Ali təhsilli şəxslər üçün hərbi xidmət müddətinin azaldılması ilə bağlı müzakirələr aktuallaşıb və bu məsələ həm cəmiyyətdə, həm də ekspertlər arasında fərqli yanaşmalar doğurur. Əsas sual isə ondan ibarətdir ki, belə bir modelin tətbiqi nə dərəcədə realdır və bu dəyişiklik ordunun hazırlıq səviyyəsinə, eləcə də kadr təminatına necə təsir göstərə bilər.
Məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, o, ali təhsilli şəxslər üçün hərbi xidmət müddətinin azaldılmasının tərəfdarlarından biridir.
“Hesab edirəm ki, bu kateqoriyaya daxil olan şəxslər hərbi xidmətə başladıqdan sonra bir il ərzində öz ixtisaslarına dair bilik və vərdişlərinin bir qismini itirə bilirlər və bu, arzuolunan hal deyil. Ali təhsilli şəxslər də digər hərbi qulluqçular kimi onlara həvalə olunan vəzifələri yerinə yetirirlər. Buna görə də burada imtiyaz və ya xüsusi güzəşt məsələsindən daha çox sistemin effektivliyi müzakirə olunmalıdır. Mənim fikrimcə, bu müddət azaldılmalıdır. Hətta xidmət müddətinin bir il deyil, daha qısa, doqquz ay, altı ay, hətta bəzi hallarda üç ay olması da mümkündür. Çünki Azərbaycanda çağırış potensialı kifayət qədər yüksəkdir və ümumilikdə peşəkar ordu modelinə keçid istiqamətində addımların sürətləndirilməsi vacibdir. Bu yanaşmanı onunla əsaslandırıram ki, hər bir xalqın gücü onun savadlı kadrları ilə ölçülür. Azərbaycanda da elmə və təhsilə yönəlmiş kifayət qədər gənc var. Lakin uzunmüddətli hərbi xidmət bəzi hallarda onların peşəkar inkişafında fasilə və motivasiya azalmasına səbəb ola bilər. Ona görə də xidmət müddətinin azaldılması daha məqsədəuyğun görünür”.
Ekspert bildirib ki, həm ictimaiyyət, həm də rəsmi dairələr hərbi xidmət mövzusunu müzakirə etsələr də, alternativ xidmət məsələsi kifayət qədər gündəmə gətirilmir.
“Halbuki bu istiqamətdə qanunvericilik mövcuddur və vaxtilə hazırlanıb, sadəcə müəyyən tarixi səbəblərə görə tam tətbiq olunmayıb. Bu gün həmin alternativ xidmət mexanizminin də tətbiqi və genişləndirilməsi vacibdir. Müxtəlif sosial və peşə sahələrində xidmət imkanlarının yaradılması daha balanslı yanaşma ola bilər. Bəzi arqumentlər, xüsusilə regional təhlükəsizlik və gərginliklə bağlı səbəblər xidmət müddətinin azaldılmamasını əsaslandırmaq üçün istifadə olunsa da, mən hesab edirəm ki, bu yanaşma hər zaman həlledici olmur. Ali təhsilli şəxslərin xidmət müddətinin azaldılması ordunun döyüş qabiliyyətinə və ya kadr təminatına ciddi mənfi təsir göstərməz”.
Onun sözlərinə görə, Azərbaycanda kifayət qədər hərbi təhsil müəssisələri və hazırlıq sistemləri mövcuddur.
“Hər kəs öz peşə seçiminə uyğun olaraq ya hərbi sahəyə, ya da digər ixtisaslara yönələ bilir. Ümumilikdə yanaşmam ondan ibarətdir ki, ali təhsilli şəxslər üçün hərbi xidmət müddətinin azaldılması həm sosial, həm də peşəkar baxımdan daha düzgün addım ola bilər. Bu prosesin gecikdirilmədən, daha balanslı şəkildə həyata keçirilməsi məqsədəuyğundur”.
Demokrat.az

