TÜRKİYƏ niyə RUSİYA ilə qarşı-qarşıya GƏLMƏK İSTƏMİR? – Politoloqdan AÇIQLAMAbackend

TÜRKİYƏ niyə RUSİYA ilə qarşı-qarşıya GƏLMƏK İSTƏMİR? – Politoloqdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qazaxıstandakı hadisələr Rusiyanın postsovet məkanında üstünlüyünün ona məxsus olduğunu, istənilən iqtisadi, siyasi, hərbi proseslərin, hadisələrin onun iradəsindən kənar baş vermədiyini bir daha göstərməyə çalışdı. Prosesin “tənzimlənməsi” üçün KTMT-nin qoşunlarının (əsasən Rusiyanın) Qazaxıstana “dəvət edilməsi” bunu bir daha sübut etdi. Moldova, Gürcüstan, Ukrayna, Azərbaycan və digər postsovet ölkələrinin ardınca Qazaxıstanda da rus qoşunlarının yerləşdirilməsi təsadüfi hesab edilə bilməz.

Hadisələrin, proseslərin təhlili bütün olanların əvvəlcədən hazırlanmış bir ssenari olduğu qənaətinə gəlməyə əsas verir. Xalqı öz mənafeyi üçün istifadə edən, daha sonra özünün geosiyasi maraqlarını həyata keçirməyə çalışan Kreml bununla SSRİ-nin reanimasiyası istiqamətindəki fəaliyyətini həyata keçirməyi düşünür”.

Bu sözləri Editor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Ramid Hüseynov deyib.

Onun sözlərinə görə 28 dekabr 2021-ci il tarixində Vladimir Putinin MDB dövlət və hökumət başçılarının qeyri-rəsmi görüşünü keçirməsi Rusiyanın geostrateji maraqlarının üzv dövlətlərin diqqətinə çatdırmaq məqsədini daşıdığı da güman edilir:

“Heç şübhəsiz ki, görüşdə Avrasiya İttifaqının və KTMT-nın sıralarının genişləndirilməsinin zəruriliyi bağlı istəklərini dilə gətirməklə əslində Rusiya SSRİ-ni yenidən bərpa etmək niyyətində olduğunu tərəflərə bir daha çatdırdığı ehtimal olunur. Qərb dünyasının və Türk Dövlətləri Təşkilatının hələlik məsələlərin hüquqi müstəvidə, dinc yolla həllinə tərəfdar olduqlarını və müvafiq yardımların edilməsinə hazır olduqlarını bəyan etməklə kifayətləniblər. TDT-nin bəyanatında deyilir ki, üzv ölkələr qazax xalqının sağlam düşüncəsinə güvənir və bu ölkədə vəziyyətin tezliklə normallaşacağına əminlik ifadə edirlər. “Qazaxıstan hakimiyyətinin sülhsevər şəkildə gərginliyi arxada qoymaya, sabitlik və əmin-amanlığı bərpa etməyə qadir olduğuna inanırıq. Qazaxıstan hökumətinə və xalqına lazımi dəstəyi verməyə hazır olduğumuzu bildiririk” – bəyanatda deyilir. Bəyanatdan da görünür ki, istər Türkiyə, istərsə də digər dövlətləri proseslərin əsas oyuncusunun Rusiya olduğunu nəzərə alaraq birbaşa müdaxilə etmək niyyətində olmadıqlarını nümayiş etdirirlər. Çünki hazırkı durumda qərbin ciddi iqtisadi təzyiqlərlə üz-üzə olan Türkiyə Rusiya ilə də münasibətləri gərginləşdirmək istəmir. Daha çox siyasi-diplomatik və ya danışıqlar yolu ilə məsələləri həll etməyə çalışır”.

Politoloq hesab edir ki, son zamanlar Türkiyənin artan nüfuzu, Cənubi Qafqazda, Orta Asiyada mövqelərinin möhkəmlənməsi, “Turan dövləti”, “Turan Ordusu” kimi ideyaların ortaya atılması Rusiyanı çox narahat edir:

“Xüsusilə də Qazaxıstanda rus dili ilə müqayisədə türk dilinə üstünlük verilməsi, Türkiyə təhsilli mütəxəssislərin vəzifələrə cəlb edilməsi və gələcəkdə Türkiyə ilə bağlı strateji layihələrin planlaşdırılması Rusiyanı tamamilə özündən çıxardır. Deməli, indiki halda Türkiyənin hadisələrə birbaşa müdaxilə edərək Rusiya ilə qarşı-qarşıya gəlmək istəməsi inandırıcı görünmür. Əksinə özünün geosiyasi mövqelərini möhkəmləndirməyə çalışan Türkiyənin Rusiya ilə bu məsələdə də düşünülmüş, sivil addım atacağı daha realdır. Digər tərəfdən Türkiyə indiki vəziyyətdə TDT-nin Türk dövlətləri üzərində böyük təsir gücünə malik olmadığını da yaxşı bilir. Hətta təşkilatın bir çox dövlətlərin həm də MDB üzvü olması, həmin dövlətlərin Rusiya ilə münasibətləri gərginləşdirəcək mövqe sərgiləməkdən çəkinəcəklərini də anlayır. Amma bütün bunlara baxmayaraq, 11.01.2022-ci il tarixində TDT-nin xarici işlər nazirlərinin keçiriləcək fövqəladə toplantısında Türk dövlətlərinin Qazaxıstana bu və ya digər formada dəstək verəcəkləri, proseslərin siyasi formada tənzimlənməsində rol oynayacaqları istisna edilmir. Dinc əhalinin hüquq və azadlıqlarının qorunmasında lazımi köməkliyin edilməsi ilə bağlı razılığın əldə edilməsi güman edilir”.

//Gülnarə Abasova, Editor.az