“Heç bir güc, təklif müharibənin mahiyyəti və nəticəsini dəyişə bilməzdi, bilmədi də…”-ŞƏRHbackend

“Heç bir güc, təklif müharibənin mahiyyəti və nəticəsini dəyişə bilməzdi, bilmədi də…”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Stepan Danielyanın fikri nə Ermənistanın, nə İranın, nə də fikirlərində 2018-ci il hadisələrini və məsələlərini qeyd edərək əsaslandırdığı ABŞ-ın rəsmi mövqeyi deyil. Eyni zamanda, Ermənistan cəmiyyətinə illər ərzində danışılan yalan, bu reallığın Azərbaycanın əldə etdiyi savaşdan sonra daha da aydın görünməsi, son təxribatlardan sonra da sağ və ölü olduqları haqqında xəbər belə ala bilməyən hərbçilərin yaxınları fonunda erməni cəmiyyəti elə bir çaşqınlıq və şok içindədir ki, cəmiyyəti əldə saxlamaq üçün manevr çevrəsini geniş tutmaqdan ötrü deyilə bilməyən sözlər də kimlərəsə dedizdirilir və cəmiyyətə uddurulur. Bir növ müəyyən üsul və vasitələrlə daxili və xarici auditoriyanın nəbzi ölçülür. Açıq ya qapalı, birbaşa ya dolayı, yaxın ya uzaq olmaqla Ermənistana hansı təklifin edildiyi, müqabilində qəbul ya rədd olmaqla hansı cavabın alınmasının son sözünü Azərbaycanın qələbəsi, bu qələbə sonrası yürüdülən mövcud siyasət dedi və deyir”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Politoloq bildirib ki, İran tərəfindən səsləndirilən bəzi məlum ünvansız bəyanatlara bənzər bu cür ya real, ya reallıqdan uzaq irəli sürülən iddialar, ya fərziyyə olmaqla müxtəlif versiyalar var və bənzəri ehtimallar, fərqli fikirlər illər sonra da olacaq:

“Bir şey dəqiqdir ki, sadəcə İran deyil, hətta heç bir gücün, heç bir təklifi ya da bunun geri çevrilməsi ya qəbulu müharibənin mahiyyəti və nəticəsini dəyişə bilməzdi, bilmədi də. Elə dəyişən idi, məsələnin həllini illərlə əllərində monopoliyalaşdıran qüvvələr bizə deyirdi ki, bu məsələnin hərbi yolla həlli yoxdur, cənab Prezident İlham Əliyevin də dediyi kimi dövlət və xalq olaraq göstərdik ki var.
Paşinyanın təkliflərdən niyə imtina etməsinin mümkün səbəbini Stepan Danielyan ABŞ-ın mövqeyini irəli sürərək əsaslandırır. Burada yaxınmüddətli və uzunmüddətli olmaqla mürəkkəb kombinasiyalar mövcuddur. Belə ki, Danielyanın ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun 2018-ci ildə Ermənistana səfəri zamanı İran sərhədinin bağlanmasını qarşısına vəzifə kimi qoyduğunu, ABŞ Ermənistanın və ermənilərin Türkiyəyə münasibəti ilə maraqlandığını və bunun onlar üçün vacib olduğu arqumentini də əlavə etsək məlum məsələdir ki, ABŞ həm də NATO üzvü kimi Türkiyənin regionda dominant olmasında maraqlıdır, nəinki İranın. Bu isə sadəcə Azərbaycan, Ermənistan, Türkiyə, ya da hətta elə Rusiya olmaqla sadəcə regional məsələlərlə bağlı deyil. Şübhəsiz ki, Qərbin dəstəyi ilə hakimiyyətə gətirilən Nikol Paşinyana da bu kürsüyə gəlmək imkanı yaradılarkən nəyi nəyə keçməli olacağı da məlum olmamış deyildi”.

Onun sözlərinə görə, üçtərəfli bəyanat imzalanarkən mövcud nəticədən və potensial, baş tutmasının qarşısıalınmaz hadisələrin müəyyənləşdirilməsi proseslərindən kənarda qalan İran ilkin perspektivdə bölgədə gücünün və təsirinin zəifləməsindən narahatdır:

“Azərbaycanın əldə etdiyi Zəfər regional və beynəlxalq aktorları konvensional və uzunmüddətli xarici siyasət strategiyalarında ciddi korrektələrə getməyə vadar etdi.Cənab Prezident İlham Əliyev Azərbaycan-İran dövlət sərhədini dostluq və əməkdaşlıq sərhədi adlandırıb. Hətta Ermənistana belə sülh təklif edən Azərbaycan İranla da qarşılıqlı faydalı əməkdaşlıq təcrübəsinə üstünlük verir.
Region dövlətləri, xüsusən də qonşu ölkələrlə ticarət diplomatiyasının gücləndirilməsi bütün regional dövlətlər üçün prioritet məsələ olmalıdır. Bu baxımdan da qonşu ölkələrlə özəl sektoru, ticarəti inkişaf etdirmək və işgüzar fəaliyyətə mane olan problemləri həll etmək lazımdır. Ermənistandan keçəcək Zəngəzur dəhlizi İranın da regional təsirini gücləndirə bilər. Dəhlizin açılmasının region üçün faydaları arasında İran və Ermənistan arasında yük dövriyyəsinin artırılması, Şimal-Cənub və Şərq-Qərb xətləri boyunca, Rusiya ilə Fars körfəzi limanları arasında əlaqə vasitəsilə başdan-başa nəqliyyat rabitəsinin bərpası ola bilər. İndiki məqamda hələ real olmasa da, düşünürəm ki, görüşlər və təmasların sayının artması ilə gələcəkdə regional və beynəlxalq olmaqla Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinin kənar müdaxiləsiz həll edilməsi ən düzgün yanaşma olar. Buna doğru gedilə biləcək yolda da mürəkkəb kombinasiyalar mövcuddur. Məsələn, biz Qərbin yanaşmasından danışarkən bunun özünü də Avropa İttifaqı və ABŞ olmaqla iki hissəyə bölmək lazımdır. Avropa İttifaqı sülh müqaviləsinin bağlanmasında maraqlıdır ki, Azərbaycan da bu gündəliyə can atır. Həmçinin, enerji resurslarına ehtiyac fonunda Avropa İttifaqı sülh prosesinə meyillidir. Yəni, regional və beynəlxalq olmaqla hər bir tərəfin öz marağı var, bizim də milli maraqlarımız bəllidir. Bu hədəfdən yayınmamaqla, daha da güclü olmaq ən doğru və real yanaşmadır”.

//Gülnarə Abasova, Editor.az