Astana görüşünün əsas məqsədi nədir?-ŞƏRHbackend

Astana görüşünün əsas məqsədi nədir?-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Praqada Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirildikdən sonra Rusiya da təşəbbüsləri ələ almağa çalışır”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, Astanada Xarici İşlər Nazirliyi səviyyəsində keçirilmiş görüşdə də regional məsələlər müzakirə mövzusu idi: “ Burada artıq Rusiya Cənubi Qafqaza xüsusi diqqət ayırdığını da nümayiş etdirir. Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıq şəkildə bildirdi ki,  Avropa İttifaqının mülki missiyasının Ermənistan ərazisində yerləşdirilməsi sülhə töhfə vermir və Rusiya tərəfi bunu narahatlıqla qarşılayır. Çünki Ermənistanın atdığı addımlar regional təhlükəsizlik nöqteyi-nəzərindən çox qarışıq mənzərə formalaşdırır. Çünki Ermənistanın Türkiyə və İranla sərhədlərini Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları qoruyur. Eyni zamanda, Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvüdür. Ermənistanın Gümrü şəhərində Rusiyanın hərbi dairəsinin ikinci bazası yerləşir. Belə olan halda regiona yeni geosiyasi oyunçunu cəlb etmək və onların mülki missiyasının iştirakçılığını təmin etmək regional qüvvələr balansını da pozur”.

İ.Hüseynov qeyd edir ki, Rusiya baş verən hadisələri hazırda kənardan izləyir:

“ Əsas diqqəti Ukrayna cəbhəsindədir. Rusiya-Ukrayna müharibəsi Moskvanın əsas prioritetləri sırasındadır.
Cənubi Qafqazda baş verən proseslər də onu göstərir ki, Avropa İttifaqı burada daha çox təşəbbüsləri ələ almağa çalışır. Təkcə onu demək kifayətdir ki, Rusiya-Ukrayna müharibəsi başlayanda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında 4 görüş keçirilmiş, onlardan 3-ü Brüsseldə, 1-i isə Praqada  təşkil olunmuşdur. Avropa İttifaqının prezidenti Şarl Mişel də çoxsaylı təşəbbüsləri ilə can atır ki, regional təhlükəsizlik təmin olunsun. Lakin burada Fransanın və ABŞ-ın da intensivləşdiyini görürük. Fransa tərəfi qəti şəkildə Ermənistanı dəstəklədiyini bildirir. Bu da qəbulolunmazdır. Fransa erməniləri himayə etməklə Makronun öz istəklərini yerinə yetirməsi fonunda Cənubi Qafqazda yeni gərginliyin yaradılmasına xidmət edən addımlar atır. Rəsmi Paris də Vətən müharibəsində qalib çıxan regional güclü faktor olan Azərbaycanın mövqeyi ilə hesablaşmalıdır”.
 
//Safura Bənnayeva, Editor.az