Formal tədbirlər, qeyri-peşəkar press-relizlər – Jurnalistlər QHT-lərdən niyə narazıdır?backend

Formal tədbirlər, qeyri-peşəkar press-relizlər – Jurnalistlər QHT-lərdən niyə narazıdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Jurnalistləri tədbirlərimizə dəvət edirik, gəlmirlər, press-relizlər göndəririk dərc etmirlər”. Bu, QHT nümayəndələrinin media orqanlarından ən çox etdikləri şikayətlərdir. Bəzi QHT nümayəndələri düşünürlər ki, redaksiyalar onların layihələri barədə məlumat verməyə borcludurlar. Axı hər iki institut vətəndaş cəmiyyətini təmsil edir və ictimai maraqlar üçün çalışırlar. Doğrudanmı, media QHT-lərin hər tədbirini, press-relizini işıqlandırmalıdır? Ümumiyyətlə, redaksiya “bizdə heç bir QHT-nin xəbəri getməsin” qadağası qoya bilərmi? Bəs, nə üçün bu qadağalar qoyulur? Əməkdaşlığı əngəlləyən hallar nədən ibarətdir. Bu suallara cavab tapmaq üçün QHT və media nümayəndələrinə müraciət etdik.

Alp.az İnformasiya Agentliyinin baş redaktoru Ramil Məmmədli Azərbaycanda QHT-media əməkdaşlığının hazırkı durumunu qənaətbəxş hesab edir: “QHT sektorunda aktiv fəaliyyət göstərən şəxslərin media ilə sıx əlaqələri var. Jurnalistlər mütəmadi olaraq tanınmış QHT rəhbərlərinə, eksperlərinə müraciətlər edir, onlardan açıqlama alırlar. Qaldı ki, QHT-lərin icra etikləri layihələrə mətbuatın diqqət göstərməsinə, burada bir neçə məqamı xüsusi qeyd etmək lazımdır. Birincisi, QHT icra etdiyi layihənin əhəmiyyətini izah etməli və jurnalistlərin diqqətini cəlb etməlidir. Bəzən layihələr barədə məlumatları press-relizlər vasitəsilə alırıq. Press-reliz qeyri-peşəkar səviyyədə yazılırsa, jurnalist onu oxumayacaq və “delete” edəcək. İkincisi, QHT-lər jurnalistləri tədbirlərə dəvət etmirlər. Tədbirlər bəzən elə yerlərdə keçirilir ki, müxbirlərin orada iştirakı praktiki olaraq mümkün olmur. Formal xarakter daşıyan, heç bir məzmunlu, informative xarakterli məlumatların açıqlanmadığı tədbirlər barədə mətbuatda haqlı olaraq yazılar dərc edilmir. Üçüncüsü, QHT-lər məlumatlarının işıq üzü görməsi üçün redaksiyalarla müqavilə bağlamırlar. Qeyd edirlər ki, bunun üçün budcədə kifayət qədər vəsait yoxdur. Əgər QHT nümayəndəsinin redaksiya heyətilə şəxsi münasibətləri varsa, bu halda onların məlumatları dərc edilmir. Jurnalistlərlə dostluq etməyən QHT rəhbərləri məlumatlarını dərc etdirməkdə çətinlik çəkirlər”.

R.Məmmədli onu da bildirdi ki, QHT-lər daha çox layihə həyata keçirdiyi müddətdə aktiv olurlar: “Mən başa düşürəm ki, QHT-lərin fəaliyyətilə bağlı bəzi məhdudiyyətlər mövcuddur. Onlar QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi kiçik qrant müsabiqəsində ildə bir dəfə iştirak hüququna malik olurlar. Xarici donor təşkilatlardan isə qrant ala bilmirlər. QHT-lərlə bağlı qanunvericilik buna məhdudiyyət qoyub. Yaxşı olardı ki, bu məhdudiyyətlər yaransın. İndiki dövrdə, xüsusilə də, 44 günlük Vətən Müharibəsindəki qələbədən sonar QHT-lərin xarici donorlarla əməkdaşlıq etməsi milli təhlükəsizliyimizə ciddi təhdid yaratmır. QHT-lərin beynəlxalq təşkilatlarla əməkdaşlığı Azərbayacnda ictimai sektorda canlanmaya, peşəkar kadrların, təlimçilərin, ekspertlərin sayının artmasına səbəb olacaq”.

Baş redaktor QHT Agentliyinin jurnalistlər arasında təlimlərlər, treninqlər, müsabiqələr keçirməsini vacib sayır: “QHT Agentliyinin özü də jurnalistlərlə əməkdaşlığı gücləndirməlidir. Ümid edirəm ki, qarşıdakı illərdə bu əməkdaşlıq güclənəcək. Çünki həm QHT, həm də media vətəndaş cəmiyyətinin əsas qolları hesab olunurlar”.

“İslahatçı Gənclər” İctimai Birliyinin(İGİB) sədri Fərid Şahbazlı həm QHT, həm də media sahəsində çalışan bir şəxs kimi deyə bilərəm ki, bu gün vətəndaş cəmiyyətinin bu iki institute arasında əlaqələr arzuolunan, peşəkar prinsiplərə cavab verəcək səviyyədə deyil: “Vətəndaş cəmiyyətinin inkişafı üçün bu iki institutun hər birinin üzərinə böyük vəzifə düşür. Hesab edirəm ki, əməkdaşlığın lazımi səviyyədə olmamasının əsas səbəbi QHT sektorunda yaranmış vəziyyətdir. Təəssüf ki, bir çox hallarda bəzi QHT-lərin bu sahədəki fəaliyyəti mövsümi xarakter daşıyır. İşdən kənar, həvəskar fəaliyyət göstərən QHT-lərin uğurlu layihələr ortaya qoymalarının özü mümkünsüz görünür. Xarici ölkələrdə QHT sistemi çox mükəmməl, peşəkar səviyyədə qurulub və bu işdə təcrübəli şəxslər çalışırlar. QHT sektorundakı kadrlar dövlət idarəçilik sisteminə gətirilir. Təəssüf ki, bizdə bu sahəyə mövsümi və həvəskar səviyyədə yanaşanlar daha çoxdur”.

F.Şahbazlıya görə, Azərbaycanda bəzi QHT-lər yanlış olaraq elə düşünürlər ki, media onların layihələri, tədbirləri barədə məlumatları dərc etməyə borcludurlar: “Medianın belə bir öhdəliyi yoxdur. QHT icra etdiyi layihənin əhəmiyyətinə media subyektlərini inandırmalıdır. Eyni zamanda unutmaq olmaz ki, media subyektləri informasiya istehsalçısı və daşıyıcısı olmaqla yanaşı, həm də biznes qurumlarıdır. Azərbaycanda yüzlərlə QHT eyni zaman kəsimində layihələr icra edirlər. Hansısa media qurumu bütün QHT-lərin göndərdikləri press-relizləri dərc etsə, sayt, qəzet oxunaqlı olmaz, xəbər lenti çox maraqsız görünər. QHT-lər respublika və beynəlxalq səviyyəli layihələr icra edəndə, tədbirlər keçirəndə, tanınmış ictimai-siyasi xadimləri, ekspertləri tədbirə dəvət edəndə media ona böyük maraq göstərir. Saytlar, qəzetlər, televiziyalar özləri maraqlı olurlar ki, həmin tədbiri işıqlandırsınlar”.

F.Şahbazlı QHT-lərin media ilə əməkdaşlığı üçün müqavilə bağlamalarını təklif etdi: “ QHT-lərin layihələrində piar xidməti üçün müəyyən vəsait nəzərdə tutulub. Yaxşı olardı ki, bu iş peşəkar jurnalistlərə həvalə olunsun”.

Bu yazı “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyəyə dəstəyi ilə həyata keçirdiyi “QHT – media əməkdaşlığının artırılması üzrə təşəbbüslər” layihəsi çərçivəsində hazırlanıb.

Teleqaf