Məsud Pezeşkian İranın üzləşdiyi xarici təzyiqlərə baxmayaraq geri addım atmayacaqlarını bildirib. Tehran şəhərində beynəlxalq yarışlarda medal qazanan idmançılarla görüş zamanı çıxış edən Pezeşkian ölkəsinin təhdidlər qarşısında təslim olmayacağını vurğulayıb.
Editor.az xəbər verir ki, İran prezidenti bildirib ki, bəzi dünya gücləri ölkəsini təzyiq və zorakılıq yolu ilə boyun əyməyə məcbur etmək istəyir. O qeyd edib ki, İran xalqı indiyədək çətinliklər qarşısında geri çəkilmədiyi kimi, hökumət də mövcud problemlər qarşısında geri addım atmayacaq.
Pezeşkian çıxışında milli həmrəyliyin vacibliyini də önə çəkib. O, bütün fərqliliklərin və daxili problemlərin bir kənara qoyulmasının zəruri olduğunu bildirərək, xalqın vahid mövqedən çıxış etməsinin ölkənin qarşısındakı çətinliklərin aradan qaldırılmasına kömək edəcəyini deyib.
İran prezidenti hökumətin mövcud problemlərin həlli üçün fəaliyyətini davam etdirəcəyini və ölkədə yaranmış sosial yaraların birlik içində sağaldılmasının vacib olduğunu da əlavə edib.
//Gülnarə Abasova, Editor.az


