Böyük Britaniya sakini Qari Cekson 6 yaşlı oğlu Harriyə donor olmaq üçün 40 kiloqram arıqlayıb. Ata oğlunun həyatını xilas etmək məqsədilə olduqca nadir həyata keçirilən ikili orqan transplantasiyasında iştirak edib.
Editor.az bu barədə LADbible-ye istinadla yazıb.
Harri anadangəlmə bağırsaq malrotasiyası — bağırsağın inkişafı zamanı yaranan pozuntu ilə dünyaya gəlib. Xəstəlik səbəbindən uşaq uzun müddət venadaxili qidalanmaya ehtiyac duyub. Nəticədə onun qaraciyərində ciddi zədələnmə yaranıb və həkimlər uşağa eyni vaxtda iki orqanın köçürülməsinin lazım olduğunu bildiriblər.
Həm Qari, həm də uşağın anası donor uyğunluğu üçün müayinədən keçirilib. Nəticədə Qari oğluna təxminən 98 faiz uyğun donor olub.
Lakin əməliyyatın həyata keçirilməsi üçün ata bir neçə ay ərzində ciddi hazırlıq keçməli olub. O, xüsusi pəhrizə riayət edib, alkoqoldan tamamilə imtina edib və çəkisini əhəmiyyətli dərəcədə azaldıb.
Əməliyyat Londondakı King’s College Hospital-da keçirilib və təxminən 17 saat davam edib. Həkimlər Qari Ceksonun qaraciyərinin təxminən 20 faizini və təqribən 1,5 metr nazik bağırsağını götürərək oğluna köçürüblər.
Mütəxəssislərin sözlərinə görə, bu cür transplantasiya olduqca nadir hallarda həyata keçirilir. Harri canlı donordan belə ikili transplantasiya keçirən dünyada təxminən 10 uşaqdan biri hesab olunur.
Atanın əməliyyatdan sonra bərpası təxminən altı həftə çəkib. Qari Cekson isə keçdiyi bütün çətinliklərin oğlunun sağlamlığı naminə buna dəyər olduğunu deyib.
“Harri’nin daha sağlam və güclü olduğunu görmək sözlə ifadə edilə bilməz. Ona kömək etmək imkanımın olması həyatımın ən böyük imtiyazıdır”, — deyə ata bildirib.
//Gülnarə Abasova, Editor.az

