Əliyev Makrona YERİNİ GÖSTƏRDİ – Fransaya veriləcək ƏN YAXŞI CAVABbackend

Əliyev Makrona YERİNİ GÖSTƏRDİ – Fransaya veriləcək ƏN YAXŞI CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Praqa görüşünün Ermənistanla Azərbaycan arasında sülh yolunda önəmli hadisə olacağı gözlənilirdi. Ona görə yox ki, burada dördüncü tərəf kimi Fransa lideri Emanuel Makron da iştirak edirdi, ona görə ki, bu görüşün təşkilində yenə özünü geridə qalan dörd Brüssel görüşündə atdığı addımlarla etibarlı moderator kimi göstərməyi bacaran Avropa İttifaqının prezidenti Şarl Mişel də məhz əsas tərəflərdən biri kimi iştirak edirdi.

Hətta görüşün ardınca birgə bəyanat da yaxın gələcəkdə davamlı sülhün əldə olunacağı ümidlərini xeyli artırdı. Amma Fransa prezidenti Emanuel Makronun ölkəsinin “France 2” telekanlına müsahibəsində Ermənistanı sona qədər tək qoymayacaqlarını bəyan etməsi göstərir ki, bu ölkənin Bakı-İrəvan münasibətlərinin normallaşmasında vasitəçilik etməsi birmənalı şəkildə qəbul edilməzdir. Çünki Fransa tərəf olduğunu ən yüksək səviyyədə Makronun bu çıxışı ilə bəyan etmiş oldu.

Bu müsahibəsində anti-Azərbaycan və qatı ermənipərəst mövqeyi ilə Parisin vasitəçiliyinə zərbə vuran Fransa prezidenti əslində heç moderatorluq sevdasında olmadığını da nümayiş etdirdi. Makron açıq göstərdi ki, Parisin istəyi Azərbaycana qarşı Qərbdə güclü bir koalisiya yaradaraq Bakını bütün inkişafa hesablanmış əlaqələrdən təcrid edərək bu yolla istəklərini diqtə etmək məqsədilə təzyiqləri artırsınlar.

Müsahibədə əsas diqqətçəkən məqamlardan biri kimi Fransa prezidentinin Azərbaycanın Avropaya qaz satmasının heç bir “güzəştə” əsas vermədiyini əsaslandırmaq cəhdləri oldu ki, o bu addımla Azərbaycana qarşı sanksiyalar və təzyiqlər üçün zəmin hazırlamağa çalışdığını gizlədə bilmədi, eyni zamanda rəsmi Bakının Qərbin bir sıra aparıcı dövlətləri ilə bütün iqtisadi və siyasi əlaqələrini kəsilməsi üçün hətta Avropa liderləinə bir çağırış da ünvanladı. Amma indi Fransa səfiri mövqeyinin və iştirakı ilə keçirilən dördtərəfli görüşün uğurlu alındığına inandırmaq üçün görünür yeni ssenari hazırlayıb.

Azərbaycanda diplomatik fəaliyyətinin başa çatmasına baxmayaraq Fransa hökümətinin Azərbaycana yeni səfir təyin etməməsi səbəbindən hələ də vəzifəsinin başında qalan Zakari Qros son məqaləsində diqqət çəkən ifadələr yer verib: “Aİ-nin sülh prosesinə fəal dəstəyi əvəzsizdir və Fransa prezidentinin iştirakı Praqada uğurlu nəticə əldə etmək üçün həlledici əhəmiyyətə malikdir… Yaşasın Praqa ruhu!”.

Fəaliyyətinin sentyabrın ilk günlərindən bitməsinə rəğmən hələ də Fransanın Azərbaycandakı səfiri kimi işləməyə davam edən Zakari Qrosun “Praqa ruhu”nun yaşaması və Makronun danışıqlarda iştirakını və əldə olunmuş nəticələri az qala Fransanın “xüsusi xidməti” kimi təqdim etmək cəhdi təbii ki, Ermənistan-Azərbaycan liderləri arasında Aİ-nin təşkilatçılığı ilə keçiriləcək növbəti (Brüssel) görüşlərdə yenidən Fransanın tərəflərdən biri kimi iştirak hüququ qazanması məqsədilə atılmış addımdır.

Rəsmi Bakı Makronun prezidentliyi dövründə Fransanın vasitəçilik təşəbbüslərindən imtina etməlidir ki, Azərbaycan prezidenti bunu Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı açıq şəkildə bəyan etdi: Böyük ölkənin Prezidentinə küçə leksikonundan istifadə etməyin nə dərəcədə siyasi nəzakətə uyğun olmasını, qoy, Fransa ictimaiyyəti müəyyən etsin. Biz isə öz tərəfimizdən belə bəyanatları qəti surətdə pisləyirik, rədd edirik və bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük.

Bununla da Fransanın və şəxsən Makronun açıq ermənipərəst, qərəzli mövqeyinə cavab verən İlham Əliyev bildirdi ki, biz heç vaxt belə “obyektiv vasitəçiliyə” razı olmayacağıq. Çünki Makron ermənipərəst mövqeyi ilə yalnız ölkəsinin vasitəçilik imkanlarına zərbə vurmadı, Aİ-nin də fəaliyyətinə kölgə salmağa başladı. Çünki Fransa XİN-in və Makronun son bəyanatlarında Praqa yox, “Ermənistan ruhu” açıq hiss olunur. Əksinə, Fransa həqiqətən Cənubi Qafqaz regionunda sülh istəyirsə, proseslərə qarışmağa cəhd göstərməməlidir.

Əslində ABŞ və Fransanın ölkəmizdəki səfirlərinin həmsədr ölkələrin təmsilçiləri kimi digər ölkələrin səfirləri ilə birgə Şuşaya səfərə getməməyi seçmələri bu dövlətlərin mövqeyini əks etdirirdi. Çalışdığın ölkənin rəsmi qurumunun Şuşaya səfər təklifini qəbul etməmək həmin ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmətsizlikdən başqa bir şey deyildi ki, biz indi Fransa prezidentinin, hökümətinin sərgilədiyi ermənipərəst siyasət fonunda bunun əyani təsdiqini görürük.

Balıq başdan iylənər…

Fransa Prezidentinin təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli açıqlamalarının ermənipərəst siyasətin açıq təzahürü və beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdindən başqa bir şey deyil.

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması işində Avropa İttifaqının səylərini həmişə dəstəkləyən rəsmi Bakı, nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa Prezidentinin bu cür təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etməsi Parisin 30 illik erməni işğalı zamanı tutduğu mövqe kimi yalan, saxta və iftira bir mövqedir.

Beləcə, Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirərək bununla da faktları manipulyasiya etməyə çalışan E. Makron Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərdi. Amma BMT Təhlükəsizlik Şurasının 2020-ci ilə qədər Azərbaycan ordusu haq savaşçına girməyənə kimi kağız üzərində qalan 4 Qətnaməsinin qəbul olunmasında vaxtı ilə aktivlik nümayiş etdirmiş daimi üzvündən biri Fransa da zamanında təsdiqləmiş olmuşdu ki, Ermənistan Azərbaycan ərazilərini işğal edib və qeyd-şərtsiz bu əraziləri boşaltmalıdır.

İndi nə dəyişdi?

Çünki Fransa düşündü ki, Azərbaycan ömür boyu onların hansı qərar qəbul edəcəklərini oturub gözləməkıə məşşğul olacaq və Qarabağ, ətraf rayonlar da erməni torpağı kimi unudulub qalacaq. Amma Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə apardı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik. Ancaq görünür Azərbaycanın bu qərarı – dünya birliyinin haqsız mövqeyi və erməniləri yeni işğallara rəvac yaradacaq boş-boş bəyanatlarını daha gözləmək səbrinin tükənməsi Makron başda olmaqla bir neçə simalı erməni sevdalısı siyasətçilər üçün tərs sillə oldu.

44 günlük müharibədən əvvəl və ondan sonrakı proseslərdə Fransanın istər yuxarı palatası olan Senat, istərsə də aşağı palatası tərəfindən Azərbaycana qarşı qərəzli və heç bir əsası olmayan qətnamələr qəbul olunduğu hər kəsə bəllidir. Azərbaycan tərəfinin Fransa hökümətinə bununla bağlı müraciətlərinə baxmayaraq Ermənistana açıq dəstəyini gizlətməyən rəsmi Parisin bu mövqeyini Makron müsahibəsi zamanı “Fransa heç vaxt Ermənistanı atmayacaq” açıqlaması ilə Bakının onlardan olan zərrə qədər də olsa ədalətli mövqe ilə bağlı gözləntilərinin üstündən qalın bir xətt çəkmiş oldu.

Fransa bu gün açıq şəkildə işğalçının yanında olmaqla öz kimliyini də bir daha xatırlatmaq üçün füsrət vermiş olur. Bu mənada Fransanın kolonial keçmişi və hazırkı neokolonial siyasətinin ağır nəticələri hər kəsə bəllidir.

Fransanın hər yerdə destabilizasiya faktoru kimi çıxış etməsi, Əlcəzair və Tunisdə soyqırımlar, Vyetnamda törədilmiş hərbi cinayətlərin, hazırda Malidə yaşanan siyasi kataklizmlərdəki əsas moderator olması bu ölkənin Ermənistanı niyə bu qədər “qorumağa” çalışdığının ən böyük cavablarından biridir.

Əlcəzairdə və Afrikanın bu gün “frankofon” adlandırılan ölkələrində Fransa müstəmləkə siyasəti tarixinin soyqırım xarakterli hadisələrlə zəngin olduğu bütün dünya ictimaiyyəti üçün məlum bir faktdır. Amma XXI əsrin ikinci onilliyində demokratiya, ədalət, əxlaq, rasionallıq və praqmatizm kimi dəyərlərin qlobal siyasətdə möhkəmlənməyə başladığı bir vaxtda Fransa Senatının siyasi əxlaqa zidd addımlarına dünya siyasət elmində haqq qazandıra biləcək bir arqumentin mövcud olmadığına əminəm.

ATƏT-in Minsk Qrupunun keçmiş Dağlıq Qarabağ “münaqişəsinin” həlli üzrə üç həmsədr ölkəsindən biri kimi Fransa bu problemin həllində nə dərəcədə obyektiv və səmimi ola bildi ki, indi Bakı ona etibar etsin?! Bəlkə rəsmi Paris onilliklər boyu Fransada yaşayan erməni vətəndaşlarının “mənəvi əziyyətləri”nə nəhayət son qoymaq və Prezident seçkilərinə qatılan hər bir namizədin başı üstündən “Domokl qılıncı” kimi asılan erməni məsələsini birdəfəlik qopardaraq Fransa dövlətinin “milli problemi”ni həll etməyə çalışsa, bu gün daha ədalətli mövqedə dayanmaq imkanı olar. Amma özümüzü aldatmayaq, çünki hər birimiz yaxşı bilirik ki, bu ən yaxşı halda yaxın gələcəkdə mümkün olacaq məsələ deyil.

//Milli.az