ABŞ-ın Cənubi Karolina ştatında yaşayan Darryl Parker şəxsi kolleksiyasındakı corabların sayını 2 min cütə çatdıraraq Ginnesin Rekordlar Kitabına düşmək istəyir.
Editor.az xəbər verir ki, keçmiş yanğınsöndürən və feldşer olan Parkerin sözlərinə görə, onun kolleksiyasında artıq 2 mindən çox cüt corab var.
Onun corab toplamaq həvəsi adi bir hədiyyədən sonra başlayıb. Parkerə əvvəlcə Atalar Günü münasibətilə corab hədiyyə edilib. Daha sonra ailə üzvləri ad günləri, ildönümləri və digər xüsusi günlərdə ona yeni corablar almağa başlayıblar. Beləliklə, kolleksiya illər ərzində sürətlə böyüyüb.
Hobbisini dünya rekorduna çevirmək ideyasını isə Parkerə həyat yoldaşı və nəvələri verib. Bundan sonra o, Ginnesin Rekordlar Kitabının tələblərini araşdıraraq kolleksiyasını daha da genişləndirməyə başlayıb.
Hazırda corab kolleksiyası üzrə rəsmi dünya rekordu Jim Donovan-a məxsusdur. 2025-ci ildə onun 1 531 unikal cüt corabdan ibarət kolleksiyası rekord kimi təsdiqlənib.
Parker isə artıq bu göstəricini keçdiyini bildirir. Bununla belə, o, kolleksiyasını genişləndirmək niyyətindədir. Amerikalı ilin sonunadək corab toplamağa davam edəcək və daha sonra rekordun rəsmi təsdiqlənməsi üçün müraciət etməyi planlaşdırır.
Parkerin kolleksiyasının bir hissəsi isə gələcəkdə xeyriyyə məqsədilə istifadə olunacaq. O, yerli sakinlərin bağışladığı corabları rekord təsdiqləndikdən sonra sığınacaqlara vermək niyyətindədir.
Maraqlıdır ki, Parker əvvəllər də qeyri-adi rekord müəyyənləşdirib. O, başıaşağı vəziyyətdə eyni vaxtda 33 halqanı fırladaraq dünya rekorduna imza atıb.
//Gülnarə Abasova, Editor.az

