Bakıda fəaliyyət göstərən “Kayu” uşaq bağçası ilə bağlı valideyn tərəfindən ciddi iddialar səsləndirilib.
Milli.Az xəbər verir ki, valideyn Elnur Əliyev sosial şəbəkədə etdiyi paylaşımda 2 yaş 2 aylıq oğlunun bağçada olduğu müddətdə dəfələrlə müxtəlif nahiyələrindən göyərmiş halda evə gətirildiyini bildirib.
Onun sözlərinə görə, bağça əməkdaşları hər dəfə uşağın yıxıldığını desələr də, sonradan oğlunun bədənində çimdik izləri də aşkarlanıb.
“Bir dəfə “poposunda” çimdik izləri görəndə artıq şübhələndim. 2-3 saat baxçada kameraya baxsaq da, yıxılma anını tapa bilmədik. Narazılıq edəndə də deyirdilər ki, ‘xoşunuz gəlmir, çıxarın'”, – deyə valideyn qeyd edib.
Elnur Əliyev uşağının bir dəfə gözündən də xəsarət aldığını və sifətindəki göyərmənin uzun müddət keçmədiyini iddia edib.
Valideynin sözlərinə görə, 3 ay ərzində övladını bağçaya göndərməyib. Tətil başa çatdıqdan sonra uşağı yenidən həmin bağçaya aparıb. İlk günün sonunda isə oğlunun alnının göyərdiyini və şişdiyini bildirib.
Lakin valideynin əsas narazılığı uşaq evə gəldikdən sonra ortaya çıxıb. O, oğlunun boynuna qədər nəcis içində olduğunu və səhər geyindirilən pampersin 7 saat ərzində dəyişdirilmədiyini iddia edib.
“Uşağı 7 saat sidik və nəcis içində saxlayıblar”, – Elnur Əliyev yazıb.
Valideyn bağçanın əməkdaşları ilə telefon danışığında məsələ ilə bağlı aidiyyəti qurumlara şikayət edəcəyini bildirdiyini, qarşılığında isə “hara istəyirsiniz, şikayət edin” cavabını aldığını iddia edib.
Qeyd edək ki, məsələ ilə bağlı “Kayu” uşaq bağçası ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab vermədilər.

