Ayrılıqdan sonra keçmiş sevgili haqqında düşünmək uzun müddət davam edə bilər. Lakin psixoloqlar hesab edirlər ki, əsas məsələ bu düşüncələrin insanın gələcək münasibətlərinə təsir göstərməsinə imkan verməməkdir.
Editor.az xəbər verir ki, psixoloq Larisa Karavaytseva ayrılıqdan sonra keçmiş partnyorla bağlı xatirələrin insanın psixoloji vəziyyətinə təsirindən danışıb.
Mütəxəssisin sözlərinə görə, keçmiş münasibətlərin təsir müddəti bir sıra amillərdən, o cümlədən münasibətin xarakterindən, tərəflər arasında emosional bağlılığın səviyyəsindən, ayrılığın necə baş verməsindən, eləcə də insanın hazırkı psixoloji vəziyyətindən asılıdır.
Karavaytseva qeyd edib ki, insanlar bəzən keçmiş partnyorları üçün deyil, həmin münasibətdə olduqları dövrdə özlərini necə hiss etdikləri üçün darıxırlar. Onun fikrincə, insan keçmiş münasibət zamanı qazandığı xüsusiyyətləri və vərdişləri yalnız həmin partnyorla əlaqələndirməməlidir.
“Bəzən biz keçmiş sevgilimiz üçün deyil, onun yanında olduğumuz özümüz üçün darıxırıq”, – deyə psixoloq bildirib.
Mütəxəssis hesab edir ki, insan münasibət zamanı özündə formalaşan xüsusiyyətlərin əslində onun şəxsiyyətinin bir hissəsi olduğunu anlamalıdır. Məsələn, müəyyən musiqi janrını sevmək, hansısa fəaliyyətlə məşğul olmaq və ya yeni bacarıqlar qazanmaq yalnız keçmiş partnyorun təsiri ilə izah edilməməlidir. İnsan bunları öz həyatının bir hissəsi kimi qəbul etdikdə keçmiş münasibətə bağlılıq da tədricən zəifləyə bilər.
Psixoloq yeni münasibətlər zamanı keçmiş sevgilinin müqayisə meyarına çevrilməsinin də problem yarada biləcəyini vurğulayıb. Belə hallarda yeni partnyorun davranışları əvvəlki münasibətdəki təcrübə ilə müqayisə edilir və nəticədə yeni münasibətin öz xüsusiyyətləri lazımi şəkildə qiymətləndirilmir.
Karavaytsevanın sözlərinə görə, “keçmiş sevgilimdən yaxşısı yoxdur” düşüncəsi insanın hələ də emosional bağlılıq yaşadığını göstərə bilər. Bununla belə, keçmiş partnyorla normal münasibətlərin və ya dostluğun qorunması avtomatik olaraq həmin şəxsə qarşı romantik hisslərin davam etdiyini göstərmir.
Mütəxəssis qeyd edib ki, uzunmüddətli və emosional baxımdan əhəmiyyətli münasibətlərdən sonra keçmiş partnyorun insanın düşüncələrində müəyyən müddət qalması normaldır. Əsas məsələ keçmiş münasibəti yeni münasibətlərin qiymətləndirilməsi üçün əsas meyara çevirməməkdir.
Psixoloqun fikrincə, ayrılıqdan sonra məqsəd keçmişi zorla unutmaq deyil. Daha vacib olan həmin münasibətdən əldə edilən təcrübəni qəbul etmək, öz şəxsiyyətinin itirildiyini düşünməmək və gələcək münasibətlərə keçmişin yaratdığı gözləntilərlə deyil, yeni insanın fərdi xüsusiyyətlərini nəzərə alaraq yanaşmaqdır.
//Gülnarə Abasova, Editor.az

