Yaxın zamanda Moskva ilə İrəvan arasında bu mövzuda müzakirələr gözlənilir
Ermənistanda iyunun 7-də keçirilən parlament seçkilərindən sonra İrəvan-Moskva münasibətlərində yumşalma gözlənilsə də, proses tam əks istiqamətdə inkişaf edir. Rusiya ardıcıl şəkildə iqtisadi təzyiq rıçaqlarını işə salır. Son olaraq Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (“Rosselxoznadzor”) iyulun 27-dən etibarən Ermənistandan süd və süd məhsullarının idxalını qadağan etdiyini açıqlayıb. Bu qərar Moskvanın İrəvana qarşı tətbiq etdiyi məhdudiyyətlərin davamı kimi qiymətləndirilir.
Musavat.com xəbər verir ki, yaranmış vəziyyəti şərh edən erməni politoloq Beniamin Matevosyan “8 iyundan sonra Ermənistan-Rusiya münasibətlərində heç nəyin dəyişmədiyi” qənaətindədir. Onun fikrincə, hakimiyyət seçkilərdən əvvəl cəmiyyəti “seçkilər bitsin, münasibətlər normallaşacaq” vədləri ilə sakitləşdirməyə çalışsa da, reallıq tam fərqli oldu.
Ekspert qeyd edir ki, əvvəlcə hakimiyyət nümayəndələri Rusiya ilə münasibətlərin şəxsi əlaqələr hesabına düzələcəyini iddia edirdilər. Sonradan isə diqqət Avropa İttifaqı və digər alternativ bazarlara yönəldildi. İndi isə rəsmi təbliğat “Rosselxoznadzor”u Avrasiya İqtisadi İttifaqını zəiflətməkdə və Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsini qızışdırmaqda ittiham edir. Paralel olaraq ölkədə Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının ölkədən çıxarılması ilə bağlı çağırışlar daha da intensivləşir.
Qeyd edək ki, 102-ci hərbi baza Rusiyanın Cənubi Qafqazdakı əsas hərbi dayaqlarından biri hesab olunur. Gümrü şəhərində yerləşən baza Rusiya ilə Ermənistan arasında imzalanmış saziş əsasında fəaliyyət göstərir və Ermənistanın hava hücumundan müdafiəsində, Türkiyə ilə sərhədin qorunmasında, eləcə də
regiondakı hərbi balansın saxlanılmasında mühüm rol oynayır. Bazada minlərlə Rusiya hərbçisi, tanklar, artilleriya sistemləri, zenit-raket kompleksləri və döyüş aviasiyası yerləşdirilib. Son illərdə Ermənistan hakimiyyətinə yaxın siyasi dairələrdə bazanın gələcəyi ilə bağlı müzakirələrin intensivləşməsi Moskvanın narahatlığını artıran əsas
amillərdən biri kimi qiymətləndirilir.
Matevosyanın fikrincə, Ermənistanda anti-Rusiya ritorikası təsadüfi proses deyil. O iddia edir ki, dövlət televiziyasında və digər hökumətyönlü media resurslarında Rusiyaya qarşı sərt mövqe sərgiləyənlər mütəmadi şəkildə efirə çıxarılır. Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrinin maliyyələşdirdiyi müxtəlif media layihələri və teleqram kanalları da bu prosesdə fəal iştirak edir.

“Ermənistan hakimiyyəti Rusiyanın hərbi iştirakını ölkədən çıxarmaq niyyətindən sanksiyalardan xeyli əvvəl qərar verib. Bu, ABŞ-nin keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun Ermənistana səfərindən sonra formalaşan siyasi kursla əlaqələdir” deyə, o bildirib. . Matevosyan iddia edir ki, həmin dövrdən etibarən Ermənistanın xarici siyasətində köklü dəyişikliklər planlaşdırılıb və ölkənin Rusiya ilə strateji əlaqələrinin mərhələli şəkildə zəiflədilməsi qarşıya məqsəd qoyulub. “Bu strategiya çərçivəsində 102-ci hərbi bazanın, Rusiya sərhədçilərinin, eləcə də ölkədə fəaliyyət göstərən iri Rusiya şirkətlərinin gələcəkdə Ermənistandan çıxarılması və ya fəaliyyət imkanlarının məhdudlaşdırılması nəzərdə tutulur. Moskva artıq bu planlardan xəbərdardır və məhz buna görə iqtisadi təzyiq mexanizmlərini mərhələli şəkildə işə salır. Ermənistan hakimiyyəti uzun müddət Avrasiya İqtisadi İttifaqının verdiyi iqtisadi üstünlüklərdən istifadə etməklə paralel şəkildə Qərbə inteqrasiya siyasətini davam etdirməyə çalışıb. Lakin 2025-ci ilin sonlarından etibarən Moskvanın yanaşması dəyişib və Rusiya artıq öz bazarından istifadə olunaraq anti-Rusiya siyasətinin maliyyələşdirilməsinə imkan vermək niyyətində deyil”.
O hesab edir ki, Ermənistan hakimiyyətinin ritorikasında ciddi ziddiyyət mövcuddur. Bir tərəfdən Rusiya bazarı “əhəmiyyətsiz” kimi təqdim olunur, digər tərəfdən isə həmin bazarın bağlanması hökumətdə ciddi narahatlıq yaradır. Onun fikrincə, bu, Ermənistan iqtisadiyyatının hələ də Rusiyadan yüksək dərəcədə asılı olduğunu nümayiş etdirir.
Politoloqun qənaətincə, “Rosselxoznadzor”un son qərarı birdəfəlik addım deyil, Ermənistan-Rusiya münasibətlərində yeni mərhələnin başlanğıcıdır. Onun fikrincə, iqtisadi sanksiyalarla yanaşı, 102-ci hərbi bazanın gələcəyi də yaxın dövrdə Moskva ilə İrəvan arasında əsas müzakirə mövzularından birinə çevriləcək. Politoloq hesab edir ki, artıq əsas sual yeni sanksiyaların tətbiq olunub-olunmayacağı deyil, onların nə vaxt tətbiq ediləcəyidir.
Musavat.com

