Polşaya düşən raketlər Rusiya tərəfindən atılıb?- ” Artıq NATO-ya müraciət edilib”- Ekspertlərdən ŞƏRHbackend

Polşaya düşən raketlər Rusiya tərəfindən atılıb?- ” Artıq NATO-ya müraciət edilib”- Ekspertlərdən ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Polşanın Ukrayna ilə sərhədə yaxın ərazisinə raket düşüb.2 qanadlı raket Polşa-Ukrayna sərhədi yaxınlığında, Pşevoduv yaşayış məntəqəsindəki fermaya düşüb. Hadisə nəticəsində 2 polşalı fermer həlak olub. Raketlərin mənşəyi məlum deyil.

Son məlumatlara görə, Polşa artıq NATO-ya müraciət edib.

Dünya artıq Üçüncü Dünya Müharibəsinin astanasındadır, deyə bilərikmi?

Məsələ ilə bağlı Editor.az siyasi ekpertlərlə müzakirə aparıb. Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bildirib ki, Polşanın NATO-ya müraciəti Nizamnamənin 4-cü maddəsi ilə bağlıdır:

“NATO Nizamnaməsinin 4-cü maddəsinə əsasən  NATO üzvlərinin birinə kənar müdaxilə nəticəsində təhlükəsizliyinə təhdid yaranarsa, iclas çağırılır və 5-ci maddə müzakirə edilir. 5-ci maddə isə kollektiv müdaxilə ilə bağlıdır. Əgər Polşa ərazisinə düşən raket doğurdan da Rusiyaya məxsus olarsa, bu zaman tədbir görüləcək. Məsələnin kökündə bir neçə məqam var. Hesab edirəm ki, Rusiya proseslərə Polşanı daxil etmək kimi səhv addım atmaz. Rusiyaya müdaxilə real görünmür. Ola bilər ki, NATO Hava hücumundan müdafiə sistemlərinin daha təkmil növlərini Polşaya yerləşdirə bilər. Bu daha real variant kimi gündəmdədir”.

Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov isə qeyd edib ki, Polşaya düşən  və iki nəfərin ölümü ilə nəticələnən raketlərin Rusiyadan tərəfindən atıldığı dəqiq müəyyən olunmayıb:

” Həm NATO-nun Baş katibi Yens Stoltenberq, həm də ABŞ-ın Prezidenti Co  Baydenin verdiyi açıqlamara görə raketlərin Rusiya tərəfindən atıldığı təsdiqlənməyib. Belə olduqda Polşanın NATO-ya nə üçün müraciət etdiyi müəmmalıdır. Əgər raketlərin Rusiya tərəfindən atıldığı müəyyən olunsa belə bu, Üçüncü Dünya Müharibəsinə gətirib çıxara bilməz. Ona görə ki, Stoltenberq və Bayden Müharibənin qarşısının alınması istiqamətində bəyanatlar verdi. Onların raketlərin Rusiya tərəfindən atıldığına inanmadıqları onu deməyə əsas verir ki məsələnin çox da şişirdilib müharibənin daha da qızışdırılmasının əleyhinədirlər. Bu gün NATO üzvləri Polşaya düşən raketlərlə bağlı iki cəbhəyə bölünüb. Bir tərəf iddia edir ki, raketlər  Rusiya tərəfindən atılıb və NATO məsələyə qarışmalıdır, digər tərəf isə əksinə…Hesab edirəm ki, raketin kim tərəfindən atıldığı dəqiqləşdikdən sonra tam qərar qəbul ediləcək. Hətta raketlərin Ukraynadan atılıb səhvən Polşa ərazisinə düşmə ehtimalı da var.  Raketlər Rusiya tərəfindən atılsa belə bu yeni müharibəyə səbəb olmayacaq. Hesab edirəm ki, NATO Polşanın Havadan Müdafiəsini gücləndirməklə kifayətlənəcək”.

//Gülnarə Abasova, Editor.az