“Azərbaycanla Qırğızıstan arasında münasibətlər, təbii ki, müttəfiqlik səviyyəsinə yüksəlib. Bu istiqamətdə iki dövlət arasında siyasi, iqtisadi, təhlükəsizlik, humanitar, mədəni, həmçinin hərbi-texniki əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək lazımdır. Həm Qırğızıstan Prezidentinin, həm də cənab Prezident İlham Əliyevin bu istiqamətdə siyasi iradəsi mövcuddur və bu, əlaqələrin daha da inkişaf etdirilməsinə imkan verir”.
Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, ölkələrarası münasibətlər yüksək səviyyədədir və artıq bu əlaqələrin institutlaşdırılmasına ehtiyac var. Analitik hesab edir ki, bu istiqamətdə yaxın perspektivdə konkret addımlar atılacaq:
“Yəni, bir sözlə, Qırğızıstan və Azərbaycan əlaqələri yüksələn xətlə davam etməkdədir. Tərəflər həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də ikitərəfli münasibətlərdə əlaqələri ən yüksək səviyyəyə qaldırırlar.
Təkcə humanitar, elmi və mədəni əlaqələrlə kifayətlənməyərək, hərbi-texniki əməkdaşlığı, xüsusilə də strateji məsələlər üzrə əlaqələri inkişaf etdirmək lazımdır.
Həmçinin turizm sektoru ilə bağlı Bişkek-Bakı aviareyslərində aviabiletlərin qiyməti aşağı salınmalı, gediş-gəliş daha rahat və əlçatan olmalıdır. Bunun üçün əlavə xarici şirkətləri də bu prosesə cəlb etmək mümkündür. Bişkek və Bakı ilə yanaşı, Qırğızıstanın digər regionları ilə Azərbaycanın müxtəlif bölgələri arasında gediş-gəliş əlaqələri də daha da intensivləşdirilməlidir.
Həm Azərbaycanın, həm də Qırğızıstanın geniş turizm potensialı var. Bu baxımdan, qarşılıqlı turizm əlaqələrinin inkişaf etdirilməsi hər iki ölkə üçün faydalı ola bilər.
Hesab edirəm ki, Qırğızıstan və Azərbaycan arasında münasibətlərin bu dərəcədə yüksək səviyyədə olması həm regional, həm də beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə qarşı dəstəyin daha da güclənməsinə, eləcə də xarici siyasətdə koordinasiyalı fəaliyyətin genişlənməsinə gətirib çıxaracaq”.
//Gülnarə Abasova, Editor.az

