Mama-ginekoloqla Paşinyanın Ərəbkir davası və Azərbaycana qarşı murdar ssenaribackend

Mama-ginekoloqla Paşinyanın Ərəbkir davası və Azərbaycana qarşı murdar ssenari

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda Azərbaycanın 1992-93-cü illəri yaşanır. Hakimiyyətlə müxalifət arasında kəskin qarşıdurma özünün pik həddinə çatıb. Məğlub ölkə hələ də özünə gələ bilmir, üstəlik, xaricdəki katalizatorlar da Ermənistanda sabitliyin olmasında maraqlı deyillər, çünki planları pozulub, “bulanıq suda balıq tutmaq” vərdişlərindən əl çəkənə oxşamırlar.

Nikol Paşinyan hələ ki, dirəniş göstərir, amma anlayır ki, 7 iyun səddini aşmaq elə də asan olmayacaq. Paşinyan təkcə üzdə olan Robert Köçəryan kimi canilərlə, Samvel Karapetyan kimi konkret tapşırıqlarla Kaluqadan İrəvana gəlmiş iddiaçı ilə, “5-ci kolon”un liderləri ilə döyüşmür ki…Ermənistanın mövcud hakimiyyəti Rusiyanın da əsəblərini qazır, İranın da…Rusiyanın mövqeyi bəllidir, Avropa İttifaqı ilə, Makronla bu qədər isti qucaqlaşmanın axırının yaxşı olmayacağını, Cənubi Qafqazdakı Ermənistan qalasının əldən çıxacağını anlayır.

1754116262.jpg (54 KB)

İran da uzun müddət idi Ermənistan ətrafında “qırmızı xətt” çəkmişdi, son aylar öz başının çarəsinin hayındadır. Amma iranlı ekspertin “ay haray, qoymayın, Paşinyan Kərki kəndini qaytarır, Ermənistan-İran magistralı Azərbaycanın nəzarətinə keçəcək”, şivəni də heç şübhəsiz, bəlli mərkəzlərin tezislərindən qaynaqlanır. İran Şurnuxu müsibətini unutmayıb, ona görə də Kərkiyə görə narahatdır. Amma həm də Ermənistan bu ölkənin radikalları üçün uzun onilliklər ərzində Azərbaycana qarşı təzyiq aləti rolunu oynayıb. Qarabağ, Şərqi Zəngəzur azad ediləndən sonra Qafanda açılan baş konsulluq da elə-belə deyildi. Üstəlik, Tramp marşrutu – Zəngəzur dəhlizi reallaşır. Amma İrandakı şovinistlər heç olmasa prezident Məsud Pezeşkianın məsləhətlərinə qulaq kəsilib, qonşuları ilə normal münasibətlər qurulmasına cəhd göstərmirlər. Rusiya və İranın Ermənistana bəlli münasibəti aydındır. Amma qəribəsi budur ki, Avropadakı bəzi çevrələr də Paşinyan hakimiyyətinə qarşı revanşistlərin çıxışlarını gizli və dolayı şəkildə dəstəkləyirlər. Nonsensdir!

DAHLİZ.jpg (240 KB)

Bir tərəfdən Avrointeqrasiya xətti yürüdən Paşinyanla normal münasibətdən bəhs olunur, digər tərəfdən də ona qarşı çıxan canilərin əlinə işləyən proseslərə rəvac verirlər. Elə Avropa Parlamenti və AŞPA-nın Azərbaycana qarşı qərəzli çıxışları, Ermənistandakı revanşistlərin səsinə səs verməsi son nəticədə həm də Nikol Paşinyanın Azərbaycanla apardığı sülh prosesinə zərbədir. Bu barədə Bakıdan dəfələrlə xəbərdarlıqlar edilib, dövlət başçısı, parlament, ayrı-ayrı rəsmilər səviyyəsində. Amma xeyri yoxdur. Çünki həmin avropalı “demokrat”lara belə sülh lazım deyil, onlar özləri istədikləri kimi “sülh”ü bərqərar etmək istəyirlər, prosesdə nəinki iştirak etməklə, hətta prosesin başında dayanmaqla və lazım gələndə geridönüşə, qarşıdurmaya nail olmaqla öz ssenariləri əsasında “sülh tamaşası”nın qurulmasında maraqlıdırlar. Azərbaycan Prezidentinin təkliflərinin Ermənistan hakimiyyəti tərəfindən qəbul olunması həmin qüvvələri narazı saldığı üçün aqoniya vəziyyətində ortalığı qarışdırmaq istəyirlər.

İLHAMİ SON.jpg (55 KB)

Axı, bunlar vaxtilə Robert Köçəryanı, Serj Sərkisyan kimi caniləri, Qukasyan kimi baş separatçıları Brüsseldə, digər məkanlarda başa çxıarırdılar, erməni diasporunun maliyyəsindən bəhrələnən, üzərinə öhdəlik götürənlər həm də Cənubi Qafqazdan qovulan Minsk Qrupunun yerində olmaqdan ötrü vurnuxurlar. Beləliklə, Ermənistandakı revanşistlərin Paşinyana qarşı mübarizəsini təkcə Rusiyadakı çevrələr, Kopırkin kimi səfir deyil, yaxud cənub qonşumuzun İrəvandakı diplomatı Şirqulami, ya Tehrandakı bəlli şəxslər deyil, həm də Avropada, Amerikadakı ayrı-ayrı ermənipərəst dairələr də dəstəkləyir. Deməli, vaxtilə Qarabağın qoparılması üçün de-fakto koalisiya təşkil edənlər bu gün bir-birinə qarşı düşmən münasibətində olsalar belə, yenə də Ermənistandakı proseslərə müdaxilədə eyni mövqedən çıxış edirlər. Hətta üzdə qərbpərəst Paşinyanı müdafiə etdiklərini deyənlər də arxada onun ayağının altını qazanlarla bir yerdədirlər. Əsas məqsəd bəlli: onlara bu bölgədə sabitliyin belə tezliklə əldə olunması lazım deyil. Görmürsünüzmü, az qala hər ay bir-iki təşkilatdan Qarabağın separatçı ermənilərinə dəstək bəyanatları, qətnamələri gəlir, Azərbaycan dövlətinin Ermənistana taxıl yolu açması, yanacaq göndərməsini görməz olanların hikkəli mövqeləri eşidilir? Üstəlik, Türkiyə ilə Ermənistan arasında da münasibətlərin normallaşmasına start verilib və bu, bir çoxlarını hövsələdən çıxarır. Bəs bundan sonra saxta “soyqırımı” tamaşası necə olacaq? Bir əsrdən çox müddətdə Ermənistanı “soyqırımı çidarı” ilə idarə edən qüvvələrin əsas imkanı əldən çıxır, nə etməli? Məhz buna görə də Qarabağ ermənilərinin köçü məsələsi ətrafında şounu davam etdirirlər. 2023-cü ildə Qarabağ erməniləri könüllü şəkildə Ermənistana köçərkən “ermənilər millət deyil”, söyləyir və Azərbaycana təşəkkür edirdilər, separatçıları lənətləyirdilər. Paşinyan özü də onların köçünə görə heç vaxt Azərbaycanı ittiham etməyib, çünki bunun üçün zərrə qədər də əsas olmayıb. Di gəl, əl çəkmirlər, Azərbaycana qarşı “genosid tamaşası” qurmaq üçün hər cür alçaqlığa, əclaflığa, saxtakarlığa əl atırlar! Darmadağın edilən minlərlə azərbaycanlı qəbirləri, tarixi, mədəniyyət abidələri yada düşmür, amma xəyali “erməni abidələri”, “erməni irsi” haqqında iddiaları tirajlayırlar.

Özü də bu ssenarinin müəllifləri və iştirakçıları hətta Nikol Paşinyana qarşı da amansızcasına davranırlar. Bu gün, mayın 18-də İrəvanın Ərəbkir rayonunda hakim Vətəndaş Müqaviləsi partiyasının seçki kampaniyası zamanı mama-ginekoloq Arpine Soqoyan məzuniyyətdə olan Ermənistanın baş naziri Nikol Paşinyana yaxınlaşaraq onun “vətənini oğurladığını” iddia edib. Müharibədə itkin düşən şəxslərin siyahısında adı olduğu bildirilən yüksək rütbəli zabitin bacısı olan qadınla bir neçə dəqiqəlik söhbətdən sonra Paşinyan qəzəblənib və dayanmadan qışqıraraq Ermənistanın keçmiş prezidentlərini, həmçinin “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanı və “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanı hədələyib. Paşinyan xüsusilə Qarabağdan olan Ermənistanın ikinci prezidenti Robert Köçəryanı sərt tənqid edib. “Qarabağ ləhcəsi ilə danışanların maskasını çıxardacağam. Rob balaları, Serj balaları, Qaqonun balaları, Kaluqa balaları, kobudluq maskasını çıxaracağam, onları tapdalayacağam”, – Nikol Paşinyan qışqıraraq xəbərdarlıq edib.

Erməni mediası yazır ki, Soqoyan Paşinyanı Qarabağı təslim etməkdə və minlərlə gəncin ölümünə səbəb olmaqda ittiham edib.

“Vətənimi oğurladın və oğurlamaqda davam edirsən. Xalqımın bütöv bir gənc nəslini məhv etdin. Uşaqlarımı məndən aldın, qardaşımı məndən aldın”, deyən qadın aldığı təlimata uyğun şəkildə baş nazirə cavab verib. Düzdür, Paşinyan da sakitləşməyib və qadın getmək istəyəndə hətta onun əlindən tutub və axıradək qulaq asmasını tələb edib. Ancaq qadını deyil, Kaluqadan qaçan Samvel Karapetyanı, Qarabağdan qaçıb gedən Köçəryan, Sərkisyan kimi Xocalı canilərini hədələyib, onların müharibədən qaçdıqlarını xatırladıb.

Bundan əvvəl Paşinyan bir dəfə metro qatarında, sonra isə küçə görüşləri zamanı Qarabağdan getmiş ermənilərin hədəfinə tuş gəlmişdi. Belə aydın olur ki, Qarabağ ermənilərindən Paşinyana qarşı məharətlə istifadə edirlər. Amma Nikol da hər belə “duet”dən sağ çıxmağı bacarır, hətta cani sələflərinin cinayətlərini sandıqdan çıxartmaq imkanları əldə edir.  Mama-ginekoloqla Paşinyanın Ərəbkir davası Azərbaycana qarşı murdar ssenarinin bir hissəsidir. Gələcəkləri varsa, görəcəkləri də var: DƏMİR YUMRUQ sağ olsun!!! 

Musavat.com