Bakıda sürücülərin qarşılaşdığı problemlərdən biri də avtomobillərin parklanması ilə bağlıdır. Paytaxtda parklanma sisteminin rəqəmsallaşdırılması və ödənişlərin əsasən mobil telefon vasitəsilə həyata keçirilməsi prosesi müəyyən mənada asanlaşdırsa da, bəzi hallarda sürücülər üçün əlavə çətinliklər yaradır.
Məsələn, mobil telefonun sönməsi, internetin və ya balansın olmaması, tətbiqdə texniki nasazlığın yaranması və digər səbəblər sürücünün parklanmanı vaxtında sistemdə rəsmiləşdirməsinə mane ola bilər. Belə vəziyyətdə sürücü parklanma haqqını ödəmək niyyətində olsa da, texniki imkanın olmaması səbəbindən bunu həyata keçirə bilmir. Nəticədə isə parklanma qaydalarının pozulmasına görə cərimə ilə üzləşə bilər.

Burada əsas sual yaranır: sürücü ödəniş etmək istəyirsə, lakin mobil telefon və ya internetlə bağlı texniki problem yaşayırsa, onun alternativ ödəniş imkanı niyə olmasın?
Məsələ ondadır ki, mobil rabitə, internet və smartfon imkanları hər bir vətəndaş üçün parklanmanın rəsmiləşdirilməsində yeganə vasitəyə çevrilməməlidir. Sürücüyə parklanma haqqını ödəmək üçün alternativ və əlçatan üsullar təqdim olunması daha məqsədəuyğun görünür. Məsələn, müəyyən ərazilərdə parkomat və ya ödəniş terminalları quraşdırıla bilər. Bank kartının birbaşa terminala toxundurulması ilə parklanmanın başladılması, yaxud parklanma məntəqəsinin kodunun daxil edilməsi ilə ödənişin həyata keçirilməsi mümkün ola bilər.
Bu baxımdan sual açıq qalır: niyə belə alternativlər yaradılmır? Parkomat və terminallardan ödəniş sistemi niyə tətbiq edilmir?
Nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, parklanma sistemi ilə bağlı müxtəlif fikirlər səsləndirilsə də, müasir dövrün tələblərinə uyğun olaraq yeni addımların atılması vacibdir. Ekspert parklanma sistemində aparılan islahatların müsbət nəticələrini də qeyd edib: “Hazırda parklanma sahəsində aparılan islahatlar ciddi dönüş yaradıb. Artıq boş parklanma yerləri tapmaq mümkündür. Əvvəllər sürücülər avtomobili səhərdən axşamadək saxlayır, qeyri-qanuni çalışan şəxslərə simvolik olaraq 20-50 qəpik ödəyir və həmin yeri bütün gün məşğul edirdilər. İndi isə ödənişli sistem olduğu üçün avtomobili daha tez ərazidən çıxarmağa məcburdurlar. Bu, məsələnin müsbət tərəfidir”.

Yasin Mustafayev sistemin müəyyən çatışmazlığının da olduğunu vurğulayıb. Onun sözlərinə görə, parklanmanı rəsmiləşdirmək üçün internet bağlantısı, internet olmadıqda isə SMS göndərmək üçün mobil telefon tələb olunur. Ekspert hesab edir ki, belə problemlərlə çox nadir hallarda qarşılaşılır: “Çünki avtomobil idarə edən şəxsin telefonunun olmaması demək olar ki, mümkünsüzdür”.
Nəqliyyat eksperti Eldəniz Cəfərov isə hesab edir ki, bütün parklanma ərazilərində parkomat və ya ödəniş terminallarının quraşdırılması müəyyən çətinliklər yarada bilər. Onun sözlərinə görə, bunun üçün həmin ərazilərdə enerji təminatı və digər zəruri infrastruktur yaradılmalıdır. “Hazırda ölkəmizdə parklanma sistemi əsasən nağdsız ödəniş prinsipi üzərində qurulub. Bu da hesabatlılığın və şəffaflığın təmin olunması baxımından vacibdir. Ödənişləri mobil tətbiq vasitəsilə qeydiyyatdan keçərək və ya SMS göndərərək rahatlıqla həyata keçirmək mümkündür”, – deyə ekspert bildirib.

Eldəniz Cəfərov qeyd edib ki, alternativ ödəniş imkanlarının yaradılması yalnız bir qurumun fəaliyyəti ilə məhdudlaşmır: “Burada məsələ tək bir qurumun fəaliyyəti ilə məhdudlaşmır. Prosesi bir neçə qurumun birgə əməkdaşlığı və koordinasiyalı fəaliyyəti ilə həyata keçirmək mümkündür”.
Əslində, parklanma sisteminin rəqəmsallaşdırılmasının əsas məqsədi sürücünün işini asanlaşdırmaq, ödənişi şəffaflaşdırmaq və parklanma yerlərinin daha səmərəli idarə olunmasını təmin etməkdir. Bu baxımdan mobil tətbiq və SMS ödənişi müasir və əlverişli həllərdir. Lakin istənilən rəqəmsal sistemdə texniki nasazlıq, internet və mobil rabitə problemi istisna edilə bilməz. Bu səbəbdən də vətəndaşın ödəniş etmək niyyətinin texniki səbəbdən reallaşmaması avtomatik olaraq onun cərimələnməsi ilə nəticələnməməlidir. Ən azı alternativ ödəniş mexanizmlərinin mövcudluğu belə hallarda sürücülərin narazılığını əhəmiyyətli dərəcədə azalda bilər.
Musavat.com

