Alimlərdən uşaqlarda yaxıngörmə ilə bağlı ümidverici kəşf: İndiqo işıq miyopiyanın qarşısını ala bilərbackend

Alimlərdən uşaqlarda yaxıngörmə ilə bağlı ümidverici kəşf: İndiqo işıq miyopiyanın qarşısını ala bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlər uşaqlarda yaxıngörmənin (miyopiyanın) inkişafının qarşısını almaq üçün yeni yanaşma təklif ediblər. Araşdırmanın nəticələrinə görə, müəyyən dalğa uzunluğuna malik mavi-bənövşəyi, yaxud indiqo rəngli işıq miyopiyanın inkişafını ləngidə bilər.

Editor.az xəbər verir ki, tədqiqatın nəticələri “Cell Reports Medicine” jurnalında dərc olunub. Alimlər 419–446 nanometr dalğa uzunluğundakı indiqo işığın təsirini tupayalar üzərində araşdırıblar. Bu heyvanların gözlərinin quruluşu və optik xüsusiyyətləri insan gözünə müəyyən qədər bənzəyir.

Təcrübələr zamanı indiqo işığına məruz qalan heyvanlarda miyopiyanın inkişaf etmədiyi müşahidə olunub. Tədqiqatçılar hesab edirlər ki, əldə edilən nəticələr işıqlandırmanın görmə sisteminə təsiri və miyopiyanın qarşısının alınması ilə bağlı yeni imkanlar yarada bilər.

Miyopiya hazırda dünyada ən geniş yayılmış görmə problemlərindən biridir və xüsusilə uşaqlar arasında sürətlə artır. Mövcud proqnozlara əsasən, 2050-ci ilə qədər dünya əhalisinin təxminən yarısında, yəni 5 milyarda yaxın insanda yaxıngörmənin müşahidə olunacağı gözlənilir.

Alimlərin əvvəlki araşdırmalarında da bənövşəyi işığın müəyyən dalğa uzunluqlarının miyopiyanın inkişafına təsiri öyrənilib. Lakin yeni tədqiqat zamanı daha qısa dalğa uzunluğundakı işığın gözün təbii quruluşu səbəbindən lazımi səviyyədə gözün daxilinə çatmaya biləcəyi müəyyənləşdirilib. İndiqo diapazonunun isə bu baxımdan daha perspektivli olduğu bildirilir.

Tədqiqatçılar növbəti mərhələdə xüsusi işıqlandırma sistemlərini uşaq bağçalarında sınaqdan keçirməyi planlaşdırırlar. Bu mərhələdə adi işıqlandırma ilə indiqo komponenti gücləndirilmiş işıqlandırmanın uşaqlarda miyopiyanın inkişafına təsiri müqayisə ediləcək.

Bununla belə, alimlər hazırkı nəticələrin insanlar üzərində təsdiqlənmədiyini vurğulayırlar. Buna görə də xüsusi indiqo işıqlandırmasından istifadəni uşaqlarda miyopiyanın profilaktikası üçün tibbi tövsiyə kimi qəbul etmək hələ tezdir. Yanaşmanın effektivliyi və təhlükəsizliyi insanlar üzərində aparılacaq gələcək klinik tədqiqatlardan sonra müəyyən edilə bilər.

Araşdırma müsbət nəticələrlə təsdiqlənərsə, məktəb və uşaq bağçalarında işıqlandırma sistemlərinin dəyişdirilməsi uşaqlarda yaxıngörmənin qarşısının alınması üçün nisbətən sadə və geniş tətbiq oluna bilən üsullardan birinə çevrilə bilər.

//Gülnarə Abasova, Editor.az