Azərbaycanda iqtisad elmi və iqtisadi təhsilin durumu necədir?backend

Azərbaycanda iqtisad elmi və iqtisadi təhsilin durumu necədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin milli maraqlarımıza söykənən effektiv iqtisadi siyasəti Azərbaycana çox böyük rəqabət üstünlükləri gətirməkdədir. Bu siyasət Azərbaycan iqtisadiyyatının dayanıqlılığının qorunmasına şərait yaradır. Xarici iqtisadi təsirlərin günbəgün artdığı şəraitdə iqtisadi dayanıqlılığın qorunması olduqca vacibdir. Ölkə Prezidentinin bilavasitə rəhbərliyi ilə həyata keçirilən adekvat siyasət nəticəsində bunun şahidi oluruq.

Bütün bunların fonunda Azərbaycanda iqtisad elmi və iqtisadi təhsilin vəziyyəti adekvat deyil və sözsüz ki, bu iqtisadçıları narahat etməyə bilməz.

İqtisad elmi və iqtisadi təhsil ölkədə həyata keçirilən iqtisadi siyasətə öz töhfəsini verməli, metodoloji bazanın hazırlanmasında iştirak etməli, hökumətin iqtisadi blokuna müvafiq nəzəri əsaslar təqdim etməlidir. Ekspertlər iddia edir ki, bu istiqamətdə çox böyük boşluqlar var. Tədris proqramlarından tutmuş ədəbiyyat siyahısına qədər bu boşluqlar göz önündədir.

Odlar Yurdu Universitetinin kafedra müdiri, professor Elşad Məmmədov deyir ki, ölkə başçısı tərəfindən 2014-2015-ci illər “Sənaye” və “Kənd təsərrüfatı” illəri elan olunub: Ancaq Azərbaycanda iqtisadi təhsilin flaqmanı olmalı olan İqtisad Universitetində isə kənd təsərrüfatı və sənaye üzrə ixtisaslaşmış kafedralar ləğv edilir. Əlavə dəyərin sənaye və kənd təssərüfatı olmadan yaradılması mümkündürmü? İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft, qeyri-xammal sektorunun inkişafı müvafiq elmi-nəzəri metodoloji bazanın ali məktəblərdə generasiyası olmadan dayanıqlılığı mümkündürmü?  Bəs iqtisadi təhsil və iqtisad elmi öz tətbiq effektini aidiyyatı dövlət qurumlarına necə təqdim edəcək?”.

E. Məmmədov dünya iqtisadiyyatı ixtisasının bakalavr səviyyəsində ləğvindən də söz açıb:

“Halbuki doktorantura və dissertanturaya qəbulda bu ixtisas var. Bakalavr pilləsində tədris olunmayan ixtisas üzrə doktorant və dissertant necə yetişdirilə bilər? Eyni zamanda, dünya iqtisadiyyatı ixtisası ləğv olunanda  beynəlxalq ticarət və logistika ixtisası yaradıldı. Məgər dünya iqtisadiyyatı beynəlxalq ticarət və logistikadan ibarətdir? Beynəlxalq, transsərhəd kapital hərəkəti tədqiq edilmədən dünya iqtisadiyyatındakı prosesləri öyrənmək mümkün deyil. İqtisadi təhsillə bağlı bu boşluqlar ciddi suallar doğurur. Təəssüflər olsun ki, bu istiqamətdə geniş fikir mübadilələri aparılmır. Zənnimcə məntiqsiz yanaşmalar irəli sürülür. Məsələn universitet müəlliminin hansısa beynəlxalq bazalara daxil olan jurnalda məqaləsinin çap olunması ilə onun hazırlıq səviyyəsi ölçülür. Araşdırmaq lazımdır ki, bu məqalələri yerləşdirən müəllimlərin apardıqları tədqiqatlar barədə ölkə daxilində hər hansı bir ictimai və dövlət qurumları məlumatlıdırmı? Həmin müəllimlərin təklifləri loqal miyqasda belə araşdırılıbmı?”.

İqtisadçı ekspert onu da qeyd edib ki, Azərbaycanda iqtisad elminin inkişafı və iqtisadi ideyaların, iqtisadi siyasətlə bağlı təkliflərin generasiyası Azərbaycan Dövlət İqtisad Universitetində irəli sürülməli idi:

“Ancaq  bu istiqamətdə ölkə və dünya iqtisadiyyatında baş verən çox mürəkkəb məzmunlu proseslərlə bağlı son illər ərzində İqtisad Universitetinin generasiya etdiyi hər hansı bir təhlil məzmunlu materiala rast gəlmədim. Gündəlik olaraq müvafiq qurumlarla, mətbuatla bu istiqamətdə ekspert kimi fikirlər irəli sürürəm. Ancaq İqtisad Universiteti bununla bağlı heç bir təşəbbüs göstərmir. Bu məsələlər hansısa elmi müzakirələr vasitəsilə yeni təkliflərin irəli sürülməsi ilə nəticələnməlidir. Ancaq hansısa tədbirlərin keçirilməsi, fotoların çəkilməsi ilə iqtisad elmini inkişaf etdirmək mümkün deyil. Reallıq budur ki, ölkənin iqtisadi blokuna, bank sektoruna, ölkədə fəaliyyət göstərən aidiyyatı dövlət qurumlarına iqtisad elminin təkliflərini irəli sürməliyik. Ölkə iqtisadiyyatının inkişafının təmin edilməsi üçün ən mühüm istiqamətdə kafedralar formalaşdırılmalı, elmi nəzəri bazanı yaratmalıyıq. Belə olmadıqda çox təəssüf ki, ölkəmizdə dayanıqlı şəkildə iqtisadi elmin və təhsilin inkişafından danışmaq olmaz. Hesab edirəm ki, bundan sonra iqtisad elmi və iqtisadi təhsil Ölkə Prezidenti tərəfindən həyata keçirilən siyasətlə adekvatlıq təşkil edəcək”.

//Gülnarə Abasova, Editor.az