Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin silahlı qüvvələrinə məxsus hərbi hissələrdən birinə baş çəkərkən Rusiyadan tədarük edilən “İskəndər-M” operativ-taktiki raket kompleksləri barədə diqqətçəkən bəyanat verib. Dövlət başçısı bu hərbi texnikanı uzun illərdir xəyal etdiyini etiraf edib.
NOCOMMENT.az Belarus mediasına istinadən xəbər verir ki, Lukaşenko hərbçilər qarşısında çıxış edərkən bu silahın ölkənin müdafiə qabiliyyəti üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Belarus lideri hərbi qulluqçularla söhbəti zamanı hisslərini bu cür ifadə edib: “Vaxtilə mən bu maşın barədə xəyal edirdim. Bu gün isə onlardan bizdə bir dənə deyil, bir neçə dənədir. Və siz bunun nə qədər yaxşı bir silah olduğunu məndən daha yaxşı bilirsiniz”.
Qeyd edək ki, nüvə başlığı da daşıya bilən “İskəndər-M” raket kompleksləri Rusiyanın hərbi yardımı çərçivəsində Belarus ordusunun arsenalına daxil edilib və ölkənin qərb sərhədlərinin təhlükəsizliyində əsas strateji rıçaqlardan biri hesab olunur.



