Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) sosial şəbəkə hesabında məlumat verilib.
Xəbərdə bildirilir ki, təqsirləndirilən şəxs Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusuna əsasən, xuliqanlıq hərəkətləri etmə və özgənin əmlakına qəsdən zərər vermə maddələri üzrə axtarışda olub.
Polis əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri sayəsində həmin şəxs Gürcüstan-Türkiyə sərhədindəki “Sarp” gömrük-keçid məntəqəsinin ərazisində ələ keçirilib. Hazırda tutulan şəxsin Azərbaycana təhvil verilməsi üçün qanunvericiliyə uyğun olaraq müvafiq ekstradisiya prosedurları həyata keçirilir.

