Almaniyada quraqlıq və su ehtiyatlarının azalması səbəbindən 100-dən çox şəhər və rayonda su istifadəsinə müxtəlif məhdudiyyətlər tətbiq edilib.
Editor.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.
Ən sərt tədbirlər Münhendə qüvvəyə minib. Şəhər sakinlərinə bağ hovuzlarını doldurmaq, qazonları sulamaq və avtomobilləri yumaq qadağan edilib. Hannoverdə havanın temperaturu 27 dərəcədən yüksək olduqda bağların suvarılmasına icazə verilmir. Potsdamda isə dövlətə məxsus saray bağlarının suvarılması məhdudlaşdırılıb.
Almaniyanın bir çox şəhər və rayonlarında tətbiq olunan qadağalar əsasən kənd təsərrüfatına aiddir. Belə ki, əkin sahələrinin suvarılması məqsədilə çay və göllərdən nasoslarla su götürülməsinə məhdudiyyət qoyulub.
Münhen Texniki Universitetinin şəhər su təsərrüfatı üzrə professoru Yörq Droyves vəziyyətin az qarlı qış, quraq yaz və anomal isti yayla əlaqəli olduğunu bildirib.
Onun sözlərinə görə, həddindən artıq isti hava, yağıntıların azalması və daha sonra intensiv yağışların müşahidə olunması kimi ekstremal hava hadisələri artıq yeni reallığa çevrilir.
Professor qeyd edib ki, tətbiq edilən məhdudiyyətlər suya tələbatın kəskin artdığı dövrlərdə sistemin həddindən artıq yüklənməsinin qarşısını almağa yönəlib. Belə vəziyyətlərdə çox sayda insanın eyni vaxtda bağları sulaması və hovuzları doldurması içməli su təchizatı sisteminin imkanlarını ciddi şəkildə məhdudlaşdıra bilər.
Droyves Almaniyanın bağların suvarılması və avtomobillərin yuyulmasında içməli sudan istifadə etməsini də tənqid edib. O, alternativ olaraq İspaniya, İtaliya və Yunanıstanda olduğu kimi təmizlənmiş tullantı sularından istifadəni təklif edib.
Professorun fikrincə, bunun üçün mövcud kanalizasiya sisteminə paralel yeni supaylayıcı şəbəkələrin yaradılması tələb olunacaq ki, bu da böyük investisiyalar deməkdir. O, həmçinin su ehtiyatlarının çox olduğu bölgələrdən quraqlıq yaşayan ərazilərə su nəql etmək üçün yeni boru kəmərlərinin çəkilməsini təklif edib.
Mütəxəssis əlavə edib ki, Brandenburq, Bavariya, Aşağı Saksoniya və Reynland-Pfalts da daxil olmaqla, Almaniyanın bir sıra federal torpaqlarında artıq yeraltı su çatışmazlığı ilə üzləşən ərazilər mövcuddur.
//Gülnarə Abasova, Editor.az

