Ermənistan Azərbaycanın etdiyi təklifə 30 ildən sonra “HƏ” DEDİ – ŞƏRHbackend

Ermənistan Azərbaycanın etdiyi təklifə 30 ildən sonra “HƏ” DEDİ – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın baş nazirinin regional kommunikasiyaların bərpası və bunun Ermənistan üçün malik olduğu əhəmiyyət potensialı barədə dedikləri əslində Azərbaycanın illərlə söylədiklərinin təkrarı və təsdiqidir. Çünki hələ Qarabağ münaqişəsi həll olunmamışdan qabaq da biz dəfələrlə bildirmişdik ki, Ermənistan təcavüzjkar siyasət apardığı və Azərbaycan torpaqlarını işğalda saxladığına görə təkcə bizə ziyan vurmur, eyni zamanda özünün regional ticarət, iqtisadi əməkdaşlıq, tranzit və logistika imkanlarını da qapamış olur”.

Bunu  “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, Ermənistana tranzit və logistika imkanlarını xeyli dərəcədə genişləndirmək üçün böyük imkan yaranıb:

“Faktiki olaraq Ermənistan işğalçılıq siyasəti üzündən 30 ilə yaxın müddət ərzində bölgədə “tupik” – dalan ölkəsinə çevrilmiş vəziyyətdə qaldı. Bu gün 44 günlük müharibənin açdığı imkanların böyük bir hissəsi məhz Ermənistanın xeyrinə işləyir. O cümlədən regionda kommunikasiyaların bərpası artıq Paşinyanın özünün də dediy kimi, bu ölkənin dalan vəziyyətindən çıxmasında çox böyük rol oynayacaq. Eyni zamanda bölgədə yeni əməkdaşlıq formatlarının fəaliyyətə başlamasında rol oynayacaq ki, bu əməkdaşlıq formatlarında da Ermənistanın iştirakı zəruridir və mümkündür. O cümlədən “3+3″ əməkdaşlıq formatı ilə Ermənistan eninə-boluna öz imkanlarını reallaşdıra biləcək.

Bundan başqa, regionda kommunikasiyaların bərpası Ermənistana Gürcüstan-İran münasibətlərində bir tranzit ölkə rolunu oynamaq imkanı verir. Eləcə də Ermənistana İran-Ermənistan-Naxçıvan-Türkiyə əlaqələrində tranzit ölkə rolunu oynamaq imkanı verir. Göründüyü kimi, Azərbaycanın yaratdığı bu imkanlar Ermənistana həm yeni əməkdaşlıq formatları yaradır, həm də Ermənistanın tranzit və logistika imkanlarını xeyli dərəcədə genişləndirir.

Bununla yanaşı, Paşinyan yeni kommunikasiya yollarının bərpası ilə bərabər yeni xidmətlərin də yaradılmasında Ermənistanın faydasını görməklə məsələlərə praqmatik yanaşdığını artıq nümayiş etdirir. Doğrudan da əgər Zəngəzur dəhlizi fəaliyyətə başlayacaqsa, bu dəhlizlə bağlı Azərbaycanla müəyyən razılaşmalar çərçivəsində müəyyən xidmətlərin qurulacağı mümkünsüzdür. Amma burada əlbəttə, Azərbaycan Prezidentinin bəyan etdiyi kimi Zəngəzur və Laçın dəhlizlərinə simmetrik qaydada yanaşmaq qaçılmaz bir reallıq olacaq. Çünki Laçın dəhlizi hansı statusda fəaliyyət göstərəcəksə, Zəngəzur dəhlizi də eyni ilə o statusda fəaliyyət göstərməlidir. Ona görə də Paşinyanın Zəngəzur dəhlizində Gömrük Xidmətinin təmin olunmasından danışması o deməkdir ki, Laçın dəhlizində də eynilə həmin xidmətlərin qurulması imkanları, perspektivləri artıq açılır. Çünki Laçın Azərbaycan ərazisidir. Əgər Ermənistan özünün ərazisində, yəni Zəngəzur dəhlizində Gömrük Xidmətinn təsis olunmasını artıq perspektivdə görməyə başlayırsa, eyni zamanda onu da bilməlidir ki, Azərbaycanın da Laçın dəhlizində bu cür xidmətləri qurmaq hüquqları yaranır.

Bir sözlə, Paşinyanın bu bəyanatı mənə elə gəlir ki, bölgədə yaranmış hazırki durğun vəziyyəti aradan qaldırmaqda öz təsirli rolunu oynaya bilər və həm də o deməkdir ki, Paşinyan artıq bölgədə müharibədən sonra yaranmış reallıqlara daha proqmatik nöqteyi nəzərdən baxmağa başlayıb. Ancaq əlbəttə, Zəngəzur dəhlizi üzərində nəzarət məsələlərində Ermənistan daha çox rolu öz üzərinə götürməyə çalışacaq. Ancaq təbii ki, bu işdə Ermənistan monopolist ölkə deyil və ola da bilməz. Çünki bu dəhlizin açılması və fəaliyyət göstərməsi təkcə Ermənistanın özünün nəzarətində olan məsələ deyil, bu, dövlətlərarası razılaşma nəticəsində açılmış bir perspektivdir. Ona görə də Zəngəzur dəhlizində Gömrük Ximdətinin yaradılmasından tutmuş, onun təhlükəsizliyinə qədər bütün məsələlər təkcə Ermənistanın ssenariləri çərçivəsində baş tuta bilməz. Burada Azərbaycanın da, eləcə də 10 noyabr sənədinə imza atmış və onun icrasına məsuliyyət daşıyan Rusiyanın, Türkiyənin və digər region ölkələrinin də rəyi nəzərə alınmalıdr və yəqin ki, alınacaq”.

Qeyd edək ki, Nikol Paşinyan Gümrüdə səfərdə olarkən yenə kommunikasiyaların açılmasından danışıb. O bildirib ki, Ermənistan regional dəyişikliklər nəticəsində daha böyük tranzit potensialı əldə edəcək. Nikol Paşinyan deyib: “Ermənistanın cəlbedici tranzit ölkəsi olması çox vacibdir. Bunun üçün təkcə yollar, kommunikasiyalar deyil, həm də bizim təqdim etdiyimiz xidmətlər, xüsusən də Gömrük Xidməti vacibdir”.

//milli.az