Deputat: Prezident İlham Əliyevin sosial sahəyə dair fərman və sərəncamları sözün əsl mənasında inqilabi qərarlardır

15:53 | 26 Mart, 2019

2019-cu il Azərbaycanın həyatına sosial islahatlar ili kimi daxil oldu. Bunu Trend-ə Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədovun fikrincə, Prezident İlham Əliyevin Azərbaycanda minimum əməkhaqqının, pensiyaların, müxtəlif təqaüdlərin, müavinətlərin artırılması, fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı fərman və sərəncamları bir daha göstərdi ki, əhalinin sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqamətidir.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev tərəfindən ardıcıl imzalanan fərman və sərəncamlar sosial həyatın bütün sahələrini əhatə edir: “Əhalinin bütün təbəqələri dövlət başçısı tərəfindən verilən fərman və sərəncamlardan faydalanır. Təkcə minimum əməkhaqqının artırılması 600 mindən çox insanın sosial vəziyyətinin yaxşılaşdırılmasına təsir etdi. Eyni zamanda, problemli kreditlərin həlli ilə bağlı sərəncam 800 mindən çox insanı əhatə edəcək. Məcburi köçkünlərə verilən müavinətlərin artırılması da xeyli sayda insanın sosial vəziyyətinin yaxşılaşmasına səbəb olacaq”.

Onun sözlərinə görə, Azərbaycanda bütün məsələlər – problemin ciddiliyi, onun həllinin büdcəyə, əhalinin rifah halının yüksəlməsinə təsiri, həlli üçün maliyyə imkanları, səmərəli tətbiq mexanizminin işlənib hazırlanması, icrası və icraya nəzarət və s. – hərtərəfli araşdırıldıqdan sonra müvafiq qərar qəbul olunur:

“Birmənalı demək olar ki, 2019-cu ilin əvvəlindən sosial sahədə qəbul olunmuş qərarlar öz miqyasına, əhatə dairəsinə görə sözün əsl mənasında inqilabi qərarlardır. Azərbaycan bu addımları ilə əhalinin sosial məsələlərinin həllində bütün dünyaya öz liderliyini nümayiş etdirir”.

//Trend