Ukraynadakı müharibə Qarabağa sıçrayır – Yeni SAVAŞ BAŞLAYIRbackend

Ukraynadakı müharibə Qarabağa sıçrayır – Yeni SAVAŞ BAŞLAYIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdə Nikol Paşinyanı günahlandıran, Azərbaycanla sülh müqaviləsi imzalanmasına qarşı çıxan Ermənistan müxalifəti yenə öz ampluasındadır. Şübhəsiz ki, Brüsseldə gerçəkləşən sülh danışıqları istiqamətində addımlar atıldığı bir vaxtda hakimiyyət əleyhinə etiraz aksiyalarının keçirilməsi bölgədə çaxnaşmanı təşviq etməyə hesablanıb.

Ermənistanda müxalifətin təşkil etdiyi mitinqlərdə əsas tələb Qarabağ məsələsində Azərbaycana məğlub olan iqtidarın hakimiyyətdən getməsidir. Mitinqlərə Ermənistanın keçmiş liderləri Serj Sarkisyan və Robert Köçəryanın rəhbərlik etdiyi keçmiş “Qarabağ klanı”nın himayəsindəki partiya rəhbərləri başçılıq edir ki, onların da əsasən əmrləri haradan aldığı məlumdur.

Serj Sarkisyanın və Robert Köçəryanın himayə etdiyi kütlənin əsasən tələbə və gənclər olması diqqətdən yayınmır. Bu o deməkdir ki, eks prezidentlərin rəhbərliyi dönəmini görən yaşlı və orta nəslin onlara inamı qalmayıb. Ermənistanın düşdüyü bu acınacaqlı vəziyyətə görə məhz Sarkisyan-Köçəryan cütlüyünü günahlandıran Nikol Paşinyan isə xalqın ona etimadını doğrultmaq üçün əlindən gələni etmək istəyir. O, Azərbaycanla yeni bir müharibənin dövlət olaraq mövcudluqlarının sual altına düşmələri ilə nəticələnəcəyini də yaxşı anlayır.

Hazırda İrəvanda mitinqlər keçirənlərin müəyyən pul müqabilində aksiyalarda iştirakını təsdiq edən faktları və buna rəğmən həmin etirazçıların sayının çox olmamasını nəzərə alsaq deyə bilərik ki, ermənilərin böyük əksəriyyəti hazırkı rəhbərliyin idarəçiliyindən məmnundurlar. Biz bunu 44 günlük müharibədəki ağır məğlubiyyətə baxmayaraq Ermənistan vətəndaşlarının Nikol Paşinyanı yenidən baş nazir postuna əsas namizəd kimi görməsi faktını diqqətdə saxlaya bilərik.

Təbii ki, bu etirazların pərdəarxasında əsas oyunçu Moskvadır. Moskvadan verilən tapşırıq əsasında küçələrə çıxan Sarkisyan-Köçəryan cütlüyü və onlardan bilavasitə asılı olan partiya rəhbərləri, bu yolla Rusiyanın növbəti sifarişini yerinə yetirməyə can atırlar. Etirazların Brüssel görüşünün ikinci raundunda İlham Əliyevlə Nikol Paşinyan arasında sülh sazişinin imzalanması yolunda önəmli razılığa gəlməsindən sonra alovlanması heç də təsadüfü deyil. Paşinyanın aprelin 19-da Moskva səfərindən sonra bu etirazlar daha geniş vüsət aldı, üstəlik artıq Ermənstan-Azərbaycan sərhəddində də silah səslərinin eşidilməsi deyilənlərin əyani sübutudur.

Sülh yolunda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin canfəşanlığı diqqətdən qaça bilməz. İstər onun Brüssel görüşündən sonra, istər Paşinyanın Moskva görüşü öncəsi və sonrası hər iki ölkə liderləri ilə telefon əlaqəsi yaradaraq sülh sazişi razılığına sadiqliyin önəmini diqqətə çatdıraraq ikitərəfli təmaslarda göstərdiyi aktivlik, eləcə də Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bu ərəfələrdə həm Azərbaycan, həm də Ermənistana səfərlər təşkil etməsi, bu azmış kimi Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında Brüsseldə görüşün təşkili Aİ-nin Bakı ilə İrəvan arasındakı gərginliyin sona çatmasında nə qədər maraqlı olduğunu bir daha nümayiş etdirir.

Lakin təəssüf ki, biz eyni istəyi Moskvadan görmürük. Düzdür, Rusiya regionda sülhün tərəfdarı olduğunu, iki ölkə arasında gərginliyə son verilməkdə maraqlı olduğu mənzərəsini yaradır. Amma məsələ praktik addımlara gələndə, istər 10 noyabr, 11 yanvar üçtərəfli bəyanatları olsun, istərsə də 26 noyabrda üçtərəfli formatda təşkil edilən Soçi görüşü zamanı sərhədlərin delimitasiya, demarkasiyası, kommunikasiyaların açılması məsələsi ilə bağlı Ermənistanın üzərinə götürdüyü öhdəliklərin heç biri bu vaxta kimi yerinə yetirilməyib.

Uzun illərdir Rusiyanın orbitindən kənara çıxa bilməyən, həm iqtisadi, həm siyasi cəhətdən böyük mənada Moskvadan asılı olan İrəvan necə ola bilər ki, əsas himayədarı ondan nəyisə istəsin, İrəvan imtina etsin?! Yəni Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq hökümətin Rusiyanın qarşısında belə müqavimət, iradə göstərməyə qətiyyəti varmı? Təbii ki, xeyr! Demək ki, Rusiya burada işinə yaradığı kimi oynayır.

Öncə mayın 1-də Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini qumbaraatan və pulemyotlardan fasilələrlə atəşə tutdu.

İndi isə İrəvanın əsas küçələrini bağlayan Ermənistan müxalifəti bu yolla Paşinyan hakimiyyətinə Bakı ilə sülh sazişi imzalayacağı təqdirdə həm onun baş nazir postundan getməsi üçün əllərindən gələni edəcəkləri mesajını verməyə çalşır. Lakin artıq ABŞ-la Rusiya arasında düşmənçilik həddinə çatan rəqabət Cənubi Qafqazda da ön plana çıxmağa başlayıb. Rusiyanı bütün dünyadan təcrid etməyi, Kremli beynəlxalq məkandan tamamilə sıxışdırmağı planlaşdıran Ağ Ev bu mənada, Azərbaycan və Ermənistan arasında sülh sazişinin hazırlanması prosesini dəstəkləməyin ən uğurlu seçim olduğunun fərqindədir.

Azərbaycan və Ermənistan arasında sülh sazişinin hazırlanması prosesinə Rusiyanın iştirakı olmadan üstünlük verən Qərb və ABŞ Moskvanın Cənubi Qafqazda vəziyyəti gərgin saxlamaq yolundakı cəhdlərinə qarşı planlı addım atmaqda davam edir. Bunun növbəti addımı kimi ABŞ dövlət katibi Entoni Blinken ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın görüşünü göstərə bilərik. Bu görüş Ermənistan və ABŞ arasında anlaşma memorandumunun imzalanması ilə yadda qaldı.

Blinken mətbuat konfransı zamanı qeyd edib ki, ABŞ Ermənistan və Azərbaycan arasında sülh dialoqunu alqışlayır. Şübhəsiz ki, bu, sıradan bir bəyanat deyil. Onu da nəzərə alaq ki, dünyanın “supergüc”ü tənəzzül dövrünü yaşayan Ermənistanla imzaladığı sənədlər sonrası belə bir bəyanat səsləndirir. Bu o deməkdir ki, ABŞ Ermənistan rəhbərliyinə Rusiyanın orbitindən çıxmaq üçün Azərbaycanla sülh sazişinin əsas məsələ olduğunu anlayır və İrəvana bunu reallaşdırmaq üçün yolundan dönməməyə səsləyir.

Biz bunu ABŞ-dan verilən açıqlamalarda da aydın sezirik ki, Ağ Ev Ermənistana Azərbaycanla ikitərəfli təmasların davam etdirilməsini məsləhət görür. Bununla da Vaşinqton çalışır ki, Rusiya Cənubi Qafqazda cərəyan edən bütün proseslərdə oyundankənar vəziyyətə düşsün. Son nəticədə isə Rusiyanın Cənubi Qafqazdan tamamilə kənarlaşdırılması mümkün olsun. Beləcə, Moskva bütün regional proseslərdən təcrid duruma düşməklə ən böyük rəqibləri qarşısında müqavimət göstərə bilməyəcək hala salınsın.

Rusiyaya bağlılığı ilə seçilən Ermənistan müxalifətinin Paşinyan hakimiyyətinin gözünü qorxutmaq məqsədilə kütləvi etiraz aksiyalarının sayını artırmaq cəhdi rəsmi İrəvanı Moskvanın diqtəsi ilə razılığa gəlmək məcburiyyətində qoyacaq ya yox, bunu qarşıdakı günlərdə daha aydın görəcəyik. Amma Ararat Mirzoyanın gözlənilmədən tez-tələsik Vaşinqtona çağırılması deməyə əsas verir ki, ABŞ-la Rusiya arasında Ukraynadakı olaylarla daha da kəskin xarakter almağa başlayan soyuq müharibə artıq Cənubi Qafqaz regionuna da sıçradı və iki nəhəngin mövqe savaşı nəticədə regionda yeni müharibəyə yol aça bilər.

Milli.az