Peru İranla diplomatik münasibətləri kəsdibackend

Peru İranla diplomatik münasibətləri kəsdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Peru hökuməti İranla diplomatik münasibətlərin kəsilməsi barədə qərar qəbul edib. Lima bu addımı Tehranın siyasəti, Hörmüz boğazında beynəlxalq gəmiçiliyə tətbiq edilən məhdudiyyətlər, Yaxın Şərqdə gərginliyin artırılması, eləcə də İranda demokratik prinsiplərin vəziyyəti ilə bağlı narahatlıqları ilə əsaslandırıb.

Editor.az xəbər verir ki, Peru Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, İranla diplomatik münasibətlərin dayandırılması ölkənin sülhə sadiqliyi, beynəlxalq hüquqa hörmət və demokratik dəyərlərin müdafiəsi prinsiplərinə əsaslanır.

Peru hökuməti İranın Hörmüz boğazında beynəlxalq dəniz ticarətinə ciddi məhdudiyyətlər tətbiq etməsindən narahatlığını ifadə edib. Lima hesab edir ki, bu cür məhdudiyyətlər beynəlxalq gəmiçilik və dəniz yollarından sərbəst keçid prinsiplərinə ziddir. Peru tərəfi həmçinin yaranmış vəziyyətin enerji qiymətlərinə və qlobal təchizat zəncirlərinin sabitliyinə mənfi təsir göstərə biləcəyini vurğulayıb.

Açıqlamada İranda demokratik dəyərlərin vəziyyətinin pisləşməsi ilə bağlı narahatlıqlar da öz əksini tapıb. Peru hökuməti dinc nümayişlərin yatırılması, mətbuat azadlığının məhdudlaşdırılması, qadın və qızlara qarşı ayrı-seçkilik, həmçinin siyasi müxaliflərə təzyiqlərlə bağlı narahatlığını bildirib.

Lima eyni zamanda İranı Yaxın Şərqdə zorakılığın və münaqişələrin eskalasiyasını təşviq etməkdə ittiham edib. Peru hökuməti hesab edir ki, bölgədə gərginliyin artması beynəlxalq təhlükəsizlik və sabitlik üçün ciddi risklər yaradır.

//Gülnarə Abasova, Editor.az