Yaşlanma xərçəngin inkişafında əsas risk faktoru hesab olunur. Alimlər xəbərdarlıq edirlər ki, dünyada insanların orta ömür müddətinin artması onkoloji xəstəliklərin sayının da yüksəlməsinə səbəb ola bilər.
Britaniya Kolumbiyası Universiteti və Toronto Universitetinin tədqiqatçıları xərçəng riskinin yaş artdıqca əhəmiyyətli dərəcədə yüksəldiyini bildiriblər.
Editor.az xəbər verir ki, alimlərin fikirləri The Independent tərəfindən yayımlanıb.
Alimlərin sözlərinə görə, yaşlanma prosesində orqanizmin hüceyrələrində DNT zədələnmələri və digər pozuntular toplanır. Eyni zamanda hüceyrələrin bölünməsinə nəzarət edən mexanizmlərin effektivliyi tədricən azalır. Toxumaların özünü bərpa etmək və zədələnmiş hüceyrələri aradan qaldırmaq qabiliyyətinin zəifləməsi də xərçəng hüceyrələrinin yaranması ehtimalını artırır.
Mütəxəssislər qeyd edirlər ki, yaş yalnız xəstəliyin yaranma ehtimalına deyil, müalicənin orqanizm tərəfindən necə qəbul edilməsinə də təsir göstərir. Yaşlı insanlarda yanaşı xəstəliklər, fiziki aktivliyin azalması və digər sağlamlıq problemləri daha çox müşahidə olunur. Bu amillər kimyaterapiya, şüa terapiyası və cərrahi müdaxilənin fayda və risk balansına təsir göstərə bilər.
Tədqiqatçılar hesab edirlər ki, dünya əhalisinin yaşlanması onkoloji yardım sisteminin də dəyişdirilməsini zəruri edir. Onların fikrincə, bütün xəstələrə eyni müalicə yanaşmasının tətbiqi yaşlı pasiyentlər üçün hər zaman effektiv olmaya bilər.
Mütəxəssislər yaşlı xəstələrin müalicəsi zamanı yalnız ömür müddətinin uzadılmasının deyil, həyat keyfiyyətinin qorunmasının da nəzərə alınmasının vacibliyini vurğulayırlar.
//Gülnarə Abasova, Editor.az

