Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov bildirib ki, Ermənistanda “Tramp yolu” layihəsinin həyata keçirilməsi ABŞ hərbi infrastrukturunun birbaşa İran sərhədi yaxınlığında yerləşdirilməsinə imkan verəcək. O, Şərq İqtisadi Forumunun “KTMT – ŞƏT: Təhlükəsizlik Məkanı” sessiyasında çıxışı zamanı belə deyib.

Şevtsov bildirib ki, “Ermənistan ərazisindən keçən sözdə “Tramp yolu”… Qərbə, amerikalılara öz qoşunlarını və ya özəl hərbi şirkətlərini, kəşfiyyat infrastrukturunu dərhal Ermənistan ərazisində və İran sərhədinin bilavasitə yaxınlığında yerləşdirməyə imkan verir”. TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) layihəsi Ermənistanın Sünik vilayətindən keçən strateji tranzit dəhlizinin yaradılmasını nəzərdə tutur. Layihənin yalnız Ermənistan yurisdiksiyası daxilində fəaliyyət göstərəcəyi və ölkənin suverenliyinə xələl gətirməyəcəyi vurğulanır.
Layihəyə əsasən, Ermənistan ABŞ-a Azərbaycanın Naxçıvanla quru əlaqəsi qurmağı ümid etdiyi marşrutu inkişaf etdirmək üçün 99 ilə qədər uzunmüddətli eksklüziv hüquqlar verəcək. Sazişdə əsas məsələlərə nəzarət mexanizmləri ilə yanaşı, əksər payı ABŞ-a məxsus olan bir şirkətin yaradılması nəzərdə tutulur. Birinci mərhələdə ABŞ-a 74% pay təklif olunur, Ermənistana isə 26% pay verilir və sazişin yenilənməsi ilə Ermənistanın payını 49%-ə çatdırmaq imkanı var.
Professor Qabil Hüseynli hesab edir ki, Zəngəzur dəhlizi ilə bağlı geopolitik və hibrid qarşıdurma güclənir. Onun sözlərinə görə, layihənin reallaşması yaxınlaşdıqca tərəflərin mübarizəsi də dərinləşəcək.
Rusiya və İranın birgə hərəkət etdiyini deyən politoloq hesab edir ki, şimal və cənub qonşularımız TRİPP layihəsindən pay istəyirlər: “Eyni zamanda, Rusiya İranı önə verir ki, layihənin qarşısını alsın. Bu məqsədlə ABŞ qoşunlarının guya İranla sərhədə yerləşəcəyi iddialarını tirajlayırlar. Son bəyanat da bu qəbildəndir. Halbuki həmin ərazidə ABŞ şirkəti fəaliyyət göstərəcək. Sadəcə, Gümrü bazası ilə bağlı son bəyanatlar fonunda Rusiya ABŞ bazası mövzusunu gündəmə gətirir”.
Professor dəhlizlə bağlı təxribatları mümkün sayır, lakin logistikanın işə düşməsinə əngəl olmayacağına əmindir: “Trampın adını daşıyan bir yolun sabit fəaliyyətinə mane olmaq İrana və Rusiyaya baha başa gələ bilər. Lakin bəzi pozucu, destruktiv hərəkətlər istisna deyil. ABŞ qoşunlarının yerləşdirilməsi isə real deyil. Ola bilsin ki, fəaliyyət göstərəcək şirkətin təhlükəsizliyinə qarantiya üçün ABŞ öz mühafizə qüvvələrini bölgəyə gətirsin”.
Yeri gəlmişkən, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin dosenti və hərbi ekspert Vladimir Yeranosyan bildirib ki, Ermənistan geosiyasi seçimlərini edərkən qonşuluqda – İranda baş verənləri unutmamalıdır. Yeranosyanın fikrincə, ABŞ üçün Ermənistan geosiyasi oyunda açıq-aydın xərclənə bilən bir ölkədir: “TRIPP layihəsi Türkiyənin maraqlarının hər şeydən üstün olduğu bir layihədir. Bunun üçün Xəzər neftinə çıxış və türk dünyası ilə birbaşa əlaqə lazımdır. Amerikalılar bu layihə üçün müəyyən maliyyə ayıra bilərlər, amma vəssalam. Qonşu İran üçün Ermənistan ərazisindən keçən və müxtəlif Qərb kəşfiyyat orqanları tərəfindən qorunan bir yol qanuni hədəfə çevriləcək”.
Yəni rusiyalı mütəxəssis açıq şəkildə Zəngəzur dəhlizini İran raketləri ilə hədələyib. Ümumiyyətlə, Moskva və Tehranın “Tramp yolu”na qarşı təhdidləri sinxronluq təşkil edir. Yada salaq ki, iranlı general-mayor Rəhim Səfəvi bu yaxınlarda oxşar ritorika ilə çıxış etmişdi. İranlı generalın sözlərinə görə, oradakı təhlükəsizlik məsuliyyəti ABŞ ordusuna keçərsə, İran qisas almaq və müvafiq tədbirlər görmək hüququnu özündə saxlayır.
Onu da deyək ki, Rusiyada anadan olmuş, Çikaqoda yaşayan özəl kapital investoru Konstantin Sokolov, Mərkəzi Asiyada ticarət dəhlizinin inkişafı üçün 200 milyon dollardan çox xərclərə nəzarət edəcək ABŞ Dövlət Departamentinin yeni vençur kapital fondunun prezidenti təyin edilib. Təsisçisi və prezidenti Sokolov olan “Tripp+ Enterprises” fondu adını Ermənistan və Azərbaycandan keçən 27 mil (təxminən 43 km) uzunluğunda ticarət dəhlizi olan “Tramp yolu” layihəsindən götürüb.
Müsavat.com

