Müharibənin yeni sirrləri AŞKARLANDI – DETALLARbackend

Müharibənin yeni sirrləri AŞKARLANDI – DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada davam edən müharibənin Kiyevlə Moskva arasında sülh danışıqları ilə başa çatacağına ümidlər səngimir.

Danışıqların təfərrüatları, müzakirə edilən məsələlərin detalları və tərəflərin mövqeləri sirr saxlanır, bu barədə təfərrüatlı açıqlamalar verilmir.

Lakin Rusiyanın danışıqlarla bağlı istəklərinin, daha doğrusu, tələblərinin məcmusu artıq bəllidir.

Həmin tələbləri 4 əsas, Moskvanın prioritet saydığı bloklara bölmək olar.

1. Ukrayna hər hansı hərbi bloka qoşulmamalıdır. Moskva tələb edir ki, Ukrayna heç bir halda NATO üzvü olmasın. Ukrayna ilkin razılığını bildirib, amma təhlükəsizliyinin beynəlxalq səviyyədə təmin olunmasını istəyir. Yəni Kiyev bir neçə dövlətin qarant rolunda çıxış etməsində təkidlidir. Bir qədər də konkret olsaq, ukraynalılar təhlükəsizliklərinin Şimali Atlantika Alyansının Nizamnaməsinin 5-ci maddəsinə uyğun olmasını istəyirlər. Bu isə o deməkdir ki, Ukraynanın ərazi bütövlüyünə, sərhəd toxunulmazlığına real təhlükə olarsa, qarant ölkələr Kiyevə birbaşa və təcili hərbi yardım etməlidir.

2. Ukrayna demilitarizasiya olunmalıdır. Moskva tələb edir ki, Ukraynanın Silahlı Qüvvələrində şəxsi heyətin sayı məhdudlaşdırılsın, minimuma endirilsin. Ukrayna buna qarşı çıxır, ordusunu indiki say heyətində saxlamaq istəyir. Moskva isə bəyan edir ki, Ukraynanın ordusu indikindən bir neçə dəfə kiçik olmalı və ukraynalılarda uzaqvuran sistemlər olmamalıdır.

Konkret olsaq, Rusiya tələb edir ki, Ukrayna ordusunda şəxsi heyətin sayı 50 min nəfərdən artıq olmamalıdır. Ukrayna Prezidenti Volodimir Zelenski isə administrasiyasına göstəriş verib ki, danışıqlarda Finlyandiya modelini müzakirə etsinlər, yəni Ukrayna ordusunun sayı əhalinin sayı ilə korrelyasiya edilsin. Finlandiyada 5,5 milyon əhaliyə 21500 hərbçi düşür. Ukraynada isə hazırda 42,3 milyon insan yaşayır.

3. Ukraynanın siyasi quruluşu dəyişməlidir. Rusiya tələb edir ki, Ukraynanın hakimiyyətində və Ali Radada sağçı radikal elementlər kənarlaşdırılsın. Lakin reallıq odur ki, hazırda məhz həmin qruplaşmalar Ukraynadakı müharibədə Rusiyaya daha aktiv, effektiv müqavimət göstərir. Üstəlik, bu qruplar Ukraynanın ictimai məkanında çox fəaldır.

4. Ukraynanın sərhədlərinə yenidən baxılmalıdır. Rusiya tələb edir ki, Ukrayna de-fakto və de-yure olaraq Donetsk, Luqansk və Krımla birdəfəlik vidalaşsın. Ukrayna isə sözügedən məsələdə əsla güzəştə getməyəcəyini bəyan edib.

Danışıqlarda bağlı qapılar arxasında nəyin və necə müzakirə olunmasından asılı olmayaraq prosesin taleyi indi Donetsk və Luqanskda gedən döyüşlərdə həll olunur. Rusiya həmin istiqamətdə hərbi əməliyyatları daha da aktivləşdirməyə hazırlaşır. Çünki Moskva anlayır ki, “ərazi-sərhəd məsələsi”ni hərbi uğurlar olmadan həll edə bilməyəcək.

Eyni zamanda danışıqların bütün istiqamətləri bir-biri ilə qarşılıqlı bağlantıdadır. Onlardan heç biri ilə bağlı əlahiddə razılaşmanın mənası yoxdur. Bir istiqamətdəki uğursuzluq bütün nəticəni alt-üst edə bilər.

Rusiyanın əsas məqsədi isə, bəlli, Ukraynada hakimiyyət dəyişikliyidir.

milli.az