“ABŞ İrana təzyiqi artırır, amma müharibə ehtimalı yüksək deyil”- AÇIQLAMAbackend

“ABŞ İrana təzyiqi artırır, amma müharibə ehtimalı yüksək deyil”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-İran münasibətlərində son günlər müşahidə olunan gərginlik diplomatik prosesin gələcəyi ilə bağlı qeyri-müəyyənliyi daha da artırıb. Tərəflərin sərt bəyanatları və qarşılıqlı təzyiq elementləri fonunda vasitəçilərin danışıqları bərpa etmək cəhdləri davam etsə də, prosesin hansı istiqamətdə inkişaf edəcəyi hələ də açıq qalır. Mövcud şərait göstərir ki, tərəflərin atdığı addımlar təkcə diplomatik deyil, həm də strateji və taktiki məqsədlərə xidmət edir. Bu baxımdan, yaxın perspektivdə danışıqların taleyi daha çox tərəflərin siyasi iradəsindən və regionda təhlükəsizlik mühitinin necə dəyişəcəyindən asılı olacaq.

Siyasi analitik Cavanşir Abbaslı Editor.az-a açıqlamasında bildirib ki, son günlər ABŞ ilə İran arasında yenidən bərpa olunmuş danışıqlar prosesində ciddi çətinliklər müşahidə olunur:

 

“Hər iki tərəf əvvəlcədən razılaşdırılmış bəzi məsələlərdən geri çəkilir və bu da qarşıdurmanın yenidən alovlanması təəssüratı yaradır. Xüsusilə ABŞ-ın son addımları daha sərt və radikal xarakter daşıyır. İran ərazisinə endirilən zərbələr də bunun açıq göstəricisidir.

İyunun 11-dən başlayan Futbol üzrə Dünya Çempionatı zamanı İran millisinə münasibətdə ABŞ administrasiyasının, xüsusən də Donald Trampın sərgilədiyi mövqe də siyasi gərginliyin idman müstəvisinə daşındığını göstərir. Əslində, indiyədək dünya çempionatları tarixində görünməyən addımlar atılıb. İran millisinin ABŞ-də keçirilən hər iki oyuna saatlar qalmış ölkəyə buraxılması və qarşılaşma başa çatan kimi dərhal Meksikaya qayıtmağa məcbur edilməsi idmanın ümumi prinsiplərinə uyğun gəlməyən qərar idi.

Rəsmi Tehran bu məsələyə dövlət səviyyəsində sərt reaksiya verməsə də, narazılıq futbolçuların açıqlamalarında və davranışlarında açıq şəkildə hiss olunur. Bu cür addımlar pərdəarxasında onsuzda gərgin olan münasibətləri daha da kəskinləşdirən amillərdən biridir.

Bununla belə, hesab etmirəm ki, hazırkı gərginlik hərbi əməliyyatların yenidən başlaması ilə nəticələnəcək. Daha çox görünən odur ki, ABŞ danışıqlar masasında üstün mövqe əldə etmək üçün İrana əlavə siyasi və psixoloji təzyiq göstərməyə çalışır. Vaşinqton əvvəlki hərbi əməliyyatlar zamanı qarşıya qoyduğu bütün məqsədlərə tam nail olmadığını anlayır və bu səbəbdən diplomatik müstəvidə üstünlük qazanmağa cəhd edir”.

C. Abbaslı bildirib ki, son günlər müşahidə olunan sərt ritorika və addımlar daha çox danışıqlarda mövqeləri gücləndirməyə hesablanıb: “Buna görə də yaxın perspektivdə genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanacağını real hesab etmirəm. Proseslərin əsasən diplomatik müstəvidə davam edəcəyi daha inandırıcı görünür”.

 

//Gülnarə Abasova, Editor.az