Mövcud sənədlərə yenidən baxılır?- “Bununla da erməni terrorçuları Qarabağdan çıxarılacaq”- MÜHÜM DETALLARbackend

Mövcud sənədlərə yenidən baxılır?- “Bununla da erməni terrorçuları Qarabağdan çıxarılacaq”- MÜHÜM DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az 2022-ci ildə Cənubi Qafqazda baş verəcək proseslərin gedişatını siyasi analitik Asif Nərimanlı ilə müzakirə edib.

-Asif bəy, 2020-ci il kimi 2021-ci il də Azərbaycan tarixində xeyli uğurlu hadisələrlə yadda qaldı. Sizcə, bəs, 2022-ci ildə proseslər hansı istiqamətdə inkişaf edəcək?

-Hesab edirəm ki, hazırda Azərbaycanla Ermənistan arasında iki əsas aktual məsələ var ki,  biri sərhədlərin müəyyənləşməsi, digəri isə kommunikasiyaların açılmasıdır. Sərhədlərin delimitasiya və demakrasiya prosesi daha cari dövrdə həyata keçirilə bilər. Bu yeganə məsələdir ki, Bakı, Ankara və Moskvanın fikirləri üst-üstə düşür. O cümlədən İrəvan da məcburdur ki, bu prosesi yekunlaşdırsın. Hətta Paşinyan son müsahibəsində erməni cəmiyyətinə mesaj verdi ki, sərhədlərin müəyyənləşməsi məsələsi heç də Ermənistanın əleyhinə deyil. Bununla da o demək istəyir ki, Ermənistan proseslərə qoşulmağa məcburdur. Soçi görüşündə bununla bağlı ikitərəfli kommunikasiyanın yaradılması razılaşdırılıb. Azərbaycan Prezidenti İlham  Əliyev ilin yekunu ilə bağlı xalqa müraciətində qonşu ölkələrlə haqqında danışarkən bildirdi ki, rəsmi Bakı yaxın gələcəkdə də Ermənistanla qonşu ölkə kimi danışmağa ümid edir. Eyni zamanda Prezident qeyd etdi ki, Soçi və Brüssel görüşlərindən konkret razılaşmalar əldə edilib. Bakının gözləntisi həmin razılaşmaların 2022-ci ildə reallaşacağı istiqamətindədir.  Sərhədlərin müəyyənləşməsində region qüvvələrində fikir ayrılığı görünmür. Beləliklə bu ilin əvvəlində prosesin praktiki mərhələyə keçəcəyini gözləmək olar.

-Proseslərdə Moskvanın mövqeyi sizcə hansı istiqamətdə olacaq?

–  ABŞ-Rusiya, NATO-Rusiya qarşıdurması son günlər güclənib. Bununla bağlı yanvar ayı boyu görüşlər gözlənilir. Bu görüşlər problemləri həll etməyəcək, qarşıdurma sonrakı dövrlər də davam edəcək. Bu qlobal toqquşma fonunda Rusiyanın Cənubi Qafqazda da razılaşmalarının müəyyən bir praktiki mərhələdə icrasına çalışacağını hesab edirəm. Çünki Qərb-Rusiya qarşıdurmasının əsas cəbhələrindən biri də Cənubi Qafqazdır. Rusiya çalışacaq ki, özünün vasitəsilə burada əldə edilən razılaşmalarda irəliləyiş olsun ki, kənar qüvvələrə prosesə müdaxilə imkanları yaranmasın. Ermənistanın Brüssel görüşü ilə bağlı Avropa İttifaqına müraciəti göstərdi ki, qərb qüvvələri davamlı olaraq proseslərə qoşulmaq istəyirlər. Rusiya bir növ buna imkan yaratmaq istəmir. Bu baxımdan ən aktual məsələ olan sərhədlərin müəyyənləşməsinə çalışacaq. Məlum məsələdir ki, Qarabağda hələ də terrorçular qalıb. Bununla bağlı 10 noyabr bəyanatının bəndi icra edilməyib. Qarabağla bağlı müəyyən fikir ayrılıqları olduğu üçün bu, sonrakı mərhələyə saxlanılır. Hazırda əsas gündəm sərhədlərin delimitasiya və demakrasiya proseslərinin həyata keçirilməsidir. Hesab edirəm ki, yaxın zamanda bununla bağlı ikitərəfli kommisiyanın yaradılacaq və ardınca da prosesin praktiki icrasına başlanacaq. Bu, o demək deyil ki, qısa zamanda sərhədlər müəyyənləşəcək. Sadəcə bu istiqamətdə müəyyən irəliləyişlər gözləniləndir. Proses ilk öncə delimitasiya müqaviləsinin imzalanması, sərhədlərin xəritələr üzərində razılaşması ilə başlanacaq.

– Rusiya-Qərb qarşıdurmasından söhbət açdınız. Bu gərginlik  Cənubi Qafqazda özünü necə göstərəcək?

– Rusiya Cənubi Qafqaz problemlərinin həllində tarix boyu maraqlı olmayıb. Lakin indiki situasiyada Moskva məcburdur ki, özünün vasitəsilə əldə edilmiş razılaşmalar icra edilsin. Sərhədlərin müəyyənləşməsi prosesi 10 noyabr razılaşmasının 4-cü bəndin icrasına da təsir edə bilər. Erməni qoşunları bundan sonra Azərbaycan ərazisindən çıxarılmalıdır.  İki ölkə arasında sərhədlər müəyyənləşirsə, bir ölkənin qoşunları digərinin ərazisində qalmamalıdır.  Azərbaycan-Ermənistan arasında digər aktual məsələlərdən biri də kommunikasiyaların açılmasıdır. Məlumdur ki, Ermənistan Zəngəzur koridorunun “dəhliz” məntiqi ilə açılmasını istəmir. Brüsseldə də dolayısı ilə belə bir razılaşma əldə edildi. Lakin  dəmir yolu və avtomobil yollarının tikintisi ilə bağlı konkret razılaşmalardan gedir. Bunun “dəhliz”və ya “yol” məntiqi ilə istifadəyə verilməsi sonrakı mərhələdir. İndiki dövrdə Brüssel  razılaşmasından çıxan nəticə bütün tərəflərə sərf edir. Paşinyan bununla Ermənistan daxilində Zəngəzur dəhlizi məsələsinə qarşı etirazın qarşını almış kimi görünür. Bakı üçün indiki məqamda  əsas məsələ avtomobil, dəmir yollarının inşasına başlamaqdır. Lakin Zəngəzur dəhlizi yol məntiqi ilə açılırsa, Azərbaycan da buna qarşılıq Laçın dəhlizində  post quracağını bildirib. Rəsmi Bakı hər iki dəhlizin eyni rejimlə işləməsi təklifini irəli sürüb. Bu isə Rusiyanı çətin vəziyyətə salır. Çünki Rusiya həm Laçın, həm də Zəngəzur dəhlizində nəzarəti əldə saxlamaq istəyirdi. Rusiya XİN nazirinin müavini Andrey Rudenko son açıqlamasında kommunikasiyaların açılması ilə bağlı vahid sənədlər paketinin yenidən işlənməsi fikrini irəli sürüb. Bu, isə proseslərin artıq fərqli istiqamətdə inkişaf etdiyini göstərir. Hansı ki, bundan belə nəticəyə gəlmək olar ki, 10 noyabr razılaşmasının kommunikasiyaların açılması ilə bağlı 9-cu bəndinə və 11 yanvar bəyanatına, bir sözlə mövcud sənədlərə yenidən baxılır. Ola bilər ki, mövcud razılaşmaların mətni dəyişdirilsin, Rusiya ordusunun nəzarəti öhdəliyinə də yenidən baxılsın. Bu isə bir qədər uzun prosesdir. Hətta ən azı ilin sonuna çəkə bilər. Çünki razılaşmalara yenidən baxılırsa, bu, zaman alacaq. Lakin tərəflər masada müəyyən fikir ayrılıqlarına malik olsalar da, işin praktik icrasını həyata keçirmək istəyirlər. Razılaşdırılmayan məqamlar sonradan da həll edilə bilir. Rusiya Cənubi Qafqazda münaqişələrin həllində heç bir zaman maraqlı olmayıb və öz hakim mövqeyini saxlamağa çalışıb. Bakının da strategiyası budur ki, Moskva ilə qarşıdurmaya getmədən prosesləri həll etsin. Azərbaycan Rusiyanın da maraqlarını nəzərə alaraq hərəkət edir. Bu düzgün strategiyadır.. Əks hal prosesləri həll etməz. Təbii ki, Türkiyənin Cənubi Qafqazdakı nüfuzu Azərbaycanın da əlini gücləndirən faktdır. Müəyyən fikir ayrılıqları olsa da Cənubi Qafqaz münaqişələrində irəliləyişlər əldə olunacaq. “3+3” formatı da buna kömək edəcək. Həm Rusiya, həm Türkiyə bu formatın inkişafında maraqlıdır. Rusiya-Qərb qarşıdurmasının təsirləri də Cənubi Qafqazda özünü göstərəcək və bunun fonunda Türkiyə, Rusiya çalışacaq ki, əldə edilən razılaşmalar tezliklə yerinə yetirilsin.

//Gülnarə Abasova, Editor.az