Trampdan İran mesajı: Atəşkəs bitir, Tehran çıxılmaz durumdabackend

Trampdan İran mesajı: Atəşkəs bitir, Tehran çıxılmaz durumda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Trampın İranla əldə olunan müvəqqəti atəşkəsin uzunömürlü olmayacağına dair açıqlaması regionda geosiyasi gərginliyin yenidən yüksələ biləcəyini göstərir. Mövcud şəraitdə Vaşinqton-Tehran xəttində həm hərbi-siyasi təzyiq, həm də diplomatik manevrlər paralel şəkildə davam edir. Azərbaycan üçün isə əsas prioritet bölgədə sabitliyin qorunması, enerji marşrutlarının təhlükəsizliyi və regional risklərin minimuma enməsidir.

Politoloq Sədrəddin Soltanlı Editor.az-a açıqlamasında bildirib ki, İran və ABŞ arasında danışıqlar, atəşkəs və digər məsələlərlə bağlı həm İran hakimiyyətinin nümayəndələri, o cümlədən parlament sədri Məhəmməd Baqir Qalibaf, həm də ABŞ Prezidenti Donald Tramp tərəfindən verilən açıqlamalar kifayət qədər ciddi məzmun daşıyır:

“Lakin əsas məsələ ondan ibarətdir ki, İranla ABŞ arasında mövcud atəşkəs olduqca kövrək xarakter daşıyır və istənilən anda müxtəlif təxribatlar nəticəsində pozula bilər. Eyni zamanda, ABŞ bəyan edir ki, Hörmüz boğazı yalnız İran müəyyən şərtləri qəbul etdikdən sonra açıq qala bilər. Başqa sözlə, Tehran hakimiyyəti Hörmüz boğazı məsələsində özünü çıxılmaz vəziyyətə salıb. İran hesab edirdi ki, boğazı bağlamaqla qlobal iqtisadiyyata təsir göstərəcək və beynəlxalq təzyiqi ABŞ-yə yönəldə biləcək. Lakin bu plan baş tutmadı. Əksinə, ABŞ Hörmüz boğazı üzərində təzyiqləri artırmaqla İranı daha çətin vəziyyətə saldı. Çünki Hörmüz boğazı Tehran üçün həyati əhəmiyyət daşıyan strateji arteriyadır. Buna görə də hazırda nüvə proqramı ilə yanaşı, Hörmüz boğazına nəzarət məsələsi də əsas gündəm mövzularından birinə çevrilib. ABŞ hesab edir ki, İranın bu bölgəyə təkbaşına nəzarəti etibarlı deyil və boğaz üzərində birgə nəzarət mexanizmi formalaşdırılmalıdır. Beləliklə, Tehran hakimiyyəti özü üçün əlavə problem yaradıb”.

O bildirib ki, danışıqlar məsələsinə gəldikdə isə, bu proses gec-tez baş tutacaq:

“Çünki danışıqların baş tutmaması ilk növbədə İran hakimiyyətinin ziyanınadır. İran iqtisadiyyatı dərin böhran mərhələsinə yaxınlaşır və kollaps riski artır. Gündəlik neft ixracı demək olar ki, dayanıb, hasilat sahəsində çətinliklər yaranıb, çıxarılan neftin saxlanılması ilə bağlı problemlər mövcuddur. Bundan başqa, 80 milyonluq əhalinin gündəlik sosial tələbatları, məşğulluq və yaşayış məsələləri var. İran iqtisadiyyatına xarici sərmayə yatırılmır. Əhalinin ehtiyat resursları da uzunmüddətli deyil və tükənə bilər”.

S.Soltanlının sözlərinə görə, İran hakimiyyətinin mövcud vəziyyəti daha ağırdır:

“Bu vəziyyətdən çıxış yolu ABŞ-nin irəli sürdüyü şərtlərin qəbul edilməsidir. Bu baxımdan Trampın İranın yaxın vaxtlarda müqaviləni imzalayacağı ilə bağlı açıqlaması tərəflər arasında müəyyən istiqamətlər üzrə razılaşmaların əldə olunacağı ehtimalını artırır. Hesab edirəm ki, İranın ABŞ ilə yenidən müharibəyə getmək imkanları məhduddur. Çünki İran hakimiyyətinə dəstək verən xarici qüvvələrin kimliyi artıq daha aydın görünür. Bu qüvvələrdən biri Çindir. Çin İran hakimiyyətinə həm hərbi-texniki, həm də peyk kəşfiyyatı sahəsində yardım göstərib, ABŞ-nin regiondakı bazaları barədə məlumat ötürüb.

Təsəvvür edin ki, 2025-ci ilin yayında atdığı raketlərin bir hissəsi hədəfə çatmayan Tehran hakimiyyəti cəmi 8 ay ərzində ciddi hərbi potensial nümayiş etdirməyə başladı. Bu isə arxada müəyyən güclərin dayandığını göstərir. Digər tərəfdən, 2024-cü ilin yayında helikopter qəzasında həlak olmuş prezident İbrahim Rəisinin təhlükəsizliyini təmin edə bilməyən, prezident üçün xüsusi helikopter almaq imkanından məhrum olan, mülki aviasiyanı ehtiyat hissələri ilə təmin edə bilməyən bir hakimiyyət dünyanın ən müasir hərbi texnologiyalarına malik dövlətlə qarşıdurmada müqavimət göstərə bilir. Bu məqamda Çin və Rusiya faktorları diqqət çəkir. Başqa sözlə, İran hakimiyyəti ABŞ-yə qarşı müqavimətdə Çin və Rusiyanın əlində alətə çevrilib və bunun ağır nəticələrini İran əhalisi və iqtisadiyyatı yaşayır”.

“Son yayılan məlumatlara görə, İranın ali rəhbəri Müctəba Xameneyinin adından verilən açıqlamada Tehran hakimiyyətinin nümayəndə heyətinin danışıqlar üçün İslamabada gedəcəyi bildirilib. Bu isə ali rəhbərliyin danışıqlara razılıq verdiyini göstərir. Ona görə də hesab edirəm ki, Tehran hakimiyyətinin danışıqlardan başqa alternativi yoxdur və yaxın günlərdə bu istiqamətdə ciddi addımların atılması ehtimalı yüksəkdir”, – deyə politoloq sonda bildirib.

//Gülnarə Abasova, Editor.az