Azərbaycan və Qırğızıstan arasında son illərdə siyasi dialoqun intensivləşməsi, qarşılıqlı səfərlərin artması və müxtəlif regional platformalarda əməkdaşlığın genişlənməsi ikitərəfli münasibətlərin yeni mərhələyə keçdiyini göstərir. Prezident İlham Əliyevin Bişkek səfəri də bu münasibətlərin strateji xarakterinin möhkəmləndirilməsi və mövcud əməkdaşlıq istiqamətlərinin daha da inkişaf etdirilməsi baxımından diqqət çəkir. Səfər çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr Azərbaycan üçün Mərkəzi Asiya ilə əlaqələrin dərinləşdirilməsi, Qırğızıstanla qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi və Türk dünyasında inteqrasiya proseslərinin gücləndirilməsi baxımından mühüm siyasi mesajlar verir.
Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycan Prezidentinin Bişkek səfəri Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında iştirakı ilə bağlı idi:
“Burada bir sıra liderlərlə ikitərəfli işgüzar görüşlər də keçirildi. Əlbəttə ki, bu səfərdən öncə də Azərbaycan Prezidentinin Bişkek səfəri olmuşdu, daha doğrusu, Qırğızıstana, İssık-Kulun Çolpon-Ata şəhərində Mərkəzi Asiya dövlət başçıları və Azərbaycan liderlərinin görüşü keçirilmişdi. Bu görüşlər zamanı, əlbəttə, Qırğızıstan Prezidenti ilə də görüş keçirilib və Azərbaycan-Qırğızıstan arasında münasibətlər artıq müttəfiqlik münasibətləri səviyyəsinə qədər yüksəlib.
Son dövrlər Azərbaycanın Orta Asiya Türk Cümhuriyyətləri ilə münasibətlərində intensiv bir dinamikanın, inkişafın şahidi olmaqdayıq. Əlbəttə ki, bu səfərlər işgüzar xarakter daşısa da, Azərbaycan-Qırğızıstan münasibətlərinə müsbət mənada töhfə verən münasibətlərdir. Bizim münasibətlərimizin nəticəsində son illər ticarət dövriyyəsi bir neçə dəfə artıb və əlaqələr intensivləşib. Və eyni zamanda, biz həm də Qırğızıstanla Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq edirik. Əlbəttə ki, Prezidentin son bu səfəri, Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafına müsbət təkan verəcək səfərlərdən biri hesab oluna bilər”.
// Gülnarə Abasova, Editor.az

