Türkiyə, Rusiya, Çin hərəkətə keçir: böyük böhranın qarşısı alınacaqmı?backend

Türkiyə, Rusiya, Çin hərəkətə keçir: böyük böhranın qarşısı alınacaqmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və İran arasında yenidən yüksələn gərginlik Yaxın Şərqdə geosiyasi tarazlığın daha həssas mərhələyə keçdiyini göstərir. Diplomatik təmasların dayanması, qarşılıqlı sərt mesajların artması və regiondakı maraq toqquşmaları prosesin yalnız iki ölkə ilə məhdudlaşmadığını ortaya qoyur. Mövcud vəziyyət enerji təhlükəsizliyi, regional sabitlik və beynəlxalq güclərin yeni mövqelənməsi baxımından ciddi əhəmiyyət daşıyır. Bu fonda danışıqların gələcəyi və vasitəçilik təşəbbüslərinin real nəticə verib-verməyəcəyi əsas müzakirə mövzusuna çevrilib.

Politoloq Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, İran ətrafında davam edən proseslər fonunda müxtəlif tərəflərin fərdi maraqları, eyni zamanda İran daxilində SEPAH-ın təsir imkanlarının artması danışıqlar prosesini dalana salıb:

 

“Artıq danışıqlar anlayışı bəzi tərəflər üçün zəiflik göstəricisi kimi qəbul olunur. Tramp da bu səbəbdən Pakistana danışıq heyəti göndərmədi. O bildirdi ki, İran tərəfi özü ABŞ-la əlaqə saxlayaraq danışıq təşəbbüsü göstərə bilər. Lakin İranın telefon vasitəsilə ABŞ-la danışıqlar şərtlərini müzakirə etməsi real görünmür.

Bu yalnız o halda mümkün ola bilər ki, İranda məğlubiyyət qəbul edilsin və hansısa siyasi fiqur İran adından belə addım atsın. Hazırda isə belə vəziyyət yoxdur. İran tərəfi hər gün qələbə yürüşləri keçirir, daxili auditoriyaya güc nümayiş etdirməyə çalışır. Mövcud mənzərəyə əsasən demək olar ki, danışıqlar prosesi faktiki olaraq iflasa uğrayıb.

Bu baxımdan Trampın Rusiya prezidenti ilə telefon danışığı diqqət çəkir və böyük ehtimalla İran məsələsində dəstək axtarışı ilə bağlı olub. Türkiyə və Çin ABŞ-ın İrana mümkün hərbi müdaxiləsinə qarşı olsalar da, müharibənin uzanmasında da maraqlı deyillər. Türkiyə regionda, xüsusilə sərhədlərinə yaxın ərazilərdə gərginliyin davam etməsini istəmir. Çin isə daha çox iqtisadi risklərdən narahatdır. Rusiya isə bu prosesi Ukrayna məsələsi ilə əlaqələndirərək siyasi alver predmetinə çevirmək niyyətində ola bilər.

Hesab edirəm ki, heç bir tərəf genişmiqyaslı aktiv müharibənin başlamasını istəmir. Lakin ABŞ özünü buna məcbur hiss edərsə, hərbi ssenari gündəmə gələ bilər və nəticəsinin necə olacağını əvvəlcədən proqnozlaşdırmaq çətindir”

//Gülnarə Abasova, Editor.az