Meşədə tülkü ilə qarşılaşan insanlar üçün əsas təhlükə heyvanın birbaşa hücumu deyil, yanlış davranış nəticəsində yarana biləcək təmas və xəstəlik riskidir.
Editor.az xəbər verir ki, baytarlıq elmləri doktoru Andrey Rudenko bildirib ki, tülkülər adətən insanlardan uzaq durmağa və qarşılaşmadan qaçmağa çalışırlar.
Mütəxəssisin sözlərinə görə, tülkü görən zaman ona yaxınlaşmaq, heyvanı yemləmək və yaxından fotoşəkil çəkməyə çalışmaq düzgün deyil. İnsanların vəhşi heyvanları yemləməsi onların insanlara daha tez-tez yaxınlaşmasına səbəb ola və bununla da həm qarşıdurma, həm də müxtəlif xəstəliklərin yayılması riskini artıra bilər.
Baytar həkim tülkünün davranışına xüsusi diqqət yetirməyi tövsiyə edib. Sağlam heyvan, bir qayda olaraq, insandan uzaqlaşır və məsafə saxlamağa çalışır. Əgər tülkü insandan qorxmur, istiqamətini itirmiş kimi görünür, qeyri-adi aqressiv davranır, məqsədsiz şəkildə dövrə vurur və ya həddindən artıq yaxınlaşırsa, bu, onun xəstə ola biləcəyinə işarə edə bilər.
Rudenko həmçinin tülkünü əllə qovmağa və ya küncə sıxışdırmağa çalışmağın təhlükəli olduğunu vurğulayıb. Özünü çıxılmaz vəziyyətdə hiss edən vəhşi heyvan müdafiəyə keçə bilər. Eyni zamanda, itlərin də tülküyə yaxınlaşdırılmaması tövsiyə olunur.
Mütəxəssis qeyd edib ki, tülkü insanın yanından uzaqlaşmırsa, sakit şəkildə yüksək səslə danışmaq, özünəinamlı davranmaq və yavaş-yavaş məsafəni artırmaq kifayətdir. Onun sözlərinə görə, vəhşi heyvanla hər hansı təmas zamanı ən vacib qayda onun davranışına mümkün qədər az müdaxilə etməkdir.
Baytar həkim əlavə edib ki, tülkü dişlədikdə və ya onun tüpürcəyi ilə təmas baş verdikdə mümkün yoluxma riskinə görə təcili tibbi yardıma müraciət etmək lazımdır.
//Gülnarə Abasova, Editor.az

