Mərakeş Daxili İşlər Nazirliyi ölkədən İspaniyanın Şimali Afrikadakı Seuta və Melilya anklavlarına qeyri-qanuni miqrasiya axınının kəskin artmasının səbəblərini açıqlayıb.
Editor.az Nazirliyin məlumatına istinadla xəbər verir ki, miqrasiya artımına əsas səbəblər arasında sosial şəbəkələrdə yayılan yanlış məlumatlar, insan alveri ilə məşğul olan qrupların fəaliyyəti və İspaniya məhkəmələrinin qərarlarının düzgün şərh edilməməsi yer alır.
Mərakeş hakimiyyəti hesab edir ki, məhkəmə qərarlarının yanlış anlaşılması bəzi vətəndaşlarda Avropaya getməyin əvvəlkindən daha asan olduğu barədə yanlış təsəvvür yaradıb. Həmçinin miqrantlar İspaniya sərhədini qanunsuz keçməyin ciddi hüquqi nəticələr doğurmayacağına inandırılıblar.
İyulun sonunda on minlərlə mərakeşli miqrant qeyri-qanuni yollarla Şimali Afrikadakı İspaniya ərazisi olan Seutaya daxil olmağa cəhd edib.
Hadisələr İspaniya Ali Məhkəməsinin qeyri-qanuni miqrantların ölkədən dərhal çıxarılmasını qadağan edən qərarından sonra baş verib. Məhkəmə miqrantlara sığınacaq üçün müraciət etmək imkanı yaradılmasını tələb edib.
İspaniyanın La Sexta telekanalının avqustun 2-də yaydığı məlumata görə, Seutaya keçməyə cəhd edən zaman 90 nəfər həyatını itirib. Daha 1149 miqranta isə tibbi yardım göstərilib.
İspaniya daha əvvəl Seutada yaranan miqrasiya böhranı ilə əlaqədar açıqlamalar verib.
//Gülnarə Abasova, Editor.az

