“Prezident İlham Əliyevin ŞƏT+ formatında keçirilən sammitdə iştirak etmək üçün Qırğızıstana səfəri, ilk növbədə, Azərbaycan-Qırğızıstan münasibətlərinin yüksək səviyyəsini nümayiş etdirir. Xüsusilə nəzərə almaq lazımdır ki, dövlət başçımız bundan cəmi bir ay əvvəl Qırğızıstanda rəsmi dövlət səfərində olub. Həmin səfər zamanı iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən çoxsaylı sənədlər imzalanıb”.
Bunu Editor.az -a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Millət vəkili bildirib ki, səfərin ən mühüm nəticələrindən biri Azərbaycan ilə Qırğızıstan arasında qarşılıqlı fəaliyyət və müttəfiqlik münasibətləri haqqında sənədin imzalanmasıdır:
“Bu sənəd iki ölkə arasındakı münasibətlərdə keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub. Məhz buna görə də Prezident İlham Əliyevin Bişkekdə keçirilən ŞƏT+ sammitindəki çıxışında Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsini xüsusi vurğulaması təsadüfi deyil. Bu, Azərbaycanın Qırğızıstanla münasibətlərə verdiyi yüksək siyasi əhəmiyyətin göstəricisidir.
Ümumiyyətlə, son illərdə Azərbaycan-Mərkəzi Asiya münasibətləri yeni dinamika qazanıb. Azərbaycan artıq Mərkəzi Asiya ölkələri ilə ikitərəfli əlaqələri inkişaf etdirməklə kifayətlənmir, həm də bu ölkələri Avropa bazarlarına və dünya iqtisadiyyatına bağlayan mühüm nəqliyyat və enerji layihələrinin həyata keçirilməsində fəal iştirak edir.
Burada xüsusilə Orta Dəhlizin əhəmiyyətini qeyd etmək lazımdır. Azərbaycan üzərindən keçən bu nəqliyyat marşrutu Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa arasında yeni, daha təhlükəsiz və səmərəli bağlantı imkanları yaradır. Azərbaycanın bu prosesdə rolu yalnız tranzit ölkə olmaqla məhdudlaşmır. Ölkəmiz Xəzər üzərindən Mərkəzi Asiya ilə Qərb arasında əlaqələrin təmin edilməsində mühüm logistika mərkəzinə çevrilir.
Eyni zamanda, Xəzər dənizinin dibi ilə çəkilən optik kabel layihəsi və enerji sahəsində həyata keçirilən “yaşıl dəhliz” təşəbbüsləri də Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında bağlantı imkanlarını genişləndirən mühüm layihələrdir. Bu layihələr dost və qardaş Mərkəzi Asiya dövlətlərinin Avropa ilə daha sıx iqtisadi və enerji əlaqələri qurmasına imkan yaradır.
Bu baxımdan Azərbaycan-Qırğızıstan əməkdaşlığının perspektivləri kifayət qədər genişdir. Qırğızıstanın Orta Dəhliz üzərindən Azərbaycan və daha sonra Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsi iki ölkə arasında nəqliyyat və logistika əməkdaşlığını daha da gücləndirə bilər.
Bundan əlavə, əməkdaşlıq yalnız nəqliyyat sahəsi ilə məhdudlaşmır. Ticarət, investisiya, kənd təsərrüfatı, enerji, rəqəmsal texnologiyalar, turizm, təhsil və humanitar əlaqələr üzrə də yeni imkanlar mövcuddur. Azərbaycan və Qırğızıstan arasında siyasi münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi digər sahələrdə əməkdaşlığın daha sistemli şəkildə inkişaf etdirilməsi üçün əlverişli siyasi baza yaradır”.
A. Badamov vurğulayıb ki, Prezident İlham Əliyevin Bişkek səfərinin əsas nəticələrindən biri də Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında bağlantı yaradan ölkə kimi mövqeyinin daha da möhkəmlənməsidir:
“Bu gün Azərbaycan ŞƏT ölkələri üçün mühüm nəqliyyat və logistika qovşaqlarından birinə çevrilir. Ona görə də Qırğızıstanla və digər Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin dərinləşdirilməsi Azərbaycanın həm geosiyasi, həm də geoiqtisadi maraqlarına tam cavab verir.
Ən əsası isə odur ki, Azərbaycan-Qırğızıstan münasibətləri artıq sadəcə dostluq və qardaşlıq münasibətləri səviyyəsində deyil. Bu münasibətlər konkret siyasi sənədlər, iqtisadi layihələr və qarşılıqlı maraqlar üzərində qurulan müttəfiqlik münasibətlərinə çevrilir.
Mən düşünürəm ki, qarşıdakı dövrdə Azərbaycan-Qırğızıstan əlaqələrinin daha da dərinləşməsi təkcə iki ölkənin deyil, bütövlükdə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əməkdaşlığın inkişafına ciddi töhfə verəcək. Bu isə Azərbaycanın regional bağlantı mərkəzi kimi rolunu daha da gücləndirəcək”.
//Gülnarə Abasova, Editor.az

