Sosial şəbəkələrin gündəlik həyatımızdakı rolunun artması insanların yalnız informasiya əldə etmə və ünsiyyət formasını deyil, öz həyatlarını qiymətləndirmə tərzini də dəyişib. Xüsusilə sosial platformalarda nümayiş etdirilən dəbdəbəli həyat tərzi, maddi imkanlar və zahirən qüsursuz görünən gündəlik yaşam tərzi müəyyən hallarda reallıqla virtual görüntü arasındakı fərqin arxa plana keçməsinə səbəb olur. Bu vəziyyət isə xüsusilə gənclərin öz həyatlarına, imkanlarına və şəxsi uğurlarına münasibətinə təsirsiz ötüşmür.
Mövzu ilə bağlı Editor.az-a danışan psixoloq Leyla Əli sosial şəbəkələrdə formalaşan “ideal həyat” təsəvvürünün insan psixologiyasına təsirlərini dəyərləndirib.

Psixoloq Leyla Əli Editor.az-a açıqlamasında bildirib ki, son illərdə sosial şəbəkələr gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib:
“İnsanlar burada əsasən ən xoşbəxt, uğurlu və parlaq anlarını paylaşırlar. Lakin bu görüntülər reallığın tamamını deyil, yalnız seçilmiş bir hissəsini əks etdirir.
Başqalarının “ideal” kadrlarını öz həyatımızla müqayisə etmək özünəinamı zəiflədə, narazılıq və qeyri-kafilik hissi yarada bilər. Xüsusilə gənclər gözəllik, uğur və həyat standartları ilə bağlı bu təsirlərə daha həssasdırlar.
Sosial media bəzən insanları ehtiyacdan çox, başqalarına uyğunlaşmaq naminə alış-veriş etməyə, hətta borclanmağa sövq edir. Halbuki insanın dəyəri sahib olduğu əşyalarla və ya qazandığı nailiyyətlərlə ölçülmür.
Sağlam istifadə üçün özümüzə iki sual verə bilərik: “Mən bunu həqiqətən istəyirəm, yoxsa başqalarında gördüyüm üçün?” və “Bu paylaşım məndə hansı hissləri yaradır?”
Əsas məqsəd başqalarının həyatına çatmağa çalışmaq deyil, öz həyatımızı dəyərlərimizə uyğun və mənalı yaşamaqdır”.
//Gülnarə Abasova, Editor.az

