Qan durulaşdırıcı dərman qəbul edənlər bu qidalara diqqət etməlidirbackend

Qan durulaşdırıcı dərman qəbul edənlər bu qidalara diqqət etməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi qida məhsulları dərman preparatlarının təsirinə təsir göstərə bilər. Xüsusilə qan durulaşdırıcı dərman qəbul edən şəxslərin qidalanmasına diqqət etməsi vacibdir.

Editor.az-ın məlumatına görə həkim farmakoloq Dmitri Sıçov bildirib ki, bəzi qidalar dərmanların təsirini zəiflədə, bəziləri isə preparatların orqanizmdə təsirini gücləndirə bilər.

Onun sözlərinə görə, xüsusilə varfarin qəbul edən şəxslər yaşıl tərəvəzlərin istehlakına nəzarət etməlidirlər. Bu məhsulların tərkibində yüksək miqdarda K vitamini olduğundan, onların həddindən artıq qəbulu varfarinin təsirini zəiflədə bilər. Nəticədə preparatın effektivliyi azala və pasiyentin daha yüksək dozaya ehtiyacı yarana bilər.

Mütəxəssis bəzi antibiotiklərin süd məhsulları ilə birlikdə qəbul edilməsinin də arzuolunmaz olduğunu qeyd edib. Südün tərkibindəki kalsium müəyyən antibiotiklərlə qarşılıqlı təsirə girərək onların bağırsaqlardan sorulmasını çətinləşdirə və müalicənin effektivliyini azalda bilər.

Dərman qəbul edən şəxslərə qreypfrut şirəsi ilə bağlı da diqqətli olmaq tövsiyə olunur. Qreypfrutun tərkibindəki bəzi maddələr qaraciyərdə dərmanların parçalanmasında iştirak edən fermentlərin fəaliyyətini zəiflədə bilər. Bu isə preparatların orqanizmdə daha uzun müddət qalmasına və onların əlavə təsirlərinin güclənməsinə səbəb ola bilər.

Sıçov həmçinin kələm, turp və şalğam kimi bəzi tərəvəzlərin müəyyən dərmanların orqanizmdə parçalanmasına təsir göstərə biləcəyini bildirib.

Mütəxəssislər dərman qəbul edən şəxslərə preparatları həkim və ya əczaçının tövsiyələrinə uyğun qəbul etməyi, həmçinin dərmanların qida və içkilərlə mümkün qarşılıqlı təsirlərini nəzərə almağı məsləhət görürlər.

//Gülnarə Abasova, Editor.az