Çanaqqala 18 Mart Universitetinin (ÇOMÜ) xəstəxanasında müalicə alan məşhur komediya aktyoru Cem Yılmazın son durumu açıqlanıb.
Bu barədə 18 Mart Universitetinin rektoru, professor Cüneyt Erenoğlu danışıb.
O, Cem Yılmazın sağlamlıq durumunun yaxşı olduğunu və hətta zarafat etdiyini bildirib.

Rektor deyib:
“Yılmazın zədələnmiş damarlarına professor Ercan Akşit və onun komandası tərəfindən uğurla müdaxilə edildi. Şükürlər olsun ki, hazırda vəziyyəti yaxşıdır. Bir qədər əvvəl onu ziyarət etdik. Hətta zarafat edir”.
Cüneyt Erenoğlu bildirib ki, Cem Yılmaza xəstəxanaya yeni gətirilmiş angioqrafiya cihazı vasitəsilə müdaxilə edilib.
“Şükürlər olsun ki, yeni cihazımız sayəsində bu vəziyyəti geridə qoyduq. Hazırda nəzarət altındadır. Hər şey qaydasında davam edərsə, onu palataya köçürəcəyik. Allah daha pisindən qorusun. Dövlətimizin imkanları ilə lazımi müdaxiləni həyata keçirdik. Əməyi keçən bütün həkimlərimizə təşəkkür edirəm”, – deyə rektor vurğulayıb.
ÇOMÜ Tibb Fakültəsinin Kardiologiya şöbəsinin müəllimi, professor Ercan Akşit də Cem Yılmazın səhhətinin yaxşı olduğunu bildirib.

Akşit qeyd edib ki, Yılmaz hazırda ürək tutmasının yarada biləcəyi mümkün ağırlaşmalara qarşı reanimasiya şöbəsində nəzarətdə saxlanılır.
Xatırladaq ki, ötən gün Cem Yılmaz Çanaqqalanın Ayvacık rayonundakı evində qəfildən özünü pis hiss edib. Yılmaza ilk olaraq Ayvacık Dövlət Xəstəxanasında lazımi tibbi müdaxilə göstərilib. Daha sonra Çanaqqala 18 Mart Universitetinin xəstəxanasına çatdırılıb.
Musavat.com

