Aliment Fondunun yaradılması yenidən gündəmdə: Bir çox məqamlara aydınlıq GƏTİRİLDİbackend

Aliment Fondunun yaradılması yenidən gündəmdə: Bir çox məqamlara aydınlıq GƏTİRİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;

Azərbaycanda Aliment Fondunun yaradılması təşəbbüsü zaman-zaman ciddi müzakirə mövzusu olub. Bu istiqamətdə təkliflər  cəmiyyət tərəfindən müsbət qarşılansa da, reallaşdırılmasına dair addımlar atılmayıb. Buna baxmayaraq, Fondun yaradılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə vətəndaş cəmiyyəti institutlarının Aliment Fondunun yaradılması ilə bağlı paylaşımları diqqət çəkir.

Aliment Fondunun yaradılması ilə bağlı təşəbbüs qrupunun rəhbəri ,Gənclər üçün Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Fəxrəddin Həsənzadə mövzu ilə bağlı Editor.az-a açıqlamasında bir neçə məqama aydınlıq gətirib:

“Hesab edirəm ki , bu gün Aliment Fondunun yaradılması  sosial baxımdan həssas qrupdan olan uşaqların və onların himayəsində olduqları şəxslərin həyatında müsbət dəyişikliyə səbəb olacaq. Reallıqda etiraf etməliyik ki , tərəflərin boşanması zamanı əksər hallarda övlad ananın himayəsində qalır. Beləliklə, bu məqamda qadın və övladı artıq bütün problemlər qarşısında baş-başa qalırlar. Ən yaxşı halda ailəsi tərəfindən dəstəklənən qadın bu durumda digər qadınlardan daha şanslı sayılır. Əks halda sosial çətinliklər ilə yanaşı ,mental dəyərlər fonunda psixoloji basqıdan yaxa qurtarmaq başqa bir problem mövzusudur”.

F. Həsənzadə təcrübələrinə əsaslanaraq vurğulayıb ki, təyin olunan alimentlərin məsuliyyət hökmü elə məhkəmə salonlarında da qalır və ən yaxşı halda bir il problemsiz ,gecikməsiz məbləğlər vaxtında ödənilir:

“Sonrakı mərhələdə alimentin davamlılığı ya ödəyən tərəfin vicdanından, ya övladın himayəsində olduğu tərəfin öz hüquqlarının arxasınca gedərək tələbkarlıq bacarığından və ya kütləvi sayda eyni məzmunlu müraciətlərin hədəfi olan  icraatçıdan asılıdır. Uzun illər BMT-nin Uşaq Fondunun “Uşaqlar üçün Yuvenal Ədliyyə” layihəsinin rəhbəri və onlarla eyni məzmunlu məhkəmədə aliment huquqlarının təmin olunması iddialarında maraqlı tərəf qismində iştirakçı kimi deyə bilərəm ki ,bu sahədə ədalətli mexanizmin yaradılması vacib amildir.Belə ki kifayət qədər imkanı mülki ,maşını hər bir şəraiti olan valideynlər bütün sadalanan əmlakların öz adlarında olmadığını və onlara məxsus olmadığını ,heç bir yerdə çalışmadıqlarını əsas gətirərək alimentin ödənilməsindən imtina edirlər. Lakin təklif olunan Aliment Fondu mexanizmi çərçivəsində Dövlət bu alimenti uşağa verərək onun ümdə maraqlarını təmin edir və məsuliyyətli tərəfi dövlətin pulunu geri qaytarmağa dəvət edir. Daha sonrakı mərhələdə həmin şəxsin işsiz olduğu üzə çıxarsa, onları ictimai işlərə cəlb edərək borc öhdəliyinin aradan qalxması təmin edilir. Bütün sadalananlardan imtina edən şəxs isə məsuliyyətə cəlb olunmalıdır. Burada vacib məqam dövlətin öz gələcəyi saydığı övladlarına sahib çıxması və valideynlərin övlad qarşısında məsuliyyətli olmalarına çağırış etməkdir”.

Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva Editor.az-a Aliment Fondunun yaradılmasının aktuallığından danışıb:

“Çox yaxşı olardı ki, ailələrimiz hər zaman bütöv olsun, dağılmasın. Uşaqlar yarımçıq ailələrdə böyüməsin və aliment mübahisələrinə də ehtiyac yaranmasın. Amma təəssüf ki, son illər ölkəmizdə boşanan ailələrin sayı artır. Rəsmi statistikaya baxsaq, ötən il boşanma hallarının sayı 17.5 faiz artıb. Bu, ciddi rəqəmdir və bu prosesdən daha çox zərər çəkən uşaqlardır. Təcrübə göstərir ki, boşanma zamanı əksər hallarda uşaqlar anaları ilə qalır və atalar övladları üçün aliment ödəməkdən imtina edir, məhkəmə qərarının icrasına əməl etmirlər. Uşağına aliment verməkdən yayınmaq üçün maaşını az yazdıran, övladından imtina edən, hətta ölkəni tərk edən dırnaqarası “ata”lar var. Unudurlar ki, onlar ər-arvad olaraq boşansalar da valideyn kimi öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə sahibdirlər”.

Aynur Musayeva vurğulayıb ki, Ailə Məcəlləsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar:

” Bu, qanunun, həm də insanlığın tələbidir. Aliment uşağın haqqıdır, onun saxlanması üçün olan tələbdir. Ona görə də aliment mütləq şəkildə ödənilməlidir. Təbii ki, Azərbaycan qanunlarına əsasən bu məsələdə ədalətli qərarlar çıxarılır, aliment ödəməkdən yayınan belə valideynlər inzibati və ya cinayət məsuliyyətinə cəlb edilirlər. Amma düşünürəm ki, övladları qarşısında məsuliyyətini dərk etməyən belə ataların islah olunması da çətin məsələdir. Boşanan kimi sanki azadlıq qazanan belə şəxslər övladlarını, onların gələcəyini görməzdən gəlməməlidir, uşaqlarını tək ananın himayəsinə buraxıb onları çətinliklərlə üz-üzə qoymamalıdır. Uşaqlara belə münasibət yolverilməzdir. Son olaraq həyatını xüsusi qayğıya ehtiyacı olan övladının şəxsi inkişafına həsr edən, onun cəmiyyətə inteqrasiyası üçün illərlə mübarizə aparan və uğurlu nəticəyə nail olan bir ana kimi valideynlərə müraciət edirəm: Övlad dünyaya gətirən valideyn onun sağlam və sevgi ilə böyüməsi, maddi ehtiyaclarının qarşılanması, şəxsi inkişafı, təhsili, şəxsiyyət kimi cəmiyyətdə yer tutması üçün məsuliyyət daşıyır. Bu məsuliyyətdən yayınmayın. Ər-arvad olaraq bir yerdə yaşamasanız da övladınıza, adınızın qarşısında olan “valideyn” statusunun müqəddəsliyinə hörmət edin! İnanıram ki, uğurlu və vacib nüanslara toxunaraq, layihənin gerçəkləşməsinə nail olmaq mümkündür”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.