Hörmüz boğazında savaşın taleyi necə dəyişir? – “ABŞ gözlədiyi nəticəni ala bilmir”backend

Hörmüz boğazında savaşın taleyi necə dəyişir? – “ABŞ gözlədiyi nəticəni ala bilmir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və İran arasında qarşıdurmanın dərinləşməsi Yaxın Şərqdə təhlükəsizlik arxitekturasına təsir etməklə yanaşı, regionda informasiya müharibəsinin də intensivləşməsinə səbəb olur. Bu proses Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır. Çünki İranla coğrafi qonşuluq, enerji və nəqliyyat marşrutlarının təhlükəsizliyi, eləcə də Xəzər–Yaxın Şərq xəttində mümkün geosiyasi dəyişikliklər regionda baş verən proseslərin Azərbaycanın milli təhlükəsizlik və iqtisadi maraqlarına təsir imkanlarını artırır. Belə bir şəraitdə tərəflərin informasiya məkanında formalaşdırdığı narrativlər yalnız daxili auditoriyaya deyil, həm də region dövlətlərinin mövqeyinə və beynəlxalq ictimai rəyə təsir göstərmək məqsədi daşıyır. Bu baxımdan ABŞ-İran qarşıdurmasının hazırkı mərhələsini yalnız hərbi əməliyyatlar kontekstində deyil, həm də geosiyasi və informasiya mübarizəsi çərçivəsində qiymətləndirmək vacibdir.

Politoloq Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında bildirib ki, ABŞ-nin 2001-ci ildə Əfqanıstanda həyata keçirdiyi antiterror əməliyyatı ilə başlayan, 2003-cü ildə İraq müharibəsi ilə inkişaf edən, 2010-cu ildə “Ərəb baharı” ilə zirvəyə çatan Yaxın Şərq kampaniyası İran səhnəsində iflasa uğramışdır:

“1991-ci ildə Sovet İttifaqının çökməsi ilə bitən ikiqütblü dünya 35 illik təkqütblü dünyadan sonra yerini çoxqütblü bir sistemə təhvil vermək üzrədir. Hərbi-siyasi və iqtisadi gücə sahib ölkələr bu yeni sistemdə öz yerlərini tutmaq üçün savaşırlar. Konkret ABŞ-İran savaşına gəldikdə deyə bilərəm ki, Rusiyanın Ukraynada üzləşdiyi uğursuzluqların eynisini, hətta daha çətinini ABŞ İranda, xüsusilə Hörmüz körfəzi hövzəsində yaşayır. ABŞ-nin bütün cəhdlərinə baxmayaraq, Hörmüz boğazına nəzarəti heç bir vəchlə ələ keçirə bilmir. Modern hibrid savaşlarının ən önəmli komponenti olan informasiya müharibəsində belə Amerika İrana uduzur. ABŞ rəsmilərinin mütəmadi olaraq informasiya məkanında dövriyyəyə ötürdükləri məlumatların az sonra heç bir əsası olmadığı məlum olur. Davamlı olaraq İranın bitdiyini elan etmələrinə, bu ölkəyə quru qoşunlarının daxil olacağı, zənginləşdirilmiş uranın ölkədən çıxarılacağı ilə bağlı xəbərlərin boşa çıxmasına görə ABŞ rəsmilərinin sözlərinin etibarlılığı və güvənilirliyi də şübhə altına düşür”.

F. Məhərrəmlinin sözlərinə görə, məhz bu inamsızlığın nəticəsidir ki, ABŞ-nin onillər boyu ən yaxın müttəfiqi olmuş Körfəz ərəb ölkələri öz təhlükəsizliklərini təmin etmək məqsədilə başqa ölkələr və təşkilatlar axtarışındadırlar:

“Bu yaxınlarda Türkiyənin liderliyində Türkiyə-Pakistan-Səudiyyə Ərəbistanı arasında imzalanmış “Məkkə Müdafiə İttifaqı” da məhz bu zərurətdən yaranmışdır. Proqnozlara görə, bu üçlü ittifaqa yaxın və orta zaman kəsiyində bir çox ölkələrin qoşulacağı ehtimal edilir. Bu sadalananlar deməyə əsas verir ki, ABŞ-nin Yaxın və Orta Şərqdə çəkmək istədiyi yeni siyasi xəritə bölgə ölkələrinin birgə səyi ilə ciddi müqavimətlə qarşılanmışdır.

Amma bütün bunlar heç də o anlama gəlməməlidir ki, bu gün-sabah Amerika öz silah-sursatını toplayıb bölgəni tərk edəcək. Xeyr, ABŞ prezidenti Donald Trampın tənqidçilərinə zaman-zaman Vyetnam, Koreya və s. uzun sürən müharibələri misal çəkməsi düşünməyə əsas verir ki, ABŞ Yaxın Şərqdən səssiz və sakit çəkilmək niyyətində deyil”.

//Gülnarə Abasova, Editor.az