KTMT-nin iclasında səsləndirilən fikirlərdəki ƏSAS HƏDƏFLƏR: Qazaxıstandan sonra NÖVBƏDƏ HANSI ÖLKƏDİR?backend

KTMT-nin iclasında səsləndirilən fikirlərdəki ƏSAS HƏDƏFLƏR: Qazaxıstandan sonra NÖVBƏDƏ HANSI ÖLKƏDİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünən KTMT-nin Qazaxıstanda baş verən hadisələrlə bağlı keçirilən iclasında bir sıra maraqlı fikirlər səsləndirildi. Görüşdə həm Rusiya Prezidenti Vladimir Putinin, həm Ermənistan baş naziri Nikol Paşinyanın sərsəm bəyanatları ilə yanaşı Belarus prezidenti Aleksandr Lukaşenkonun fikirləri də xüsusi diqqət çəkir.  Vladimir Putin çıxışı zamanı Qazaxıstanda baş verən hadisələri beynəlxalq terrorizmlə əlaqələndirdi, beynəlxalq terrorizmin Qazaxıstana və onun legitim hakimiyyətinə qarşı hücumu kimi qiymətləndirdi, hökumətin atdığı addımları və Qazaxıstanın legitim rejiminə qarşı KTMT üzvlərinin dəstəyini diqqətə çəkdi. Rusiya Prezidenti öz evi kimi qiymətləndirdiyi keçmiş MDB məkanı,  KTMT üzv dövlətlərin ərazilərində beynəlxalq terrorizmin genişləndirilməsinə imkan verməyəciyini xüsusi qeyd etdi. Düşünürəm ki, bu fikirlərin arxasında həm mənfi, həm də müəyyən müsbət mesajlar dayanır”.

Bu sözləri dünən Qazaxıstanda baş verən hadisələrlə bağlı keçirilən KTMT iclasında bəzi maraqlı məqamları Editor.az-a şərh edərkən “Qafqaz: əməkdaşlıq və inteqrasiya” klubunun sədri, politoloq Anar Əliyev deyib.

Politoloq bildirib ki,  Paşinyan  KTMT-nin iclasındakı çıxışı zamanı beynəlxalq terroristlərdən danışarkən mövzuya uyğun olmasa belə fürsətdən istifadə edib məsələni Ermənistanın Cənubi Qafqazda düşdüyü vəziyyət və 44 günlük müharibədə uduzma səbəbi ilə əlaqələndirməyə çalışdı:

“Paşinyan öz sərsəm bəyanatında bildirdi ki, guya ermənilər də Qarabağ müharibəsində beynəlxalq terroristlərlə üz-üzə idi. Çox maraqlıdır ki, 44 günlük müharibə və ondan sonrakı dövrdə Ermənistan və onun havadarları dəfələrlə Azərbaycan tərəfdən beynəlxalq terroristlərin Ermənistan ordusuna qarşı mübarizə apardığı fikrini səsləndirsələr də  bu günə qədər öz  iddialarını təsdiqləyəcək bir dənə də olsun fakt ortaya qoya bilməyiblər. Hansı ki, Azərbaycan xeyli sayda Ermənistan tərəfdən döyüşən  həm erməni terroristlərinin, həm də beynəlxalq terroristlərin məhkəmələrini həyata keçirib.  Hətta bu gün də Azərbaycan məhkəmələrində həmin terroristlərə qarşı istintaq davam edir”.

Anar Əliyev KTMT iclasında Belarus Prezidentinin də fikirlərində yer alan bəzi məqamları xüsusi diqqətə çəkib:

” Lukaşenko Qazaxıstanda baş verən hadisələri bir müddət əvvəl Belarusda baş verən, Qərb dairələri tərəfindən qızışdırılan  legitim hakimiyyətə qarşı həyata keçirilən
hadisələrlə əlaqələndirməyə çalışdı, eyni zamanda Orta Asiyada baş verən hadisələri beynəlxalq terrorizmin hücumu kimi qiymətləndirərək növbəti hədəf kimi Özbəkistanı göstərdi. Hesab edirəm ki, bu məsələdə Lukaşenko ustalıqla manevr edərək məhz Özbəkistanı göstərməklə onun KTMT-yə üzvlüyünə ehtiyac  olduğunu və başqa çıxış yolunun olmadığını qeyd etdi. Bildiyimiz kimi, Özbəkistan KTMT yaradılarkən hələ Kollektiv Təhlükəsizlik Müqaviləsi strukturunda hərbi birlik kimi formalaşmadığı  bir dövrdə Özbəkistan bu təşkilatın yaranmasında iştirak etmişdi. Amma sonradan Özbəkistan, Azərbaycan və Gürcüstan təşkilatdan uzaqlaşdılar. Yenidən 2006-ci ildə Özbəkistan  KTMT-nin tam hüquqlu üzvü olması ilə bağlı müraciət etdi və 2012-ci ilə kimi təşkilata üzv oldu. 2012-ci ildə isə üzvlükdən yenidən imtina etdi. Ona görə də Lukaşenkonun fikirlərində yer alan başlıca hədəflərdən biri Özbəkistanın KTMT-yə üzvlükdən başqa yolunun olmadığını onlara çatdırmaq idi. Məlumdur ki, Qazaxıstanda mövcud rejimə qarşı beynəlxalq terrorizm hücuma keçdi və bu hücum planlaşdırılan nəticə ilə yekunlaşmadığı üçün növbəti dövrlərdə Orta Asiyanın digər respublikalarında oxşar addımların atılma ehtimalı kifayət qədər güclüdür. Hesab edirəm ki, bu mənada Belarus Prezidentinin fikirlərindəki hədəflərdən biri də Orta Asiya Respublikalarında Qərb dairələri tərəfindən dəstəklənən, xüsusilə Ərəb dövlətlərinin çirkli pulları ilə maliyyələşən terrorist qrupların oxşar terror hadisələrini törətmə ehtimalları kifayət qədər yüksəkdir. Ümumiyyətlə, KTMT-nin dünənki iclası Qazaxıstanda baş verən hadisələrin mahiyyətini və sülhməramlı qüvvənin Qazaxıstan ərazisində qısa müddətli qalacağını aydınlaşdırdı”.

//Gülnarə Abasova, Editor.az