Hikmət Çətin: "Azərbaycan qlobal tədbirlərin keçirildiyi məkana çevrildi"

13:49 | 22 Avqust, 2017

Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumu dünyanın hər yerindən gənclərin bir araya gələrək vacib məsələləri müzakirə etməsi üçün çox əlverişli şərait yaradır.
Bunu Trend-ə Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin deyib.
O qeyd edib ki, dünyada mövcud problemlərin həll edilməsi üçün dialoqa, təcrübə və fikir mübadiləsinə böyük ehtiyac var: “Bu baxımdan Qlobal Gənc Liderlər Forumu əhəmiyyətli platformadır. Gənclərə yol açmaq, onların gələcək liderlər kimi proseslərdə fəal iştirakına şərait yaratmaq çox önəmlidir”.
H.Çətin bildirib ki, Azərbaycan bu cür qlobal tədbirlərin keçirildiyi bir məkana çevrilib: “Bakıda çoxlu sayda qlobal forumlar və digər tədbirlər keçirilir. Əlbəttə bu, Azərbaycanın dünyada sülhün və sabitliyin bərqərar olunmasına verdiyi çox önəmli bir töhfədir”.
Xatırladaq ki, avqustun 21-dən Bakıda Qlobal Gənc Liderlər Forumu keçirilir. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə təşkil edilən forum avqustun 24-dək davam edəcək.
Forumun işində Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziya, İsrailin sabiq Prezidenti Dalia İtzik, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Seragəldin, Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin iştirak edirlər.
Foruma bir sıra digər nüfuzlu ictimai xadimlər, habelə iri korporasiyaların rəhbərlərindən ibarət 20-yə yaxın ali səviyyəli qonaq da dəvət olunub. Həmçinin tədbirə dünyanın 80-ə yaxın aparıcı gənc lider və tədqiqatçısı, dünyanın nüfuzlu ali təhsil ocaqlarının nümayəndələri, habelə bir sıra gənc iş adamları qatılıb.
Toplantı çərçivəsində keçirilən panel iclasları və qrup müzakirələrində gənc liderlər böyük siyasi təcrübəyə malik sabiq dövlət başçıları ilə interaktiv dialoq şəklində müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparırlar.
Forumda liderliyin fərdi qiymətləndirilməsi, müasir dövrün ehtiyac duyduğu liderlik formaları, qadın və kişi liderliyi arasındakı fərqlər, həmçinin liderliyin daxili və xarici hüdudları müzakirə olunur, debatlar təşkil edilir.