, süni intellekt, kibertəhlükəsizlik, proqramlaşdırma, mühəndislik, tibb, maliyyə, hüquq, logistika, data analitikası və rəqəmsal kommunikasiya kimi sahələrin gələcəkdə də yüksək tələbat görəcəyini düşünürəm.

Eyni zamanda, media və kommunikasiya sahəsini seçən gənclər də rəqəmsal texnologiyaları, xarici dilləri və süni intellekt alətlərini mütləq mənimsəməlidirlər.

Ən vacib tövsiyəm isə budur ki, gənclər seçimlərini başqalarının istəyi ilə deyil, öz potensiallarını düzgün qiymətləndirərək etsinlər. Düzgün seçilmiş ixtisas gələcək uğurun, peşəkar inkişafın və şəxsi məmnunluğun əsas təməlidir”.

 

//Gülnarə Abasova, Editor.az