Müasir dövrdə kompüter və smartfon ekranlarından uzun müddət istifadə, fasiləsiz oxuma və düzgün olmayan işıqlandırma gözlərə ciddi yük yaradır. Mütəxəssislər bu cür hallarda göz yorğunluğunu azaltmaq və görmə orqanlarının sağlamlığını qorumaq üçün mütəmadi olaraq xüsusi göz məşqlərinin edilməsini tövsiyə edirlər.
Editor.az xəbər verir ki, oftalmoloq İrina Vorıxanova bildirib ki, düzgün seçilmiş məşqlər göz əzələlərinin fəaliyyətini dəstəkləyə, qan dövranını yaxşılaşdıra və uzunmüddətli vizual yüklənmə zamanı narahatlığı azalda bilər. Bununla belə, həkim məşqlərə başlamazdan əvvəl mütləq mütəxəssislə məsləhətləşməyi tövsiyə edib.
Onun sözlərinə görə, məşqlər üçün xüsusi avadanlığa ehtiyac yoxdur. İlk mərhələdə 10–15 saniyə ərzində sürətli şəkildə gözləri qırpmaq, daha sonra 7–10 saniyə fasilə vermək və hərəkəti 3–4 dəfə təkrarlamaq olar. Bu üsul göz səthinin nəmlənməsinə və yüngül gərginliyin azalmasına kömək edir.
Mütəxəssis həmçinin göz qapaqlarına təxminən 30 saniyə ərzində yüngül dairəvi masaj etməyi və gözləri bağlayaraq ovucları onların üzərinə ehtiyatla yerləşdirib 1–2 dəqiqə bu vəziyyətdə qalmağı tövsiyə edir. Daha sonra baxışı sağa və sola yavaş şəkildə 5–6 dəfə hərəkət etdirmək, müxtəlif məsafələrdə yerləşən obyektlərə növbə ilə fokuslanmaq mümkündür.
Oftalmoloq gözlərlə müxtəlif fiqurların “çəkilməsini”, gözlərin bir neçə saniyə sıx bağlanıb daha sonra geniş açılmasını və baxışın burun istiqamətində fokuslanmasını da faydalı məşqlər sırasında qeyd edib.
Həkim vurğulayıb ki, məşqlərin effektiv olması üçün onların mütəmadi, mümkün qədər hər gün eyni vaxtda yerinə yetirilməsi vacibdir. Bütün hərəkətlər isə sakit və yavaş şəkildə, qəfil və kəskin hərəkətlərə yol vermədən icra olunmalıdır.
//Gülnarə Abasova, Editor.az

