Benzinlə sudan sonra qaz və işıqda da qiymət artımı gözlənilən idi- İqtisadçı ekspertbackend

Benzinlə sudan sonra qaz və işıqda da qiymət artımı gözlənilən idi- İqtisadçı ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tarif (qiymət) Şurası tərəfindən ölkədə Aİ-92 markalı benzin ilə dizel yanacağı bu ilin yanvarında bahalaşdırıldıqdan və fevralın 1-dən də suyun tarifi artırıldıqdan sonra ilin ortasında qazın və işığın da qiymətlərinə baxılacağı gözlənilən idi. Bu, belə də oldu. Lakin, sonuncu qiymət artımları ilin əvvəlindəki qiymət artımları ilə müqayisədə az təsirli əhəmiyyətə malikdir”.

Bu sözləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

Onun sözlərinə görə, sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi dəyişdirilməyib və hazırkı 20 qəpik məbləğində saxlanılıb:

“Elektrik enerjisi üzrə artıma yol verməmək üçün elektrik stansiyalarına verilən təbii qazın tarifi cəmi 1 qəpik artırılıb, yəni 12 qəpikdən 13 qəpiyə dəyişdirilib. Əhali üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün isə tarif dəyişdirilməyib və hazırkı 1 kub metr üçün 10 qəpik səviyyəsində saxlanılıb. “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən əksinə, 13 qəpiyə endirilib. Yəni bir növ qiymətlərə redaktə edilib.Bu da təbiidir”.

Ekspert qeyd edib ki, ilin əvvəlindəki qiymət artımları inflasiyaya çox təsir etdi. İstehlak bazarında qiymətlər hələ də qalxmaqdadır:

“Belə bir fonda elektrik enerjisinin də qiymətini bilavasitə əhali abonentləri üzrə və o cümlədən, qazın tarifi ciddi şəkildə qaldırılsa idi, bunun təsiri lap çox ola bilərdi. Lakin göründüyü kimi Tarif Şurası buna getmədi. Lakin istənilən halda qiymətlərə 3-4 ildən bir yenidən baxılmalıdır. Bu, qaçılmaz xarakter daşıyır. Çünki istehlak artır, dünya bazarlarında vəziyyət dəyişir, yeni sərmayə qoyuluşlarına ehtiyac yaranır və sair. Ancaq bütün bunlarla yanaşı, idarəetmə də təkmilləşməlidir, səmərəlilik artmalıdır, itkilər durmadan azalmalıdır. Başqa sözlə, dövlət idarəetməsində tənzimləyici xüsusiyyət genişlənməlidir. Əgər bütün işlər yalnız məsələn, SOCAR tərəfdən ilin əvvəlində Aİ-92 markalı benzin ilə dizelin, “Azərsu” ASC tərəfdən isə suyun qiymətinin artırılması haqda Tarif Şurasına yönələn məlum əsaslandırmalar izahında təşkil edilməklə gedəcəksə və səmərəsiz təsərrüfatçılıq fəaliyyəti davam edəcəksə, onda sırf tarif siyasəti ilə heç nəyə nail olmaq mümkün olmayacaq”.

Pərviz Heydərov bildirib ki, Tarif Şurası tərəfindən hər dəfə qiymət dəyişiklikləri edildikdə əsaslandırmalar eyni olur, yalnız bir mahiyyət daşıyır:

“Belə ki, istehlak artıb, gəlirlər xərcləri ödəmir, dövlət tərəfindən subsidiya verilir, fəaliyyət rentabilsiz xarakter daşıyır və sair deyilir. Doğrudur, təbii qazın tarifinə yenidən baxılmasına səbəb istehlakın artmasıdır, qaz təchizatının əhatə dairəsinin genişlənməsidir, abonentlərinin sayının 18 faizə yaxın artması nəticəsində xərclərin yüksəlməsidir. Lakin tarif dəyişikliyi nəticəsində qaz hasilatı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığı doğrudanmı azalacaq?! Səmərəlilik artacaqmı?Məsələn, “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifinin 7 qəpik endirilməsi, adı çəkilən qurumun xərclərinin ödənilməsinə müsbət təsir edəcəkmi?

İqtisadçı ekspert bildirib ki, Prezident İlham Əliyev misal da gətirmişdi ki, qazlaşdırma Dövlət Neft Şirkətinin vəzifəsi olduğu halda, büdcənin hesabına aparılır:

” Cənab Prezident qeyd edib ki, əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur? Axı, bu, bilavasitə onun işidir, onun vəzifəsidir”.

Müsahibimizin sözlərinə görə, çıxış yollarından biri özəlləşdirmədir. Dövlətin payı yüksək olan, eyni zamanda səhm paketi 100 faiz dövlətə məxsus qurumlar müəyyən hissə etibarilə özəlləşdirilməlidir:

” Bu, həmin şirkətlərə investisiyaların cəlb olunmasına, eyni zamanda onların idarəçiliyində əyintiləri, səmərəsizliyi aradan qaldırmağa yol açacaq. Ümumiyyətlə, idarəetməni asanlaşdırmağa və borclanma, o cümlədən, maliyyə hesabatlılığı üzrə nəzarət kimi məsələlərə sırf dövlətin müdaxiləsi yolu ilə nail olmaq əsla mümkün deyil”.

//Gülnarə Abasova, Editor.az